Agalar Bayramov- Bədii qiraət üzrə mütəxəssis

Ağalar Bayramov: Fərəh Əliyeva gələnədək ADMİU rüşvət yuvası idi

1967
(Yenilənib 17:26 03.09.2015)
Məşhur bədii qiraətçi, "mədəniyyət və incəsənət aləmində vicdanını hərraca qoyanlardan, yaltaqlardan, rəhbərə xoş gəlmək üçün saf insanlara qara yaxanlardan" danışdı.

BAKI, 3 sent-Sputnik. Məlahətli, ürəyə yatımlı səs, aydın diksiya və güclü yaddaş bədii qiraət sənətinin əsas şərtləridir. Bədii qiraət sənəti bir növ aktyor sənətiylə eyni funksiyanı daşıyır. Fərq ondan ibarətdir ki, bədii qiraətdə sənətkar tamaşaçı ilə üzbəüz dayanır. Yəni tərəf müqabili tamaşaçı olur. Bu sənətin daşıyıcıları çox azdır. Rəhmətə gedən ustadlarla bərabər saysaq 10-15 nəfər olar, ya olmaz. Kazım Ziya, Müxlis Cənizadə, Həsən Əbluc, Mikayıl Mirzə kimi rəhmətə gedən ustadların  davamçıları kimi İlham Əsgərovu, Əminə Yusifqızını və əlavə bir-iki nəfər şəxsi də misal göstərmək olar. Onlardan biri də, bədii qiraət sənətinin incəliklərinə dərindən bələd olan, öz səsi, cəlbedici diksiyası ilə Azərbaycan tamaşaçısının rəğbətini qazanmış Ağalar Bayramovdur. Sputnik onunla müsahibəni təqdim edir.

- Yay artıq başa çatmaqdadır. Maraqlıdır, bədii qiraətçilər yay tətilini necə keçirirlər?

— İyunun 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetində  Aktyor sənəti fakültəsinin “Estrada aktyoru” və “Dram-kino aktyoru” ixtisaslarında təhsil alan tələbələrim çox ləyaqətlə imtihanlarını verdilər, mən isə məzuniyyətə çıxdım. Hər il bu iki ayı hardasa istirahət edirdim. Amma bu il 20 ildən artıq yaşadığım evin təmiri ilə məşğul oldum. İndi də yeni dərs ilinin astanasındayıq, yenə də başım qarışıqdı. Yəni bu il istirahət etmədim.

- Son 2 ildə çalışdığınız ADMİU-da xeyli dəyişiklik baş verdi. Universtetin əməkdaşı kimi bu dəyişikliyə necə baxırsız?

— Bütün bəlaların başında rüşvət gəlir. Rüşvət mərdi qova-qova namərd edir. Əsas odur ki, bu iki ildə universitetdə rüşvətə son qoyuldu. Şəffaf qəbul imtahanlarının keçirilməsi, semestr imtahanlarında tələbələrdən rüşvət alınmaması məhz bu iki ildə oldu. Universitetin yeməkxanası kənd məktəbinin yeməkxanasına oxşayırdı. Hardansa qonaq gələndə, ora aparmağa utanırdıq. Çünki, oturacaqları belə məktəbli stulları idi. Çox sag olsun Fərəh xanım (ADMİU-nun rektoru Fərəh Əliyevanı nəzərdə tutur — red.) ki, az müddətdə yeməkxananı yaxşı formaya saldırdı. Bundan əlavə, 90 illik yubileyini keçirilən bu universtetin əsas tədris binasında kitabxana belə yox idi. Qısa müddət ərzində geniş, səliqəli və internetlə təmin olunan kitabxana yaradıldı. İslahatlar gedir, vaxtilə kiminsə maddi marağı əsasında yaradılmış, lazımsız ixtisaslar ləğv olunur. Hər adamın işi deyil ki, on illərlə yığılıb qalmış bu bataqlığı təmizləsin. Amma son iki ildə Fərəh xanım layiqincə bu işin öhdəsindən gəlir və islahatları davam etdirir. Mənim kimi 5-10 faiz müəllim var ki, son olanlara sevinir.

Təqdimatı yuxarıya göndərən vicdanını satdı, hərraca qoydu

- Universitetin 90 illik yubileyindən iki il keçməsinə baxmayaraq, hələ də verilən fəxri adlarla bağlı narazı qalan müəllimlər var. Siz hansındansız: razı, yoxsa narazı qalanlardan?

