İlham Əliyev İlhamə Quliyevanın vəfatı ilə bağlı başsağlığı verib

© prezident.azİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan estradasının istedadlı nümayəndəsi, tanınmış müğənni və səmimi insan İlhamə Məzahir qızı Quliyevanın xatirəsi onu sevənlərin qəlbində həmişə yaşayacaq.

BAKI, 25 fev-Sputnik. Başda prezidenti İlham Əliyev olmaqla, Azərbaycanın dövlət və hökumət rəsmiləri, mədəniyyət xadimləri xalq artisti İlhamə Quliyevanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Sputnik-ə daxil olan başsağlığında deyilir:

Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib. Müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndələrindən biri, respublikanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü İlhamə Məzahir qızı Quliyeva 2016-cı il fevralın 25-də ömrünün 73-cü ilində vəfat edib.

İlhamə Quliyeva 1943-cü il avqust ayının 17-də Lənkəran şəhərində anadan olub. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

İlhamə Quliyeva - Sputnik Azərbaycan
Azərbaycanın xalq artisti İlhamə Quliyeva vəfat edib

Əmək fəaliyyətinə hələ tələbə ikən müxtəlif musiqi kollektivlərində çıxışlarla başlayan İ. Quliyeva öz istedadı sayəsində musiqi sənətinin incəliklərinə dərindən yiyələnərək tanınmış ifaçılar sırasında özünəməxsus yer tutub. O, 1965-1970-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada-simfonik orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1980-ci ildən etibarən uzun müddət ərzində Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olub.

Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərmiş ailənin nümayəndəsi olan İ. Quliyeva yarım əsrlik yaradıcılıq fəaliyyəti dövründə müasir musiqi mədəniyyəti xəzinəmizə töhfələr vermiş sənətkarlardandır. O, səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, eyni zamanda Azərbaycan estrada sənətinə yeni ab-hava gətirib. Özünün yüksək peşəkarlığı, orijinal ifaçılıq məharəti və dərin musiqi duyumu ilə seçilən müğənni görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilk və mahir ifaçısı kimi tanınırdı. Pərəstişkarlarının böyük rəğbətini və məhəbbətini qazanan İ. Quliyeva öz repertuarını musiqi həvəskarlarının geniş auditoriyasına sevdirdiyi yeni mahnılarla daim zənginləşdirib.

İlhamə Quliyeva - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
İlhamə Quliyeva II Fəxri xiyabanda dəfn ediləcək

Azərbaycan musiqisinin yorulmaz təbliğatçılarından biri olaraq İ. Quliyeva musiqi mədəniyyətimizi dünyanın çox sayda ölkəsində konsert proqramlarındakı uğurlu çıxışları ilə təmsil edib.

İ. Quliyevanın müasir Azərbaycan musiqi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində xidmətləri lazımınca qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə xalq artisti fəxri adlarını alıb. Müğənni 2002-ci ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət", 2013-cü ildə isə "Şərəf" ordenlərinə layiq görülüb.

Azərbaycan estradasının istedadlı nümayəndəsi, tanınmış müğənni və səmimi insan İlhamə Məzahir qızı Quliyevanın xatirəsi onu sevənlərin qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Zeynəb Xanlarova
Siyavuş Kərimi
Elmira Rəhimova
Yalçın Rzazadə
Faiq Sücəddinov
Mübariz Tağıyev
Eldar Mansurov
Ağadadaş Ağayev.

Xəbər lenti
0