Elza Seyidcahan: Məni deputat olmağa məcbur edirlər

488
(Yenilənib 18:22 26.08.2015)
Müğənni-bəstəkar hələ hansı dairədən namizədliyini irəli sürəcəyini dəqiqləşdirməyib.

BAKI, 26 avq-Sputnik. Məni deputat olmağa məcbur etdilər.

Bəstəkar-müğənni Elza Seyidcahan noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcəyi barədə “Sputnik”ə verdiyi açıqlamada belə deyib. 

“Mən bəstəkaram, müğənniyəm, aktrisayam, modeləm, şairəyəm, bir sözlə, mənə hər bir sahədə böyük tələbat var. Məni qısqanırlar ki, bu qədər vəzifələrin öhdəsindən necə gəlirəm. O qısqanc adamlar da mənə pislik etmək üçün deputat olacağım barədə xəbərləri yaydılar. Jurnalistlərə dedilər, onlar da mənə sual verdilər, cavabımı şişirtdilər, başqa-başqa lazımsız yerlərə yozdular, istədilər ki, gördüyüm işlərə, ziyalılığıma kölgə salsınlar. Mən də imkan vermədim ki, onların pis niyyətləri baş tutsun. Məhz onların pis niyyətlərini yaxşılığa çevirmək üçün deputat olacağıma söz verdim. Yoxsa əvvəl heç vaxt deputat olmaq ağlıma gəlməmişdi.”

"Mən öz-özümə dedim ki, Elza sən səbrli olmalısan, müdrik olmalısan. Hər bir Azərbaycan vətəndaşı kimi sənin də hüququndur ki, milləti təmsil edəsən"

Bəstəkar millət vəkilliyinə bir vətəndaşlıq borcu, xalq və dövlət qarşısında xidməti bir vəzifə kimi baxdığını deyib: “Mən öz-özümə dedim ki, Elza sən səbrli olmalısan, müdrik olmalısan. Hər bir Azərbaycan vətəndaşı kimi sənin də hüququndur ki, milləti təmsil edəsən. Millət vəkili olmaq bir sınaqdır, fəxrdir, xalqa daha çox xidmət etmək üçün bir yoldur. Bəziləri dedilər ki, Elza millət vəkilliyinə layiqdir, bəziləri dedilər layiq deyil. Layiq deyil deyənlər, qısqanclıq edənlərdir. Onlar heç ömürlərində bir nəfərə, hətta öz ailələrinə xeyir verməyiblər, o ki, qaldı cəmiyyətə və dövlətə xeyir verələr. Mənsə odun üstünə su tökən insanam, pisliyi yaxşılığa, çirkini gözələ, müharibəni sülhə çevirən insanam. Mən pisliklərə yaxşılıqla cavab verirəm. Əgər millət vəkili seçilsəm, mənə paxıllıq edən, mənə qarşı ittihamlar irəli sürən insanlara təşəkkür edəcəyəm. Çünki onlar məni bu yolu getməyə təhrik ediblər. Əgər seçilməsəm, onu da özümə dərd eləməyəcəm. Çünki mən onsuz da xalqımın vəkiliyəm. Vətənimə, dövlətimə, dövlətçiliyimə, dövlət başçısına, onun xanımına xidmət edirəm.” 

Namizədliyini hansı dairədən verəcəyi barədə suala isə E.Seyidcahan belə cavab verib: “Mən hələ namizədliyimi hardan verəcəyimi dəqiqləşdirməmişəm. Azərbaycanın hər bir bölgəsində məni tanıyırlar və sevirlər. Ölkənin hər bir rayonunda, hər bir kəndində, çoxlu ailələrdə olmuşam. Onlar mənim sadəliyimi görüb deyiblər ki, biz hələ sənin kimi sadə insana rast gəlməmişik. Baxmayaraq ki, tanınmış sənət adamısan, amma özünü çox sadə, sıradan bir insan kimi aparırsan. Mən də demişəm ki, bizim rəhmətlik ümummilli liderimiz də sadə idi, prezidentimiz də sadədir, onun xanımı da, qızları da, oğlu da. Odur ki, mən namizədliyimi hardan versəm, inanıram ki, xalq məni seçəcək. Çünki mənim həm xalqıma, həm dövlətimə, həm də özümə inamım böyükdür.”

