Əli Həsənov: “Üzən məzənnə”yə keçid cəmiyyət üçün itkisiz başa gəlmir

894
(Yenilənib 00:27 22.12.2015)
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun AZƏRTAC-a müsahibəsi.

- Əli müəllim, məlum olduğu kimi, dünən Mərkəzi Bankın İdarə Heyəti ölkə ərazisində manatın “üzən məzənnə rejimi”nə keçilməsi barədə qərar qəbul edib. Bununla bağlı cəmiyyətdə müxtəlif rəylər və təhlillər səslənir. Sizcə həmin qərar hansı zərurətdən irəli gəlib və ölkədə bu sahə üzrə sonrakı proseslərə necə təsir göstərəcək?

— Bildiyiniz kimi, Azərbaycan hakimiyyəti milli valyutamızın sabit qalması üçün dünənə qədər mümkün olan bütün addımları atdı və tədbirləri gördü. Baxmayaraq ki, neft istehsal edən əksər ölkələr, o cümlədən Azərbaycanın yaxın ticarət və iqtisadi tərəfdaşları, MDB ölkələri öz pul siyasətlərinə xeyli əvvəl dəyişiklik etmişdilər. Mütəxəssislər yaxşı bilirlər ki, valyutanın sabitliyinin müdaxilə yolu ilə qorunması dövlətə nə qədər çətin itkilər hesabına başa gəlir. Lakin o da bəllidir ki, “üzən məzənnə”yə keçid də cəmiyyət üçün itkisiz başa gəlmir və özü ilə bir çox sosial-iqtisadi problemlər gətirir, dövlətin daxili həyatına, ictimai rəyə mənfi təsirsiz ötüşmür. Son günlər Azərbaycanda hamıya bəlli idi ki, “üzən məzənnə”yə keçid prosesi qaçılmaz həddə çatıb və Milli Bank bununla hesablaşmaq məcburiyyətindədir. Bilirsiniz ki, neçə vaxtdır dünyada iqtisadi böhran yaşanır, ölkələrin əksəriyyətində milli istehsal və gəlirlər azalır, valyutalar dəyərini itirir. İqtisadi qüdrətindən və potensialından asılı olmayaraq, əksər ölkələrdə, — dünyanın ən qüdrətli dövlətlərindən olan Çindən tutmuş, kiçik dövlətlərə qədər, – bütün ölkələrdə milli valyuta sürətlə dəyərdən düşür. Bizim ən yaxın ticarət tərəfdaşlarımız – Rusiya, Türkiyə, İran, Qazaxıstan, Gürcüstan və digərlərinin milli valyutaları çoxdan sərbəst buraxılmışdı ki, bu da onlar ilə iqtisadi və ticarət əlaqələrimizə problemlər yaradırdı.

Azərbaycanın daxili istehsalı manatın sabit və yüksək məzənnəsi səbəbindən getdikcə aşağı düşürdü. Belə bir vəziyyətdə manatın məzənnəsinin sərbəstləşdirilməsi qaçılmaz idi. Yalnız Azərbaycan hakimiyyəti əhalinin sosial vəziyyətinə mənfi təsir göstərə biləcək prosesləri mümkün qədər ağrısız etməyə və ləngitməyə çalışırdı. Amma, bilirsiniz ki, ölkəmiz qlobal dünyanın bir hissəsidir və biz də planetimizdə yaşanan iqtisadi proseslərlə ayaqlaşmaq, buna uyğunlaşmaq məcburiyyətində qaldıq.

