Qaxda Qızlar təhsilə davam ictimai debatı

Qax sakinləri çağırış etdilər: Qızlar, təhsilə davam!

561
(Yenilənib 18:10 21.08.2015)
Ölkədə 15-16 yaşlarında ərdən boşanmış, dul qalmış uşaqlar var. Bu fikri “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva Qax rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən layihə çərçivəsində baş tutan ictimai debatda səsləndirib.

BAKI, 21 avq — Sputnik. Ölkədə 15-16 yaşlarında ərdən boşanmış, dul qalmış uşaqlar var. Bu fikri “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin (QLUİB) sədri Ülkər Abdullayeva Qax rayonunda Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində "Qızlar təhsilə davam" mövzusunda keçirilən ictimai debatlardan birindəki çıxışında səsləndirib.

Apardıqları araşdırmaların tük ürpədən faktları ortaya çıxardığını vurğulayan Ü.Abdullayeva deyib: "Əslində bizi bu layihəni reallaşdırmağa vadar edən səbəb Bakının Hökməli kəndində qarşılaşdığımız bir ailə dramı idi. Bu kəndə məcburi köçkün olaraq yerləşən ailə kəndin ənənələrinə uyğun olaraq 4 qızını məktəbdən yarımçıq çıxarmışdı. Və o qızlar müvafiq olaraq 13-16 yaşlarında ərə verilmişdi. Ailənin bir qızı 16 yaşında artıq ərdən boşanmış xanım idi. Anası ağlayaraq deyirdi ki, yaşıdları hələ orta məktəbdə oxuyur, amma mənim qızım artıq ərdən boşanmış qadındır. Biz bu hadisədən yola çıxdıq. Qarşılaşdığımız faktlar inanılmazdı. Müsəlman Şərqində çadraya ilk yox deyən, ilk seçki hüququ əldə edən Azərbaycan qadını 21-ci əsrdə Konstitusiya ilə təsbit edilmiş məcburi təhsil hüququndan öz doğmalarının cahilliyi səbəbindən məhrum edilirdi. Bu problemin həllində maarifləndirmə ilə qanunların işləməsinin vəhdətinin böyük rol oynaya biləcəyinə inandıq. Sağ olsun ki, QHT-lərə Dəstəyi Şurası da bu barədə layihəmizə dəstək verdi. Müvafiq dövlət qurumları ilə problemin həlli istiqamətində əməkdaşlığa başlamışıq. Bizim üçün ictimaiyyətin dəstəyi çox vacibdir. Biz elə bu məqsədlə də, ilk olaraq qızların təhsildən erkən ayrılması faktlarının olmadığı Qax rayonuna gəldik. Ümid edirik ki, hər zaman təhsildə bir addım öndə olan Qax rayonunun sakinləri bizim layihəmizə dəstək verəcək, problemli bölgələrin insanlarına xoşməramlı çağırışlarını edəcəklər."      

  • Qaxda Qızlar təhsilə davam ictimai debatı
    Qaxda "Qızlar təhsilə davam" ictimai debatı
  • Qaxda Qızlar təhsilə davam ictimai debatı
    Qaxda "Qızlar təhsilə davam" ictimai debatı
  • Qaxda Qızlar təhsilə davam ictimai debatı
    Qaxda "Qızlar təhsilə davam" ictimai debatı
  • Qaxda Qızlar təhsilə davam ictimai debatı
    Qaxda "Qızlar təhsilə davam" ictimai debatı
1 / 4
Qaxda "Qızlar təhsilə davam" ictimai debatı

Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Məktəb direktoru Şamama Abbasova qeyd edib ki, Qax rayonunda təhsildən yayınan uşaqlarla bağlı ciddi ictimai qınaq var. Bu qınaq imkan vermir ki, valideynlər hansısa səbəbdən uşaqları təhsildən ayırsınlar. Belə faktlar olanda isə, məsələ valideynlərlə danışıqlar və hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməyilə həll olunur. "Biz BMT-nin Uşaq Hüquqları Konvensiyasından tutmuş təhsilə dəxli olan bütün beynəlxalq və yerli sənədlərin, qanunların tələblərini yerinə yetirməyə çalışırıq" — deyə Abbasova bildirib.  

