BAKI, 14 dek-Sputnik. Əziz Cəmil oğlu Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin edilib.
Bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Əliyev Əziz Cəmil oğlu 16 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı şəhəri 134 saylı orta məktəbi bitirib.
1992-ci ildə Nyu-York Universitetində təhsilə başlayıb və 1999-cu ildə həmin universiteti bitirib. 1999-cu ilin İyul ayından 2002-ci ilin İyul ayınadək Pittsburg Tibb Universitetində (ABŞ) rezidentura təhsili alıb. Rezidentura müddəti ərzində üz-çənə cərrahiyyəsi, müxtəlif bölmələr və baş-boyun şişlərin cərrahiyyəsi üzrə rotasiyalardan keçib.
Əziz Əliyevin ABŞ-da müdafiə etdiyi elmi işi 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilib, tibb elmləri namizədi dissertasiyası kimi təsdiq edilib və ona tibb elmləri namizədi alimlik dərəcəsi verilib. 2006-cı ilin sentyabrından 2011-ci ilin dekabrınadək Azərbaycan Tibb Universitetinin üz-çənə cərrahiyyəsi kafedrasında dosent vəzifəsində çalışıb. 2008-ci ilin martında "Xərçəng və şiş ərəfəsi proseslər zamanı ağız boşluğunun selikli qişasında hormonlar və molekulyar-bioloji markerlər" («Гормоны и молекулярно-биологические маркеры при раке и предопухолевых процессах слизистой оболочки полости рта») mövzusunda tibb elmləri doktoru dissertasiyasını uğurla müdafiə edib.
Əziz Əliyev 2011-ci ildən 2013-cü ilədək Barmherzigen Schwestern (Lints, Avstriya) klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində çalışıb.
2013-cü ildən Azərbaycan Tibb Universitetinin müalicə işi üzrə prorektoru vəzifəsində çalışıb.
2013-cü ildən Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində çalışıb. Evlidir, iki övladı var.
BAKI, 24 yanvar - Sputnik. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu gün axşam Azərbaycana rəsmi səfərə gəlib.
Sputnik Azərbaycan xəbər verir ki, Zərif hava limanında jurnalistlərə açıqlamasında qardaş Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın torpaqlarını azad etdiyinə görə sevinc hissi keçirdiyini deyib.
Zərif səfər müddətində əsas müzakirə ediləcək istiqamətləri də açıqlayıb:
“Əsas müzakirə mövzusu bölgədəki regional əməkdaşlıqdır. Bu da bizim üçün çox vacibdir. İran İslam Respublikası regiondakı ölkələrlə ikitərəfli yaxın münasibətlərə üstünlük verir”.
İran XİN rəhbərinin sözlərinə görə, sabah azərbaycanlı rəsmilərlə Dağlıq Qarabağdakı vəziyyət, əməkdaşlıq və azad olunmuş ərazilərdə yenidənqurma, eləcə də təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar olacaq.
Zərif azərbaycanlı məcburi qaçqınların azad edilmiş doğma torpaqlarına qayıtmasına da münasibət bildirib. Qeyd edib ki, bu məsələ də danışıqlar masasında müzakirə ediləcək. Səfər çərçivəsində, həmçinin, Şimal-Cənub və Cənub-Qərb dəhlizləri ilə bağlı məsələlərə də toxunulacaq.
İranlı diplomat əlavə edib ki, Azərbaycandan sonra Rusiya, Ermənistan, Gürcüstan və yaxın günlərdə - həftə sonu Türkiyəyə də səfər edəcəyi planlaşdırılıb.
BAKI, 24 yanvar - Sputnik. Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.
Ağayev Vüsal Əhməd oğlunun idarə etdiyi "Toyoto" markalı avtomobil əvvəlcə Ruslan Mircəfərovun idarə etdiyi eyni markalı avtomobilə çırpılıb.
V.Ağayevin idarə etməsindən çıxan maşın daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.