Bir faktı da qeyd etmək istəyirəm ki, Azərbaycan neft ölkəsidir və bizim kimi ölkələr dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neftin kəskin ucuzlaşması amilini nəzərə almaya bilməz. Bu ilin əvvəlindən dünya bazarlarında neft və neft məhsullarının qiyməti 3 dəfə ucuzlaşıb. Bu hal müvafiq olaraq, Azərbaycanın neft gəlirlərinin də 3 dəfə azalması deməkdir. Əsas gəlir mənbəyi neft olan digər ölkələr, o cümlədən bizim yaxın qonşularımız artıq bu ilin əvvəlindən milli valyutalarının məzənnəsini sərbəst buraxmaq məcburiyyətində qaldığı halda, Azərbaycan Milli Bankı bu kəsiri uzun müddət öz ehtiyatları hesabına ödəməyə çalışdı. Lakin bu prosesi daim valyuta ehtiyatları hesabına tənzimləmək gələcəkdə ölkənin iqtisadi vəziyyətinə daha böyük zərbələr vura bilərdi. Çünki dünya bazarlarında neftin qiymətlərinin yaxın vaxtlarda bahalaşmayacağı hamıya aydındır. Təbii ki, bu, yalnız obyektiv bazar qanunları ilə bağlı proses deyil, ortada subyektiv səbəblər də var və bunun ən başlıcası ABŞ-Rusiya münasibətləridir. Hadisələri izləyən hər kəs üçün aydındır ki, Rusiya ilə geosiyasi rəqabətin gücləndiyi bir şəraitdə Birləşmiş Ştatlar öz rəqibini iqtisadi cəhətdən zəiflətmək üçün dünya bazarında neftin qiymətlərinə süni yolla təsir göstərmək siyasətini seçib. Bunun üçün Vaşinqton əvvəlcə OPEK-i nəzarətə götürdü və bu təşkilatın qiymətlərlə bağlı qərar qəbul etmək imkanını müxtəlif üsullarla məhdudlaşdırdı. Bunun ardınca Birləşmiş Ştatlar xaricə neft satışına qoyulmuş 40 illik qadağanı ləğv etdi. Nümayəndələr Palatasının bu qadağanın ləğvi barədə qanun layihəsini dəstəkləməsi dünya bazarlarında neftin sürətlə ucuzlaşması fonunda baş verirdi. Bu qərarı da iqtisadiyyat qanunları ilə izah etmək mümkün deyil. Çünki ABŞ-ın neft satışına qiymətin rekord həddə yüksək — az qala 150 dollar olduğu zaman deyil, rekord həddə ucuz – 37 dollar olan zaman başlaması sübut edir ki, məqsəd, qanun layihəsində göstərildiyi kimi, “iqtisadi inkişaf və istehsalatın artmasından çox, qiymətlərin bu yolla tənzimlənməsindən” ibarətdir. Nəhayət, neft satışına qoyulan qadağanın ləğvi ilə eyni vaxtda ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması da dolların mövqeyini möhkəmləndirməklə yanaşı, digər ölkələrin valyutalarını zəiflətdi. Bu, onsuz da ucuzlaşmış nefti bir qədər də qiymətdən saldı və nəticədə neft satan ölkələrin gəliri daha da azaldı. Azərbaycanın qonşusu olan İranın da gələn ildən öz neftini dünya bazarına çıxarmağa hazırlaşdığını nəzərə alsaq, bu prosesin yaxın vaxtlarda nizama düşməsi çox mürəkkəb görünür.

Bir sözlə, dünyadakı iqtisadi böhran, Azərbaycanın ən yaxın ticarət tərəfdaşlarının milli valyutalarının sərbəst buraxılması, üstəlik beynəlxalq konyuktura, neftin kəskin ucuzlaşması və s. Milli Bankın son qərarını qaçılmaz edib. Lakin bu, o demək deyil ki, hakimiyyət bu prosesi öz axarına buraxıb heç bir tənzimləyici mexanizmlərdən istifadə etməyəcək. Hökumətimiz ilk növbədə, çalışacaq ki, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün bu prosesi maksimum ağrısız etsin. İndiki şəraitdə daxili istehsalın stimullaşdırılması, kölgə iqtisadiyyatının hələ də haradasa qalan digər sahələrini – monopoliyaları, korrupsiya hallarını, sahibkarların fəaliyyətinə süni maneələr törədilməsini və s. aradan tam qaldırmaq üçün bütün addımlar atılacaq. İndiki mərhələdə əsas məqsəd devalvasiyanın qaçılmaz olan mənfi fəsadlarını yeni bazar mexanizmləri ilə kompensasiya etməkdir. Vətəndaşlarımız əmin olsunlar ki, Azərbaycan hakimiyyəti bunun üçün bütün lazımi tədbirləri görəcəkdir.

- Bu yaxınlarda ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit Konqresə Azərbaycana qarşı bəzi sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim edib. Bu təşəbbüsü necə qiymətləndirirsiniz və onun perspektivini necə görürsünüz?

