beyin

Azərbaycan təşkilatı dünyanın ən güclüləri sırasına daxil edilib

105
(Yenilənib 14:35 02.02.2016)
Beynəlxalq qiymətləndirmədə Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi elan edilib.

BAKI, 2 fev-Sputnik. Dünən Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil qərargahında ABŞ-ın Pensilvaniya Universitetinin (University of Pennsylvania)hazırladığı dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı beynəlxalq hesabatının təqdimatı olub.

Sputnik Universitetin rəsmi upenn.edu saytına istinadən xəbər verir ki, hesabatın təqdimatı eyni zamanda dünyanın 100-dən artıq ölkəsində də təşkil edilib.

Sözügedən sənədin beynəlxalq maliyyə qurumlarında, o cümlədən, Dünya Bankında da təqdimatı olub.

Qlobal reytinqlər müəyyənləşdirilən zaman dünyanın 182 ölkəsini təmsil edən 6545 beyin mərkəzi arasında sorğu keçirilib və sorğunun nəticələri 1500 ekspert tərəfindən qiymətləndirilib.

Beynəlxalq qiymətləndirmədə Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi elan edilib. CESD hesabatda əksər kateqoriyalar üzrə dünyanın aparıcı beyin mərkəzləri siyahısına daxil olub.

CESD-in rəhbəri, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, artıq CESD 7 ildir ki, Cənubi Qafqaz və Orta Asiya regionunda ən güclü beyin mərkəzi statusunu qoruyub saxlayıb. "Hələlik dünyada yeganə qlobal qiymətləndirmə olan və kifayət qədər nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycan təşkilatı olması sevindirici olmaqla yanaşı, eləcə də mərkəzimizin regional elmi və praktik tədqiqatlara töhfəsinin səviyyəsini göstərir. CESD regionun top beyin mərkəzi olmaq üçün Cənubi Qafqazın 3, Orta Asiyanın 5 ölkəsini və eləcə də Əfqanıstanı təmsil edən təşkilatlarla rəqabət aparıb." — deyə Vüqar Bayramov Sputnik-ə bildirib.

Onun sözlərinə görə, regionda birinci olmaq CESD üçün yeni prioritetlər müəyyənləşdirməklə yanaşı ciddi məsuliyyət də formalaşdırır: "Bu il də biz regionla yanaşı qlobal arenadakı mövqeyimizi də qoruyub saxlamağa, gücləndirməyə çalışacağıq."

Pensilvaniya Universitetinin hesabatı
Pensilvaniya Universitetinin hesabatı

Aparıcı beyin mərkəzlərinə mükafatların təqdim edilməsi mərasimi bu ilin mayında Yaponiyanın paytaxtı Tokyo şəhərində təşkil olunacaq. CESD Cənubi Qafqaz və Orta Asiyanı sözügedən tədbirdə təmsil edəcək.

Hesabatın tam mətni ilə Pensylvaniya Universitetinin internet səhifəsində tanış olmaq olar.

Ötən ilin dekabrında Çin Elmlər Akademiyasının hazırladığı hesabatda da CESD dünyanın 100 ən güclü beyin mərkəzi siyahısına daxil edilmişdi.

105
Teqlər:
Tokio, Beyin Mərkəzi, Cənubi Qafqaz, University of Pennsylvania, Birləşmiş Millətlər Təşkilatı, qlobal, CESD, Nyu-York, BMT, Orta Asiya, Yaponiya, Azərbaycan
Əlaqədar
Azərbaycan təşkilatı dünyanın ən güclü 100 beyin mərkəzi sırasında