— Çox böyük haqsızlıq oldu. O vaxt iki il işləyənə əməkdar müəllim, mikrafon qarşısında çıxış etməyənə əməkdar artist, mıx vurana tərəqqi medalı verildi. 51 il universitetdə can qoyan, rəhmətlik Siyavuş Aslan, Yaşar Nuri kimi sənətkarlara dərs verən, halal zəhmətiylə dolanan adamlar, müəllimlər müəllimi Rəfiqə Həsənova kənarda qaldı. Əməkdar artistlər Mahirə Yaqubova, Gülşad Baxşıyeva, eləcə də bir neçə ləyaqətli müəllimlər və 1984-cü ildən bu günə kimi tələbənin gözünə dik baxan Ağalar Bayramov yaddan çıxdı. Heç bir yerdən təqdimat getmədən, dövlət tədbirlərində çıxışıma, bədii qiraət sənətinin davamçısı olduğuma görə, mərhum umummilli liderimiz Heydər Əliyev tərəfindən 2002-ci il 24 dekabrda əməkdar artist adına layiq görüldüm. Mən bu universitetdə canımı qoymuşam. Adların yuxarıya təqdim olunma meyarı başqa idi. Təqdimatı yuxarıya göndərən vicdanını satdı, hərraca qoydu. Bilirik ki, bundan ölkə başçısının, prezident aparatının xəbəri yoxdur.  Çünki, təqdimat burdan getdi və o adamlara fəxri adlar verildi. Düzü həmin vaxtı Almaniyanın Köln şəhərində tədbirə gedirdim. O, zaman prorektor olan şəxs kafedraya gəlib “Sabah Akademik Milli Dram Teatrında tədbirə gəlin” dedi. Mənim cavabım belə oldu: “Müəllim sabah Almaniyaya gedirəm, ordan sizi alman dilində təbrik edərəm”. Bu cavabımdan sonra qıpqırmızı olub, otaqdan çıxıb getdi. Bu kimi insanlar abırını-həyasını itirmişlərdir. Bir az gec olsa da, həmin şəxs də işdən azad olundu. Bu illər ərzində rüşvətlə bərabər, yaltaqlıq baş alıb gedirdi, quyruq bulayıb, ara qatanların əlindən adam iyrənirdi, rəhbərə xoş gəlmək üçün neçə-neçə saf insanlara qara yaxılırdı. Çünki, belə ab-hava yaradılmışdı. Universitetdə olanlar bilir ki, mən hər zaman etirazımı bildirmişəm, sözümü üz-üzə, göz-gözə demişəm. Heç zaman ləyaqətimi ayaqlar altına atmamışam. Ləyaqətini qorumaq hər adamın işi deyil. Adamda insaf deyilən bir şey olmalıdır. Deyək ki, mənlə şəxsi-qərəziniz var. Bəs adlarını sadaladığım müəllimlər? Bura dövlət müəssisəsidir, yaxşı ilə pisi ayırmaq lazım idi. Ölkə başçısı, cənab İlham Əliyev son çıxışlarında qeyd etdi ki, bütün haqsızlıqlar deyilməli, məmur özbaşınalığına son qoyulmalı, ictimai qınaq olmalıdır. Bilirsiniz, biri var şər-böhtan, biri də var haqq söz. Haqq söz həmişə deyilməlidir. Bu olmasa, inkişaf olmayacaq. Belə haqsızlıqlar olanda, nizam-tərəzi pozulanda, insanların dövlətə, vətənə olan inamı sarsılır. Belə haqsızlıqlar vətənə xəyanətdir! Başqaların bilmirəm, belə özbaşınalıqları çox görmüşəm və bir harın məmura görə vətəndən küsmürəm! Vətən neyləsin axı?! Mən də bu özbaşınalıqları sizin vasitənizlə cəmiyyətimizə çatdırıram.

- Ağalar müəllim, demək istəyirsiniz ki, fəxri adlar rüşvət müqabilində verilib?

— Yaltaqlıq etməyən, quyruq bulamayan və təbii ki, rüşvət verməyən ləyaqətli müəllimlər kənarda qaldı. Necə ola bilər ki, 29, 35, 40, 51 illik təcrübəsi olan müəllimlər kənarda qala, 2 il işləyənə əməkdar müəllim adı verilə?! Bax, bunu necə izah etmək olar?! Yoxsa bu iki il işləyən dahidir?! Yoxsa fövqəladə iş görüb?! Axı universtetdə can qoyan müəllimlərin zəhmətini yerə vurmaq olmazdı. Belə naqisliklər oldu. Sağ olsun cənab prezidentimiz ki, 90 illik yubileydən az sonra Fərəh xanımı rektor təyin etdi. Fərəh xanımın gəlişindən sonra universtetə aydınlıq gəldi. Bunu universtetin əməkdaşı kimi yox, kənardan müşahidə aparan şəxs kimi deyirəm.