Müəllim Gözəl Hüseynova isə deyib ki, "bizim ölkədə təhsilli qadınların yükü çox ağırdır. Onlar həm ixtisasları üzrə işləyir, həm də ailə qayğılarını çəkməli olurlar. Bu səbəbdən də ailələr çox vaxt işləyən qadınları misal gətirirlər ki, filankəsin qayğıları ikiqatdır və oxumaq heç də o demək deyil ki, səni parlaq gələcək gözləyir. Odur ki, ölkədə təhsilli qadınlara münasibət yaxşı mənada dəyişməlidir. Təhsilli, savadlı qadınlar irəli çəkilməli, cəmiyyətə yaxşı nümunələr kimi təqdim edilməlidir." 

Müəllim Rövşən Baxışov isə qızların təhsildən yayınmasında həm valideynlərin, həm də uşaqlarda təhsilə ciddi maraq oyada bilməyən müəllimlərin günahkar olduğunu qeyd edib. O, bildirib ki, qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısını almaq üçün maarifləndirmə ilə yanaşı inzibati resurslar da işə salınmalıdır. Hökumət bu problemin üzərinə ciddi şəkildə getməli, təhsilin təbliği üçün irimiqyaslı layihələr reallaşdırmalıdır. 

Fermer təsərrüfatının rəhbəri Həmzət Abbasov isə qeyd edib ki, onun ailəsindəki 4 uşaqdan 3-ü ali təhsillidir. O, ailədəki qızların təhsilinə xüsusi diqqət yetirib: "Mənim anam təhsilsiz, avam bir qadın idi. Onun həyatı boyu necə böyük əziyyətlər çəkdiyini, ən xırda problemin həllində atamdan asılı olduğunu görmüşəm. Həmişə fikirləşmişəm ki, anamın savadı olsaydı, hər şey başqa cür olardı. Odur ki, qızlarımın təhsilinə xüsusilə fikir verdim. Yoldaşımsa müəllimədir. Çox vaxt çalışıram ki, ona işlərində kömək edim. Çünki məktəbdə uşaqlarla işin necə çətin olduğunu bilirəm. Məncə Azərbaycanın gələcəyi məhz təhsilli qadınların əlindədir. Bizim uşaqlarımızı qadınlar tərbiyə edir. Savadlı, təhsilli qadının uşağı daha düzgün, cəmiyyət üçün yararlı vətəndaş olaraq tərbiyə edəcəyinə çox inanıram."

Debatların sonunda iştirakçıların layihə ilə bağlı sualları cavablandırılıb, problemin həllinə dair təklifləri qeydə alınıb. Tədbir iştirakçıları layihə çərçivəsində keçiriləcək flaşmoba qatılmaq istədiklərini bildiriblər.       

KİV-in diqqətinə: Əlavə məlumat üçün müraciət edə bilərsiz:  050 337 80 71 Ülkər Abdullayeva

 

561
Maliyyə hesabatı, arxiv şəkli

Məcburi dövlət sosial sığorta haqqı müvəqqəti azaldılıb

5
(Yenilənib 22:37 03.06.2020)
Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəniləcək.

BAKI, 3 iyun — Sputnik. Azərbaycanda sahibkarlar bu il aprelin 1-dən dekabrın 31-dək məcburi dövlət sosial haqlarını güzəştlə ödəyəcək.

Sputnik Azərbaycan-a bununla bağlı Prezident İlham Əliyev “Sosial sığorta haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Beləliklə, bu ilin 9 ayı üçün sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir.

2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-nə qədər isə əvvəlki qaydada - sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəniləcək.

5
Bakıda yaşayış kompleksi, arxiv şəkli

Güzəştli mənzillər adlarına uyğundurmu yaxud bunun nəyi güzəştdir?

124
(Yenilənib 22:02 03.06.2020)
Mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda 1 otaqlı mənzil üçün aylıq 138-143 manat, 2 otaqlı mənzil üçün 182-230 manat, 3 otaqlı mənzil üçün isə 245-268 manat ödəniləcək.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan edib. Satışa ümumilikdə 249 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Sputnik Azərbaycan xəbər verir ki, MİDA-nın məlumatına görə, Agentliyin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında satışa çıxarılan mənzillərin qiymətlərindən, tətbiq edilən güzəştlər və əlavə endirimlərdən danışıb.

Ekspert bildirib ki, MİDA-nın bu istiqamətdə kifayət qədər təcrübəsi var: "Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi istər qiymət, istər prosesin icrası baxımından özünü doğruldub. Digər tərəfdən, bu yaxınlarda güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları da genişləndirilib. Artıq gənc ailə üzvü olan müəllimlər üçün əmək stajı tələbi 5 ildən 3 ilə endirilməklə yanaşı, yalnız ümumtəhsil məktəbində işləyən deyil, digər ümumi təhsil müəssisələrində çalışan gənc ailə üzvü olan müəllimlər də güzəştli mənzil əldə edə biləcəklər. Eyni zamanda buraya "ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs" kateqoriyası da əlavə olunub. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər".