— Bilirsiniz, Azərbaycan belə məsələlərə yanaşmada ayrı-ayrı ermənipərəst siyasətçilərin deyil, tərəfdaş olduğu dövlətlərin rəsmi mövqeyini əsas götürür və siyasətini də bu mövqeyə uyğun olaraq qurur. Kris Smitin bu qərəzli addımı isə hələ ABŞ rəsmilərinin və Ağ Evin mövqeyi demək deyil. Bu konqresmeni Azərbaycanda yaxşı tanıyırlar, onun hələ 2000-ci illərdən mütəmadi olaraq ermənipərəst bəyanatlar və təşəbbüslərlə çıxış etdiyini, hər vəchlə Azərbaycanın ABŞ ilə münasibətlərinə kölgə salmağa çalışdığını, özünü Konqresdə seçildiyi Nyu-Cersinin deyil, sanki Ermənistanın Abovyan vilayətinin təmsilçisi kimi apardığını çox yaxşı bilirik. Kris Smit ABŞ-ın qondarma “erməni soyqırımı”nın tanıması üçün canfəşanlıq edən çoxsaylı ermənipərəst konqresmenlərdən biridir. Elə bu il ərzində o, bir neçə dəfə “soyqırımı”nın tanınması zərurəti ilə bağlı bəyanat verib, hətta ABŞ Prezidentinə müvafiq yalvarış-müraciət də imzalayıb. Bir sözlə, bu adamın reputasiyasına münasibətim necədirsə, onun hazırladığı layihəyə də eynilə o cürdür. Əsas odur ki, indiyədək rəsmi Vaşinqton K.Smitin nə “erməni soyqırımı”, nə də Azərbaycana qarşı hər hansı təşəbbüslərinə əhəmiyyət verməyib. Odur ki, bu məsələni ciddiyə almaq lazım deyil. Ümid edirik ki, Smitin budəfəki hərəkəti də ABŞ rəsmiləri tərəfindən rədd ediləcək və bu layihə ermənipərəst qüvvələrin həyata keçməyən növbəti arzularından biri olaraq tarixə düşəcək. Əslində, Smit xarakterli siyasətçilər hər bir ölkədə var. Azərbaycanda da ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə ermənipərəst mövqedən yanaşdığını, ölkəmizə qarşı bəzən qərəzli mövqedən çıxış etdiyini, erməni diasporu və lobbisinin təsiri altına düşdüyünü düşünən insanlar var. Onlar da Azərbaycan hakimiyyətindən ABŞ ilə strateji tərəfdaşlığa son qoyulmasını, ölkəmizə qarşı qərəzli yanaşmalara adekvat cavab verilməsini tələb edirlər. Lakin qeyd etdiyim kimi, biz bütün digər ölkələrlə əlaqələrdə olduğu kimi, ABŞ ilə də münasibətlərin inkişafında maraqlıyıq, ayrı-ayrı çağırışların ikitərəfli münasibətlərə xələl gətirməsinə imkan vermirik.

Amma təbii ki, ABŞ rəsmi şəkildə bu qərəzli layihəyə dəstək verərsə, ermənipərəst qüvvələrin “oyunu”na gedərsə, o zaman Azərbaycan hakimiyyəti buna lazımi reaksiya verəcək. Buna heç kəsin şübhəsi olmasın.

894
Xalq artisti Arif Babayev, arxiv şəkli

Xalq artisti koronavirusa yoluxub

1
Gültəkin xanım: "Qanını yoxladılar, pozitiv çıxıb. Mən qripəm, məndə neqativ çıxıb, amma o məndən daha gümrahdır. Müalicəsi evdə davam edir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev koronavirusa yoluxub.

Bununla bağlı Sputnik Azərbaycan-a məlumat verən Arif Babayevin həyat yoldaşı Gültəkin Babayeva bildirib ki, sənətkarın vəziyyəti stabildir: "Bildiyiniz kimi, Arif Babayev bir müddət öncə insult keçirib. Ona görə də vaxtaşırı Mərkəzi klinik xəstəxanaya müayinəyə gedirik. Qanını yoxladılar, pozitiv çıxıb. Mən qripəm, məndə neqativ çıxıb, amma o məndən daha gümrahdır. Müalicəsi evdə davam edir" .

Məlumat üçün bildirək ki, Arif Babayev XX əsrin ikinci yarısından etibarən Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

O, müxtəlif illərdə "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti", "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı və "Şərəf" ordeni ilə təltif olunub.

1
Teqlər:
xalq artisti, Koronavirus, yoluxma, Arif Babayev
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: "Bəyanata müdaxilə etmək cəhdləri var"

7
(Yenilənib 13:24 01.12.2020)
"Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib".

BAKI, 1 dekabr — Sputnik. "Danışıqlar prosesi ilə əlaqədar onu da bildirməliyəm, - istəyirəm Azərbaycan xalqı bu məlumatı məndən eşitsin, - təsadüfi deyil ki, işğalda olan rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi. Ancaq burada da mərhələli həll nəzərdə tutulurdu. Biz də bunun tərəfdarı idik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

"Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. O başqa məsələdir ki, Ermənistan, sadəcə olaraq, danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu bizə qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda onların mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan məsələlər. Mən deyə bilərəm, bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər.

Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir", - deyə Prezident qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

7
Teqlər:
Laçının azad olunması, Prezident İlham Əliyev, Üçtərəfli bəyanat