- Bu il qəbul imtahanları zamanı bir çox abituriyentlər narazılıqlarını bildirdilər. İmtahanların qeyri-şəffaf keçməsindən şikayətləndilər. Nə dərəcədə haqlı idilər?

— Bəzi insanlar rüşvətə öyrəşib, birdən-birə şəffaflığı qəbul edə bilmirlər. İmtahan götürən müəllimlərdən biri Cənnət Səlimovadır. Mən tam məsuliyyətimlə deyə bilərəm ki, o insan olan yerdə yalnız istedada qiymət verilib. O, səs-küy salanlar isə qaraküyçülərdir. Tam əmin ola bilərsiniz ki, son iki ildə İncəsənət Universteti rüşvətdən azad olunub.

Dram Teatrında qalmaqallar bekarçılıqdan baş verir

- Akademik Milli Dram Teatrında aktyorlar arasında baş verən qalmaqal nədən irəli gəlir? Bu sənətə yaxın olan insan kimi fikirləriniz maraqlıdır…

— Bu hadisələr bekarçılıqdan, bir də rəhbərliyin hər şeyi öz axarınca buraxmasından irəli gəlir. O aktyorlar özləri də bilmədən rəhbərin “sizin alqışladığınız aktyorlar bu şəxslərdir” deməsinə şərait yaradırlar. Baxmayaraq ki, bu şəxslərin böyük sənətləri var. Onların hər birinə böyük hörmətim var və demək istəyirəm ki, fitvaya getməsinlər. Rəhbərliklə problemlərini çayxanalarda qrup yaradaraq yox, üzbəüz oturub həll etmək lazımdır. Dedi-qodu, dava-dalaş sizə yaraşmır. Akademik Milli Dram Teatrı bizim güzgümüzdür. Bu teatrda bu cür halların baş verməsinə üzülürəm. Ümid edirəm ki, hər şey qaydasına düşəcək.

 — Son vaxtlar populyarlaşan yeni şair və yazıçıların əsərləri ilə maraqlanırsızmı? 

— Yeni yazarlar deyəndə kimləri nəzərdə tutursuz? 

- Seymur Baycan, Aqşin Yenisey, Günel Mövlud və b.?

— Açığı onların yaradıcılığına heç müraciət etməmişəm. Yaradıcılıqları ilə tanış deyiləm. Mənim repertuarımı bəzəyən Məmməd Araz, Fikrət Qoca, Zəlimxan Yaqub, Ramiz Rövşən, Musa Yaqub, Ayaz Arabaçı, Əjdər Ol, Sabir Sarvan və həddindən çox sevdiyim Ramiz Qusarçaylı kimi şairlərin şeirləridir. Klassik şairlərimizin də şeirlərindən bəhrələnirəm. Bu yaxınlarda Ayaz Arabaçı yeni şeir yazıb, bu şeir mənim ömür yolumu ifadə edir.

- Tez-tez el məclislərində olursuz. Elə bir məclis olubmu ki, hansısa müğənniyə görə, ora getməkdən imtina etmisiniz?

— Xeyr. Mənim hansısa xanəndəylə, müğənniylə problemim olmayıb. Gərək xəyanət etməyəsən, gec-tez onun üstü açılır. Olub ki, hansısa məclisdə iştirakımı istəyiblər, amma müğənni deyib özüm aparacam. Sonradan onun xəyanəti bəlli olub. Ruzini verən Allahdır. Yəni hər kim nə qədər mane olsa da, ruzini Allah verəcək. Mən hər məclisə də getmirəm. Harada ki, məni sevirlər, sənətimə hörmət edirlər o yerə gedirəm. Məclisdə xanəndə olanda daha çox sevinirəm, ürəyim açılır. Bu yaxınlarda Lerikdə sənətinə, özünə çox böyük hörmətim olan Sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəzail Miskinli ilə bir məclisdə iştirak etdik. Ordakı ab-havayla həm özümüz, həm də məclis iştirakçıları istirahət etdilər. Amma mənim əsas işim Azərbaycan Dövlət Mədəniyyət Və İncəsənət Universtetində dərs vermək, müqəddəs səhnədə çıxış etməkdir. Bəzən görürsən ki, gözügötürməyənlər rəhbər işçinin yanında "bu, toya gedir" deməklə nələrsə əldə etmək istəyirlər. Bunlar fikirləşmirlər ki, el məclislərinin özü də püxtələşmək üçün bir məktəbdir və hər kəs də məclis idarə edə bilmir. Demək olar ki, bütün xanəndələrimiz toylarda püxtələşib.

Söhbətləşdi: İbrahim Aydın


1967