İlham Əliyev

İlham Əliyev dünya azərbaycanlılarını təbrik etdi

21
Prezident: Son dövrlər dünyanın müxtəlif guşələrində hərbi-siyasi münaqişələrin və iğtişaşların artmasına baxmayaraq, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, hakimiyyət və xalq arasında etimad mühiti daha da möhkəmlənib.

BAKI, 24 dek-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev 31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə dünya azərbaycanlılarını təbrik edib.

Sputnik-in məlumatına görə, dövlət başçısının müraciətində deyilir:

"Əziz həmvətənlər! Hörmətli soydaşlar! Vətən təəssübkeşliyi, doğma yurda və milli-mənəvi dəyərlərə bağlılıq kimi nəcib hisslər aşılayan 31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində sizi salamlayır, hər birinizə xoş arzu və diləklərimi çatdırıram.

Bütün soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək mütəşəkkil qüvvəyə çevrilməsi məsələsinə xüsusi diqqət yetirən ümummilli lider Heydər Əliyev bu sahədə tarixi qərarlar qəbul etmiş, xaricdə məskunlaşmış həmvətənlərimizin hüquqlarının qorunmasına, diaspor quruculuğunun geniş vüsət almasına yönələn əhəmiyyətli tədbirlər həyata keçirib. Aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq, bu gün diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsi və respublikamızın digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərinin dərinləşməsi işinə öz töhfələrini verirlər.

Hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, hamımızın doğma vətəni olan Azərbaycan Respublikasında 2015-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanılıb, müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilib. Ölkəmiz Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə bağlayan nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. İlin əvvəlində təməli qoyulmuş TANAP layihəsi də daxil olmaqla, zəngin qaz ehtiyatlarımızın dünya bazarlarına nəqli sahəsində nəzərdə tutduğumuz planların gerçəkləşdirilməsi Azərbaycanın etibarlı enerji təchizatçısı kimi beynəlxalq aləmdəki rolunu daha da artıracaq, respublikamızın gələcək inkişafı və xalqımızın rifahının yüksəldilməsi yolunda yeni perspektivlər açacaq.

Bu il Azərbaycan böyük idman bayramına — Birinci Avropa Oyunlarına ev sahibliyi edib. Qitənin 50 ölkəsinin idmançılarının iştirakı ilə keçirilən bu tədbir yüksək səviyyədə təşkil olunub, beynəlxalq ictimaiyyətdə dövlətimizin potensialı, xalqımızın çoxəsrlik tarixi və zəngin mədəniyyəti, qonaqpərvərliyi və tolerantlıq ənənələri barədə müsbət təəssüratlar yaradıb.

Son dövrlər dünyanın müxtəlif guşələrində hərbi-siyasi münaqişələrin və iğtişaşların artmasına baxmayaraq, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, hakimiyyət və xalq arasında etimad mühiti daha da möhkəmlənib. Noyabr ayında demokratik və şəffaf şəraitdə keçirilmiş növbəti parlament seçkiləri də cəmiyyətin nikbin əhval-ruhiyyəsinin, xalqımızın aparılan siyasətə dərin rəğbətinin parlaq təzahürü olub.

Təəssüflə qeyd etməliyəm ki, Ermənistanın təcavüzkar siyasəti və qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həllini tapmayıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamımızı narahat edən taleyüklü problem kimi qalır. Bu gün Azərbaycan Respublikası güclü iqtisadiyyata və torpaqlarımızı hər an işğalçılardan azad etməyə hazır olan qüdrətli orduya malikdir. Lakin biz yenidən qan tökülməsinin qarşısını almaq, regionda gərginliyi artırmamaq məqsədilə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində dinc yolla ədalətli həllinə çalışırıq. Hesab edirəm ki, bundan sonra da səylərimizi birləşdirməli, işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda ardıcıl və məqsədyönlü iş aparmalıyıq. Bu sahədə diaspor təşkilatlarımızın da üzərinə mühüm vəzifələr düşür. Azərbaycanın suverenliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsinə öz həmrəyliyimiz və birgə fəaliyyətimizlə sanballı töhfə vermək bizim başlıca amalımız olmalıdır.

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq və işlərinizdə uğurlar arzulayıram".

21
Teqlər:
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ, Dağlıq Qarabağ, Birinci Avropa Oyunları, layihə, TANAP, Ermənistan, erməni, Asiya, Avropa, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Azərbaycan prezidenti İlham Əliyev, İlham Əliyev
Əlaqədar
İlham Əliyevin siyasi olimpə gedən yolu
İlham Əliyev manatın dəyərdən düşməsinin səbəbini açıqladı
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri

Cəbrayıl Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayıldı

44
(Yenilənib 19:21 25.10.2020)
Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb.

BAKI, 25 oktyabr — Sputnik. Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb. Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.
Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.
Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.
Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.
Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.
Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.
Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.
Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.
Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.
Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.
Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.
Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.
Oktyabrın 22-də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.
Oktyabrın 23-də Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri işğaldan azad edilib.
44

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

27
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

27
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə