Dollar və manat. Arxiv şəkliо

İşin ortasında qəfildən manat "ölərsə"...

514
(Yenilənib 18:42 04.02.2016)
Devalvasiya QHT sektoruna da mənfi təsirlərini buraxıb: "Yeni donorlar, mənbələr axtarmalı, dövlət və özəl sektordan, beynəlxalq təsisatlardan yeni maliyyə mənbələri əldə etməliyik"

BAKI, 2 fev — Sputnik. Milli valyutamızın bir ildə iki dəfə devalvasiyaya məruz qalması cəmiyyətin bütün sferalarına təsir edib. Xüsusilə 21 dekabr devalvasiyasının sarsıdıcı təsirlərini ən müxtəlif təbəqələr öz üzərində hiss edir.

Dolların bahalaşması, cəmiyyətin önəmli sütunlarından olan vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə necə təsir edib? QHT-lərin maddi-texniki təminatı, layihələrinin maliyyələşdirilməsi bundan sonra necə olacaq? Sputnik əməkdaşı bu suallara aydınlıq gətirmək üçün QHT sədrlərinə müraciət edib.

Rauf Zeyni, Milli QHT forumunun prezidenti
Rauf Zeyni, Milli QHT forumunun prezidenti

Milli QHT Forumunun prezidenti Rauf Zeyninin sözlərinə görə, qeyri-hökumət təşkilatlarının maliyyəsi ilə əlaqədar hazırda ciddi problem yoxdur: "Ümumiyyətlə, QHT-lərin maliyyə ehtiyacları böyükdür. Amma bu, devalvasiya ilə əlaqəli deyil. Ümumiyyətlə biz daha böyük layihələri gözləyirik. Dövlət sosial sifarişi olarsa, dövlət partnyor kimi QHT-lərin potensialından daha çox istifadə edərsə, bu, QHT-lərə daha çox layihələrin daxil olması, əldə edilməsi deməkdir. Eyni zamanda, müəyyən mənada maliyyə vəziyyətin yaxşılaşdırılması deməkdir".

"Amma indiki halda Azərbaycan xalqı, əhalisi devalvasiyadan nə qədər əziyyət çəkibsə, nə qədər onun maddi vəziyyətinə təsir edibsə, QHT-lərin də maddi vəziyyətinə bu, müəyyən mənada təsir göstərib", — Rauf Zeyni deyib.

Bu baxımdan o, hesab edir ki, yeni donorlar, mənbələr axtarılmalıdır: "Dövlət və özəl sektordan, beynəlxalq təsisatlardan yeni maliyyə mənbələri axtarmalıyıq və əldə etməliyik ki, QHT-lərin inkişafını, QHT-lərin bundan sonrakı fəaliyyətini təmin edək".

"Demokratik Seçki Mərkəzi" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli də hələlik elə də sıxıntı yaşamadıqlarını deyib: "Çünki, ildə bir-iki dəfə layihələr elan olunur, bu da əvvəlki qaydası ilə gedir. Amma təbii ki, bu, arta və ya azala bilərdi. Artmadığı kimi, azalmalar da olmayıb".

Qorxmaz İbrahimli_Aydınlar Partiyası sədrinin birinci müavini
bizimyol.info
Qorxmaz İbrahimli_Aydınlar Partiyası sədrinin birinci müavini

"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva isə deyib ki, QHT-lərlə bağlı mövcud qanunvericilikdə son dövrlərdə edilən dəyişikliklər QHT-lərin vəziyyətini bir qədər ağırlaşdırmışdı: "Üstəgəl, devalvasiyanın baş verməsi, manatın sürətli şəkildə ucuzlaşması vəziyyəti bir az da ağırlaşdırdı. Qanunvericilikdə edilən dəyişikliklərə görə, QHT-lərin beynəlxalq təşkilatlardan, xarici donorlardan qrant alması və bu layihələrin icrası mexanizmləri kifayət qədər ağırlaşdırıldı. Bu səbəbdən də artıq bir çox yerli QHT-lər qrantlar üçün xarici təşkilatlara, donorlara müraciət etməmək qərarına gəldilər. Bu da ciddi şəkildə QHT-lərin maliyyə vəziyyətinə təsir etdi. Ümumiyyətlə, xaricdən qrantlar gəlməyəndə, QHT-lər öz ümidlərini təkcə yerli donorlara bağlayırlar".

