Встреча глав МИД РФ и Азербайджана С.Лаврова с Э.Мамедъярова

Nazir: Suriyalı erməni qaçqınlar işğal bölgəsinə yerləşdirilir

7
(Yenilənib 16:08 03.09.2015)
Elmar Məmmədyarov: Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsi məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdidir və beynəlxalq humanitar hüquqa ziddir.

BAKI, 3 sent-Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Mirqasiya Təşkilatının Baş direktoru Uilyam Leysi Sinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sputnik Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Uilyam Leysi Sinq Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin 90-cı illərin sonlarından fəaliyyət göstərdiyini qeyd edərək, təşkilatla Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyini nəzərə çatdırıb. O, Azərbaycanın miqrasiya siyasətinin həyata keçirilməsi, qanunvericilik və institusional bazanın yaradılması üzrə təcrübəsinin, qeyri-leqal miqrantların ləyaqətli və insani şəkildə saxlanması üzrə yaradılmış mərkəzin digər dövlətlər üçün nümunə olduğunu qeyd edib.

Müasir dünyada XIX əsrə xas formada yalnız bir etnik tərkibdən ibarət olan dövlətin qeyri-mümkün olduğunu deyən Uilyam Leysi Sinq dövlətlərin müxtəlif etnik, dini və mədəni tərkiblə hesablaşmalı olduqlarını bildirib. Bu xüsusda o, Azərbaycanın zəngin multikultiralizm və tolerantlıq ənənələrinin dünya üçün örnək olduğunu deyib.

Elmar Məmmədyarov yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində Ermənistanın mono-etnik tərkibli dövlət kimi mövcudluğu və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barəsində məlumat verib. Nazir Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsinə toxunaraq, bu məsələyə Beynəlxalq Miqrasiya Təşkilatı və digər beynəlxalq qurumların ciddi diqqət yetirməsinin vacibliyini bildirib. O əlavə edib ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüquqa əsasən qadağandır.

Görüşdə son dövrlərdə Avropanı bürüyən miqrasiya problemləri, miqrantların dini mənsubiyyətə görə təsnif edilməsi, Aralıq dənizində miqrantların kütləvi ölümü halları və digər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

7
Teqlər:
Beynəlxalq Miqrasiya Təşkilatı, Xarici İşlər Nazirliyi, Uilyam Leysi Sinq, Elmar Məmmədyarov, Azərbaycan