İçərişəhər Azərbaycana gələn turistlərin ən sevimli məkanlarından biridir

Azərbaycan turizmi daha cəlbedicidir, yoxsa Gürcüstan?

338
Nazir müavini, qonşularımızla müqayisədə turistlərə bizim daha münasib qiymətlər təklif etdiyimizi iddia etsə də, ortaya çıxardığımız faktlar tam əksini göstərir.

BAKI, 31 mart — Sputnik. Dünyada neftin qiymətinin aşağı düşməsi Azərbaycanda da ciddi maliyyə sıxıntıları yaradıb. Dövlət büdcəsinin gəlirləri azalıb. Artıq neft erasının bitməkdə olduğuna işarə vuran ekspertlər isə, bu vəziyyətdən çıxış yolu kimi, qeyri-neft sektorunun inkişaf etdirilməsini göstərirlər.

Bu sahədə ən mühüm irəliləyişlərdən biri turzim sektorunu inkişaf etdirmək olar. Amma, xidmətin zəif, hotellərdə qiymətlərin baha, şəraitin yetərli olmadığı bir ölkədə, turizmin inkişafı nə dərəcədə realdır?

Maraqlıdır ki, dünən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycanda hotellerin qiymətlərinin Gürcüstana nisbətən 3-4 dəfə ucuz olduğunu deyib. Sputnik-in əməkdaşının Azərbaycan və Gürcüstanda mövcud hotel qiymətləri ilə bağlı apardığı araşdırma isə, fərqli mənzərə ortaya çıxarıb. Belə ki:

Museum Inn Boutique hotelinin pəncərəsindən görünüş
Museum Inn Boutique hotelinin pəncərəsindən görünüş

Bakı şəhərində yerləşən "Museum İnn" 4 ulduzlu hoteldir. Burada qiymətlər ümumi olaraq 110-160 arası dəyişir. İki nəfərlik üçün 1 günün qiyməti 120 manatdır, menyuya isə yalnız səhər yeməyi daxildir. Bir nəfərlik otaq 100-110 manatadır. Bir neçə gün qaldığınız zaman qiymətlərdə bəzi endirim edilir.

Park Inn by Radisson Baku Hotel
Park Inn by Radisson Baku Hotel

Paytaxtın məşhur "Park İnn" hotelində qiymətlər də ürəkaçan deyil. Standart qiymətlər 1 nəfər üçün 160 manat, üstəlik 30 manat ƏDV, ümumilikdə 190 manat edir. Buraya səhər yeməyi və pulsuz internet daxildir. 2 nəfərlik otaq isə 180 + ƏDV ilə 215 manat edir. Amma qrup halında — 20 nəfər olduqda endirimlər olur.

Ölkənin ikinci böyük şəhəri olan Gəncədə yerləşən "Ramada Palace"da qiymətlər paytaxtla müqayisədə o qədər də ucuz deyil — 1 nəfər üçün 120 manat, 2 nəfər üçün 140 manat. Səhər yeməyi, sağlamlıq mərkəzi və fitnes zal da bura daxildir. 3 gündən artıq qaldıqda və online sifariş etdikdə 15% endirim edilir.

Cənub bölgəsində yerləşən "Luxe Lenkeran" hotelində qiymətlər paytaxtda ucuz olsa da, qonşu ölkə ilə müqayisədə bahadır. Burada 2 nəfərlik otaq 60 manatadır. Səhər yeməyi də içində. Bir nəfərlik otaq isə 40 manatdır.

Nabranda fəaliyyət göstərən istirahət mərkəzlərində isə yay növsümü olmadığından, yalnız bir gecə qalmaq 30-100 manat arası təşkil edir.

Qonşu respublika ərazisində mövcud olan hotellərin qiymətlərinə gəlincə, ötən yay bu ölkədə istirahət etmiş Kamila Əliyevanın sözlərinə görə, Tibilisi və ətraf zonalarda hotellerin bir gecəsinin qiyməti 40 laridən (25-26 manat) 200 lariyədək (130 manat) olan aralıqda dəyişir.

"Gürcüstanda bir gecəsi 40 lariyə, yaxşı şəraiti olan, xeyli sayda 3 ulduzlu hotel tapmaq mümkündür. 4 ulduzdu hotellerin qiymətləri, bizim pulla 35-45 manat arası dəyişir. 5 ulduzlu hotelleri isə 50-60 manata rahatlıqla tapmaq olar", —deyir xanım Əliyeva.

Gürcüstana səfər etmiş turistlər oradakı xidmətdən də çox razı qalırlar. Hər il bu ölkədə istirahət etdiyini deyən Emil Məhərrəmovun sözlərinə görə, orada hotellərdə və digər istirahət məkanlarında müştərilərə yüksək xidmət göstərilir: "Gürcüstan hotelləri nəinki bizdəkindən bahadır, hətta dəfələrlə ucuzdur. Qiymətləri nəzərə alaraq, nəinki xarici turistlər, hətta azərbaycanlılar da öz ölkəmizdə deyil, Gürcüstanda istirahət etməyi üstün tuturlar".

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov isə bu reallığın tam əksini iddia etmişdi: "Biznesini itirən restoran və ya otel qiymətlərin yuxarı olmasını düşünməlidir. Xarici valyuta ilə müqayisədə Azərbaycanda qiymətlər daha cəlbedicidir. Novruz bayramından əvvəl Gürcüstanda olan qiymətlərlə Azərbaycan otellərində olan qiymətləri yanaşı qoyduqda, 5 ulduzlu seqmentdə Bakıda olan brend otellərin 3-4 dəfə, 4 ulduzlu seqmentdə 2 dəfə ucuz olduğunu müşahidə etdik. Amma ölkəmizdə bu sahədə problem 2-3 ulduzlu otellərin az olmasındadır. Çünki 2-3 ulduzlu otellərin tikilməsinə indiyə kimi holdinq və ya sahibkarlar böyük maraq göstərməyiblər. Bu onlara o qədər də cəlbedici görsənməyib. Halbuki 2-3 ulduzlu otelə qoyulan investisiya daha tez qaytarılır, nəinki çox ulduzlu otellərə yatırılan vəsait. Bu baxımdan az ulduzlu otellərlə bağlı sahədə çalışmaq lazımdır".

338
Teqlər:
Nazim Səmədov, hotel, Gürcüstan, turizm, Azərbaycan, turist
Əlaqədar
Veteranlar üçün “Şahdağ” Turizm Mərkəzində istirahət turu təşkil olunub
Turizm fəaliyyəti üçün lisenziya tələb olunmayacaq
İki rayonun mədəniyyət və turizm şöbəsinin müdiri vəzifədən qovuldu
Xaricdəki münaqişələr Azərbaycan turizmini də vurdu
Turizm yeni perspektivlər vəd edir