Onun sözlərinə görə, QHT-lərin əksəriyyətinin nazirliklərə, dövlət fondlarına, digər dövlət qurumlarına qrant layihəsi ilə müraciət etmək imkanları məhdudur: "Çünki, tenderlər açıq deyil. QHT-lərin çoxusu nazirliklərin, dövlət komitələrinin elan etdikləri tenderlərdən xəbər tutmurlar. Yəni, şəffaf deyil bu tenderlərin elan edilməsi və keçirilməsi prosesi".

İctimai Birliyin sədri bildirib ki, ölkə QHT-lərinin əksəriyyəti ümidini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Dövlət Gənclər Fonduna bağlayır: "Şura ildə iki dəfə maliyyə müsabiqəsi elan edir. QHT-lərin bu maliyyə müsabiqələrində iştirak etmək hüququ var. Sadəcə QHT Şuradan ildə yalnız bir dəfə maliyyə yardımı ala bilər. O məbləğlər də olduqca azdır".

Улькер Исмаилгызы
Улькер Исмаилгызы

Devalvasiya məsələsinə gəlincə, Ü.Abdullayeva Şuranın qrantları manatla verdiyini bildirib: "Manatın devalvasiyaya nə qədər uğramasından asılı olmayaraq, indeksləşmə nəzərdə tutulmur. Bu da ona gətirib çıxarır ki, layihənin icrası zamanı qəfildən devalvasiya baş versə, artıq təşkilat bu layihəni öz vəsaitləri hesabına icra etmək məcburiyyətində qalacaq. Bir çox hallarda layihəni icra etmək imkansız olacaq ki, QHT-nin də layihəni dondurmaqdan başqa çarəsi qalmayacaq. Belədə Şuraya müraciət edəcək ki, artıq layihəni icra edə bilmir. Şura da maliyyə yardımını dayandıracaq. Ölkədə QHT-lər çoxdur, Şuranın isə vəsaitləri azdır. Şura məcburdur ki, QHT layihələrinin icrasına cüzi vəsaitlər ayırsın. Eşitmişəm ki, son vaxtlar hətta bir sıra QHT-lər öz fəaliyyətini dondurmaq məcburiyyətində qalıblar. Ümid edirik ki, hakimiyyət, eyni zamanda ali qanunverici orqan QHT-lərin vəziyyətini nəzərə alaraq qanunvericilikdə müəyyən məsələlərlə bağlı düzəlişlər edəcək, QHT-lərin fəaliyyətini ağırlaşdıran maddələr, ciddi məhdudiyyətlər aradan qaldırılacaq və xaricdən qrantların ölkəyə cəlb edilməsi proseduru bir qədər yüngülləşdiriləcək".

514
Teqlər:
"Demokratik Seçki Mərkəzi", Rauf Zeyni, Milli QHT Forumu, QHT, Qorxmaz İbrahimli, Ülkər Abdullayeva, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi, devalvasiya, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, manat, dollar
Əlaqədar
QHT-lərin dərdi nədi?
QHT-lər nazirliyin fəaliyyətinə nəzarət edəcəklər
QHT sədri "Yeni Sabah"ı silahla qurmaq istəyirmiş
Beynəlxalq QHT-lər yalnız sahiblərinin sifarişini yerinə yetirir
Deputat: Həbsdəki QHT üzvləri Azərbaycana faydalı ola bilərdilər
Əli Həsənov QHT-nin ofisinin açılışında iştirak edib