İlham Əliyev

İlham Əliyev: Böhran hələ davam edir

46
(Yenilənib 10:33 05.11.2015)
Prezident deyib ki, Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir.

BAKI, 5 noy-Sputnik. "Zaqatala aeroportunun yenidən qurulması və zolağın uzadılması prosesi başa çatandan sonra bu aeroport beynəlxalq status alacaq. Ümumiyyətlə, Zaqatala aeroportunun inşa edilməsi mənim təşəbbüsüm idi və aeroport tikildi. İndi isə qarşıya vəzifə qoyulub ki, zolaq daha da uzadılsın, bütün növ təyyarələr buraya enə bilsin. Belə olan halda həm beynəlxalq uçuşlar həyata keçiriləcək, həm də turistlərin axını daha da artacaq".

Sputnik Azərtac-a istinadən xəbər verir ki, bunu noyabrın 4-də prezident İlham Əliyev Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib ki, Zaqatalanın çox gözəl təbiəti var, görməli yerləri, tarixi və qədim memarlıq abidələri çoxdur: "Mən çox istəyirəm ki, Azərbaycan vətəndaşları bunu görsünlər və ilk növbədə, daxili turizm inkişaf etsin. Eyni zamanda, xarici turistlər də gəlsinlər, görsünlər ki, Azərbaycanda nə qədər gözəl işlər gedir və necə səfalı, gözəl yerlər var.

Ölkəmizdə bütövlükdə işlər uğurla gedir. Biz 2015-ci ili uğurla başa vuracağıq, bütün sosial-iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Baxmayaraq ki, bu gün dünyada hələ də böhran davam edir. Əslində, dünyada maliyyə və iqtisadi sahədə yaşanan böhran bir neçə ildir ki, davam edir. İndi bu böhrana siyasi və hərbi böhran əlavə olunubdur. İndi dünyada gedən prosesləri siz də izləyirsiniz. Görürsünüz ki, dünyanın müxtəlif yerlərində, bizim qonşuluğumuzda çox narahatedici proseslər gedir. Həm Avropada, həm MDB məkanında, Yaxın Şərqdə qanlı toqquşmalar, qarşıdurmalar baş verir, qan tökülür. Belə olan halda hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında daha da ciddi düşünməlidir. Əslində, biz bu barədə həmişə düşünmüşük. Azərbaycan xalqının təhlükəsiz şəraitdə yaşaması bizim üçün ən birinci prioritet məsələ idi. Çünki əgər biz buna nail ola bilməsə idik, heç bir inkişafdan söhbət gedə bilməzdi. Sabitlik olmayan yerdə inkişaf mümkün deyil.

Ancaq indiki şəraitdə buna daha da böyük diqqət göstərilir. Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Sabitlik möhkəmlənir, xalq ilə iqtidar arasındakı birlik daha da güclənir. Son parlament seçkiləri bunu bir daha təsdiqlədi. İlk növbədə, qeyd etməliyəm ki, parlament seçkiləri yüksək fəallıqla müşahidə olunurdu. Eyni zamanda, bütün demokratik normalar təmin edilib. Ədalətli, şəffaf keçirilən seçkilər Azərbaycanın demokratik inkişafa nə qədər sadiq olduğunu bir daha göstərdi. Beş yüzdən çox xarici, on minlərlə yerli müşahidəçi dediyim bu sözləri təsdiqlədilər. Bütün beynəlxalq müşahidəçilər seçkilərin yüksək səviyyədə keçirildiyini qeyd etdilər. Onu da qeyd etdilər ki, bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə edib".

Prezident İlham Əliyev deyib ki, ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 40-cı yerdədir, bir çox inkişaf etmiş ölkəni də qabaqlayır. Eyni zamanda, yoxsulluğa, işsizliyə qarşı mübarizəmiz beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Bu yaxınlarda — sentyabr ayında BMT Azərbaycanı bu nailiyyətlərə görə yüksək mükafatla təltif edib: "Cəmi on il ərzində Azərbaycanda yoxsulluq 50 faizdən 5 faizə düşüb. Mən, ümumiyyətlə, qarşıya vəzifə qoymuşam ki, Azərbaycanda yoxsulluq olmamalıdır. Azərbaycanda bir nəfər də olsun yoxsul şəraitdə yaşayan insan olmamalıdır və biz bu hədəfə yaxınlaşırıq.