Hövsan yaşayış kompleksi, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Bu kateqoriyaları daha da genişləndirmək mümkündürmü sualına ekspert belə cavab verib: "Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarını daha da genişləndirmək olar, amma bu məsələ hələlik bu gün üçün aktual hesab edilmir. Onsuzda müraciətlərin sayı çoxdur. Məsələn, Yeni Yasamal layihəsində təxminən 1800 mənzil üçün 20 minə yaxın müraciət var idi. Bu mənada hesab edirəm ki, indiki halda kateqoriyaların genişləndirilməsi müraciətlərin sayını bir qədər də artıracaq və əlavə texniki problemlər yarada bilər. Amma layihələrin istiqamətləri genişlənərsə, bu addımı atmaq olar".

Mənzillərin qiymətlərindən danışan ekspert bildirib ki, mənzillərin qiymətini normal hesab etmək olar: "Hövsanda 1 otaqlı mənzillərin qiyməti 32 min 130 manatdan, 2 otaqlılar 42 min 415 manatdan, 3 otaqlılar 57 min 120 manatan başlayır. Hazırda əvvəlki texniki və digər qüsurlar yoxdur, aradan qaldırılıb. Mənzili ipoteka krediti ilə deyil, nağd şəkildə alanlara 10% güzəşt ediləcək. Yəni şəxs mənzilin pulunu tam ödəyirsə, həmin vəsaitdə 10 faiz güzəşt nəzərdə tutulur. Belə ki, mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı 1 otaqlılar üçün 28 min 917 manatdan, 2 otaqlılar üçün 38 min 174 manatdan, 3 otaqlılar üçün 51 min 408 manatan başlayır".

O qeyd edib ki, gələcəkdə MİDA-nın həyata keçirdiyi layihələrə alternativ başqa layihələr təklif olunarsa, o halda qiymətlərə düzəlişlər qaçılmaz olacaq: "Amma bugünkü şərtlər daxilində tələb yüksəkdir və tələb yüksək olduğu dövrdə MİDA-nın təqdim etdiyi qiymətlər mövcud bazar qiymətlərindən aşağıdır. Məsələn, MİDA tərəfindən Yeni Yasamalda təmirli mənzilin 1 kvadratmetri 950 manata təklif olunurdu. Nağd alışlarda bu rəqəm hətta 860 manatadək gəlib düşürdü. Amma biz faktiki olaraq Yeni Yasamalın mənzil bazarını araşdırdıqda orada təmirli mənzilin bir kvadratmetrinin 1150-1200 manatdan başladığının şahidi oluruq. Burada növbəlilik mütləq şəkildə gözlənilir".

Qeyd edək ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şosesi - Hava Limanı 12-ci km. "22" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 249 mənzilin satışı 30 iyun 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 7 iyul 2020-ci il tarixi saat 11:00-dək davam edəcək. Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub. Mənzillərin satış qiymətinə ƏDV daxildir. Mənzillərin sahəsi isə 1 otaqlılarda 38-39 kvadratmetr, 2 otaqlılarda 50-63 kvadratmetr, 3 otaqlılar 67-73 kvadratmetr arasında dəyişir. Bu, mənzillərin daxili perimetrlə ölçülən sahəsidir.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda 10 faiz minimal ödəniş tələb olunur. Mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda 1 otaqlı mənzil üçün aylıq 138-143 manat, 2 otaqlı mənzil üçün 182-230 manat, 3 otaqlı mənzil üçün isə 245-268 manat ödəniləcək. Qeyd edək ki, kredit illik 4 faiz dərəcəsi ilə 3-30 il müddətinə verilir.

124
 Meyitxana, arxiv şəkli

Parlamentin sabiq spikeri öldü

0
(Yenilənib 23:55 03.06.2020)
Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

BAKI, 3 iyun — Sputnik. Ermənistan Parlamentinin sabiq sədri Armen Xaçatryan vəfat edib. Sputnik Ermənistan xəbər verir ki, 63 yaşlı sabiq spiker davam edən ağır xəstəlikdən vəfat edib.

Qeyd edək ki, Xaçatryan 1999-2003-cü illərdə Ermənistan Parlamentinin spikeri olub. Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

0