Baş nazir Artur Rasizadə

2016-cı ilin dövlət büdcəsi tərtib edilib

321
(Yenilənib 18:48 01.09.2015)
Bu gün Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.

BAKI, 1 sent-Sputnik. Sentyabrın 1-də Azərbaycan Respublikasının baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.

Sputnik-in Azərtac-a istinadən verdiyi xəbərə görə, iclası giriş sözü ilə açan baş nazir bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə aparılan iqtisadi siyasətin nəticəsində əldə olunmuş uğurlar və müsbət inkişaf templəri, həmçinin son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslərdə müşahidə olunan dəyişkənliklər nəzərə alınmaqla tərtib edilib. Layihənin hazırlanmasında dövlət büdcəsinin sosial yönümlü olması əsas götürülərək, respublika əhalisinin maddi rifahının daim yaxşılaşdırılması, ölkənin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstək kimi mühüm amillərə xüsusi diqqət yetirilib.

Sonra maliyyə naziri Samir Şərifov və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər.

Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusunun prezidentə təqdim edilməsi barədə qərar qəbul olunub.

321