Son vaxtlar işsizliklə bağlı böyük addımlar atılmışdır. İşsizlik çox aşağı səviyyədədir. Ancaq dünyada gedən maliyyə böhranı nəticəsində işsizlik bir qədər arta bilər. Yəni, bəzi iş yerləri bağlanır. Ancaq açılan iş yerləri bağlanan yerlərdən daha da çoxdur və müsbət dinamika burada da özünü göstərib. Əgər 30 min iş yeri bağlanıbsa, 67 min iş yeri açılıb.

Əlbəttə ki, gələcəkdə iqtisadi islahatların aparılması da prioritet olaraq qalacaq — sahibkarlığın, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi. Bu sahələrdə Zaqatala rayonunun çox böyük potensialı var. Biz indi çalışmalıyıq ki, öz təbii imkanlarımızdan maksimum dərəcədə istifadə edək. Biz sahibkarlara daha da yaxşı şərait yaratmağa çalışmalıyıq ki, onlar daha da çox məhsul yetişdirsinlər və məhsulu daxili və xarici bazarlarda sata bilsinlər. Bu məqsədlə çox ciddi addımlar atılıb, mənim tərəfimdən Sərəncam imzalanıb, qanun qəbul edilib ki, biznes mühitini biz daha da yaxşılaşdıraq, sahibkarlara heç kim mane olmasın, onların işinə heç kim müdaxilə etməsin.

Mən əminəm ki, görülən işlər nəticəsində Azərbaycan gələcəkdə də müsbət iqtisadi inkişaf dinamikasını saxlaya biləcək. Bunu etmək indiki şəraitdə o qədər də asan deyil. Bir çox ölkələrdə, həm qonşuluqda, həm dünyada iqtisadi tənəzzül, Azərbaycanda isə iqtisadi inkişaf yaşanır. Bu ilin doqquz ayında iqtisadiyyat təxminən 4 faiz, qeyri-neft iqtisadiyyatı 6 faizdən çox artıb. Əlbəttə ki, bu, görülən işlər nəticəsində mümkün olub. Ancaq əldə edilmiş nailiyyətlər bizi arxayınlaşdırmamalıdır. Bizim hər birimiz daha da fəal olmalıyıq, çalışmalıyıq ki, doğma Vətənimizi daha da irəliyə aparaq, Azərbaycanda bu gözəl ictimai-siyasi mühit daimi olsun".

Dövlət başçısı qeyd edib ki, bir çox beynəlxalq təşkilat, siyasətçi, politoloq, alim Azərbaycanda dinlərarası, millətlərarası münasibətləri nümunə kimi göstərir: "Bu, həqiqətən də belədir və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir millətin nümayəndəsi dəyərli vətəndaşdır, eyni hüquqlara malikdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma olmayıb və biz bu siyasətə sadiqik. Harada ki, bu məsələlər müsbət istiqamətdə getmir, o ölkələr fəlakətlə üzləşir".

46
Mingəçevirdə tapılan filin qalıqları

Su altındakı nadir tapıntı: Mingəçevirdə quraqlıq nəticəsində daşlaşmış ağac aşkar edildi

5
(Yenilənib 16:05 07.08.2020)
Azərbaycanda bitən bu ağacdan tüfəng qundağı düzəltmək üçün 67 il əvvəl rus əsgərləri onu kəsib Tula şəhərinə göndəriblər

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Mingəçevirdə suyun altından daşlaşmış ağac parçası tapılıb. Suda çürümədən illərlə qalıb daşa dönən ağac qalığı Mingəçevir su anbarının ərazisində aşkarlanıb. Anbarda suyun azalması nadir tapıntını üzə çıxarıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbət edən Mingəçevir şəhər sakini, ixtisasca rəssam heykəltəraş olan Böyükkişi Adilbəyli ölkədə ilk dəfə olaraq belə bir ağac qalığının tapıldığını iddia edib. O, daşlaşmış ağacın necə tapıldığından danışıb: “Yaxın dostlarım anbarın ətrafında ocaq qalayan zaman onu aşkarlayıblar. Bu zaman daşlaşmış ağac parçası ağır olması və yanmaması ilə onların diqqətini çəkib. Gətirib mənə verdilər, gördüm ki, unikal tapıntıdır. İnternetdə araşdırma apardım, qarşıma daşlaşmış ağacın yalnız Amerikanın Arizona ştatında tapıldığı çıxdı. Ölkəmizdə bu bir ilkdir”.

B.Adilbəyli ağacın çürüməməsini isə oksigenin təsirinə məruz qalmaması ilə izah edib. Onun fikrincə, ağac hava görmədiyindən daşlaşıb. O, ağacın tapıldığı əraziyə gedib onun digər qalıqlarını da aşkarlamaq fikrindədir.