Bilirəm ki, hansına müraciət eləsəm, mənim millət vəkilliyimə dəstək verəcək

“Elza xanım, hardasa beş gündən sonra seçki prosesinə rəsmən start veriləcək. Ancaq siz hələ də hardan namizəd olacağınızı dəqiqləşdirməmisiz. Sizə elə gəlmirmi ki, gecikirsiz?” – sualına müğənni belə cavab verib: “Mən YAP-ın fəxri üzvüyəm. Ölkədəki bütün siyasətçilərlə tanışam, müxtəlif səfərlərdə, tədbirlərdə onlarla ünsiyyətim olub. Bilirəm ki, hansına müraciət eləsəm, mənim millət vəkilliyimə dəstək verəcək. Hələ ümummilli liderimiz məsləhət görmüşdü ki, parlamentə gənc, perspektivli, enerjili yeni insanlar seçilməlidir. Odur ki, mən də bu cür insanların seçilməsinin tərəfdarıyam və özümü də bu sırada görürəm. Allah imkan versin, mən də seçilim və məndən əvvəlki millət vəkillərinin yolunu ləyaqətlə davam etdirim. Xalqımız, prezidentimiz, sevimli Mehriban xanım, partiyamız hardan məsləhət bilsə, mən də ordan millət vəkili olacağam.”   

Elza Seyidcahan seçiləcəyi təqdirdə bütün başqa vəzifələrinin öhdəsindən uğurla gəldiyi kimi deputatlığın da öhdəsindən uğurla gələcəyini deyib. “Mən çox işgüzar, məsuliyyətli, mənə tapşırılan işin öhdəsindən ləyaqətlə gələn adamam. Məni tanıyanlar bunu bilirlər. İnanın ki, deputat olsam, mənə tapşırılan bütün vəzifələrin öhdəsindən gələcəm, mənə etimad göstərən insanları utandırmayacam, onlara xidmət göstərəcəm.” – deyə bəstəkar əlavə edib. 

Gələcək planlarından da danışan Seyidcahan böyük layihələr üzərində işlədiyini deyib. Sentyabrdan Azərbaycan Akademik Milli Dram Teatrında “Uçuş” adlı möhtəşəm bir əsərini təqdim edəcəyini deyən bəstəkar bundan əlavə simfonik orkestrlə birgə layihələrinin, kompozisiyalarının olacağını deyib. Həmçinin bildirib ki, Türkiyə dövləti, hər iki ölkənin simfonik orkestrləri ilə birgə işlər planlaşdırılır. Deputat seçilməsə, daha böyük layihələrə imza atacaq. İndiyə qədər həyata keçirdiyi, sosial, ekoloji mövzulara dair layihələrini davam etdirəcək.

Ən böyük arzumdur ki, mənim yenicə ailə quran qızım da həyat yoldaşına məhz Mehriban xanım kimi dayaq dursun

Seyidcahan bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günü olduğunu, qızının da birinci xanımla eyni bürc altında doğulduğunu qeyd edərək, buna görə özünü xoşbəxt hiss etdiyini deyib. “Mehriban xanım ailədə müdrik ana, müdrik həyat yoldaşı, güclü və zərif bir xanımdır. Hər bir uğurlu liderin, şəxsiyyətin arxasında mütləq müdrik bir qadın dayanır. Odur ki, prezidentimizin də arxasında Mehriban xanım kimi müdrik və zərif bir qadın var. Ən böyük arzumdur ki, mənim yenicə ailə quran qızım da həyat yoldaşına məhz Mehriban xanım kimi dayaq dursun. Onun ailəsi məhz prezidentimizin ailəsi kimi gözəl, nümunəvi olsun!” – deyə bəstəkar siyasi arzularını yekunlaşdırıb.

488
Teqlər:
Elza Seyidcahan parlament seçkiləri, deputat Elza Seyidcahan, Elza Seyidcahan deputat, Parlament seçkiləri, Parlament seçkiləri 2015, parlament seçkisi, Elza Seyidcahan, Azərbaycan