© Sputnik / Rahim Muradov
Mingəçevirdə tapılan filin qalıqları

Şəhər sakini ağacın növündən də danışıb: “Mənim bildiyimə görə, hazırda su anbarının altında qalan Samux ərazisində saxsı (saqqız) deyilən ağaclar bitib. Bu daşlaşmış ağac da həmin bitkinin qalıqlarındandır. Bu ağaclar çox möhkəm olur. Hətta eşitdiyimə görə, su anbarı tikilən zaman Kür çayının qarşısı kəsiləndə (1953-cü ildə) Samux meşəsində bu ağaclardan lap çox olub. Bu zaman rus əsgərləri həmin ağacları kəsib, nömrələyərək Rusiyanın Tula şəhərinə tüfəng qundağı düzəltmək üçün göndəriblər”.

Tapılan daşlaşmış ağac parçasının çəkisi 3 kq-dan artıq, uzunluğu 40 sm, eni 12, qalınlığı isə 5 sm-ə yaxındır. Rəssam heykəltəraş Böyükkişi Adilbəyli su anbarından tapılan eksponatın araşdırılması üçün mütəxəssislərə müraciət edib: “Onsuz da bunu gələcək nəsillərin görməsi üçün ekologiya və ya digər muzeylərdən birinə təqdim edəcəm. Azərbaycanın zəngin flora və faunasının olduğunu göstərəcəm. Amerikanın Arizona ştatında böyük bir sahədə muzey yaradıblar və ora gələnlər bir nəfər üçün 20 dollar pul ödəyirlər ki, ağac eksponatlara baxsınlar. Bu eksponatlar artıq Azərbaycanda mövcuddur”.

© Sputnik / Rahim Muradov
Mingəçevirdə tapılan filin qalıqları

Qeyd edək ki, Mingəçevir su anbarının ərazisində bir neçə il öncə də maraqlı eksponatlar tapılıb. Onlar arasında cənub filinin, digər nəhəng heyvan sümüklərinin qalıqları aşkarlanıb. Hazırda həmin əşyalar Mingəçevirdə yerləşən muzeylərdə qorunur.

5
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Azərbaycan İnvestisiya Holdinqi yaradıldı - FƏRMAN

2
(Yenilənib 15:28 07.08.2020)
Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Müşahidə Şurası və İdarə Heyəti yaradılır

BAKI, 7 avqust – Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərman imzalayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Fərmanda bildirilib ki, Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edir. 

Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilmiş, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı və tam şəffaflaşması üçün möhkəm zəmin yaradılmışdır.

Sözügedən islahatlar biznes mühitinin xeyli yaxşılaşmasını şərtləndirmişdir. Həmçinin ölkədə sosial-iqtisadi infrastruktur inkişaf etmiş, yeni strateji mərhələnin çağırışlarına adekvat formada qurulan idarəetmənin çevikliyi artmışdır.

Ötən müddətdə struktur islahatlarının əhəmiyyətini nəzərə alaraq dövlət xidmətləri və məhsul istehsalı sferasının da qabaqcıl prinsiplər əsasında idarə olunmasına xüsusi önəm verilmişdir. Bu istiqamətdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi üçün bir sıra işlər görülmüş, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə mühüm islahatlar həyata keçirilmişdir.

Müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür. Buna görə də dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.

Fərmanla “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi” təsdiq edilib (əlavə olunur).

3. Müəyyən edilib ki:

3.1. Azərbaycan İnvestisiya Holdinqinin (bundan sonra – AİH) fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Müşahidə Şurası və İdarə Heyəti yaradılır;

3.2. idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra – dövlət müəssisələri) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri AİH Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll edir.

4. AİH-in təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. idarəetmə orqanlarının yaradılması;

4.1.3. Müşahidə Şurası üzvlərinin (o cümlədən sədrinin), habelə İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.1.4. ləğvi və yenidən təşkili.

4.2. AİH-ə:

4.2.1. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. AİH-in yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. AİH-in idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3. AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərclərinin maliyyələşdirilməsi üçün dövlət müəssisələrinin AİH-ə ödəyəcəkləri haqqın formalaşma mexanizmi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.6. dövlət qeydiyyatına alındığı gündən AİH-in inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.8. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

5.9. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanla təsdiq edilmiş Nizamnamənin 5.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə təmin etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

2