Ekologiya və Təbii sərvətlər nazirliyi

Nazirlik biçənəkləri yandıranları cərimələdi

23
(Yenilənib 11:44 07.08.2015)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi biçənəkləri yandıraraq təbiətə ziyan vuran şəxsləri müəyyənləşdirərək barələrində ciddi cəza tədbiri görməkdədir.

BAKI, 7 avq — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi biçənəkləri yandıraraq təbiətə ziyan vuran şəxsləri müəyyənləşdirərək barələrində ciddi cəza tədbiri görməkdədir.

Bu barədə Sputnik-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə,respublika ərazisində taxıl biçinindən sonra yandırılmış və ətrafda müəyyən fəsadlar yaratmış biçənək sahələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumları tərəfindən monitorinqlər aparılıb.

Monitorinqlər zamanı müəyyən edilib ki, taxıl biçinindən sonra sahələrin təmizlənməsi üçün fermerlər tərəfindən ərazilərin bilərəkdən yandırılması nəticəsində Qazax rayonunun Xanlıqlar kəndi ərazisində 90 ha, Şamaxı rayonu Qurdtəpə kəndi ərazisində 9 ha, Ağsu rayonu Nüydü kəndi ərazisində 8 ha sahədə, Cəlilabad rayonunda 2 ha, Göyçay rayonu Kürdşaban kəndi ərazisində 1 ha sahədə üst bitki örtüyü tamamilə yanıb.

Bundan başqa Goranboy rayonu Nərimanlı kəndi ərazisində 5 ha sahədə biçilmiş taxıl sahəsi yandırıldıqdan sonra alovun Goranboy-Qızılhacılı avtomobil yolunun mühafizə zolağına keçməsi nəticəsində ikiillik 40 ədəd şam ağacı yanaraq məhv olub, 5 ədəd müxtəlif cinsli ağac isə zədələnib. Həmçinin Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində də 30 ha biçilmiş taxıl sahəsində baş verən yanğın sonradan avtomobil yolunun kənarına keçib və nəticədə müxtəlif cinsli 5 ədəd ağac zədələnib. Qazax rayonu Məşədilər kəndi ərazisində 700, İsmayıllı rayonu Diyarlı kəndi ərazisində 76 və Goranboy rayonu Gürzalılır kəndi ərazisində 1150 ədəd kol yanıb.

Faktlarla bağlı təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbir görülməsi üçün rayon Polis Şöbələrinə məktub göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bəzi biçənək sahələrində yanğın törədən və ətraf mühitə ziyan vuran təqsirkarların şəxsiyyəti müəyyənləşdirilib. Belə ki, Zərdab rayonu Əlvənd kənd sakini Vəkalət Zülfüqarov tərəfindən ona məxsus pay torpağında biçənəyin yandırılması nəticəsində ərazidəki müxtəlif cinsli 70 ədəd ağacın və 679 ədəd kolun, Zərdab rayonu Körpükənd sakini Sonqulu Qurbanova məxsus pay torpağında biçilmiş sahənin yandırılması nəticəsində isə 39 ədəd kolun yanaraq məhv edildiyi aşkar edilib. Təbiətə 679 manat ziyan dəydiyi hesablanılaraq, V.Zülfüqarov barəsində qanunvericiliyə uyğun qaydada tədbir görülməsi üçün Zərdab rayon Prokurorluğuna müraciət edilib və bununla bağlı cinayət işinə başlanılıb. Eyni zamanda Goranboy rayonu Urusborisi kəndində biçənək sahəsində yanğın törədilməsi nəticəsində 10 ədəd ağacın zədələnməsi, 20 ədəd kolunun məhvində təqsirli bilinən kənd kolxoz təsərrüfatının rəhbəri Mariya İvannikovaya protokol tərtib edilib. İnzibati Xətalar Məcəlləsinin 92.2-ci maddəsinə əsasən onun vəzifəli şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliyə müvafiq qaydada tədbirlər görülür.

Qeyd edək ki, meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın hadisələrinin əksəriyyəti taxıl biçinindən sonra biçənəklərə od vuran fermerlərin etinasızlığından irəli gəlir. Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv ola bilər, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşər.

Bir sıra hallarda biçənəklərə od vurulması nəticəsində yanğın meşə sahələrinə keçib lakin fədakar insanlar sayəsində yüzlərlə ağacın xilas edilməsi mümkün olub, amma belə olmaya da bilər. Əgər alov daha keçilməz yüksək dağlıq sahələri əhatə etsə, meşələrimiz qarşısı alınmaz fəsadlarla üzləşər.

ETSN tərəfindən bölgələrdə yanğınlara yol verilməməsi istiqamətində bələdiyyələr, icra nümayəndələri, ayrı-ayrı torpaq istifadəçiləri (fermerlər) arasında maarifləndirmə işləri və monitorinqlər davam etdirilir.

23
Teqlər:
biçənək, biçənək yanğını, meşə yanğınları, meşə yanğını, ETSN, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İradə İbrahimova, Ağsu rayonu Nüydü kəndi, Ağsu rayonu, Ağsu, Göyçay rayonu Kürdşaban kəndi, Göyçay rayonu, Göyçay, Cəlilabad rayonu, Cəlilabad, Qazax, Qazax rayonu, Azərbaycan
Fərman İsmayılovun nəşi Bakıya gətirildi

Nigeriya sahillərində öldürülən azərbaycanlının cəsədi Bakıya gətirildi - VİDEO

5
(Yenilənib 11:52 27.01.2021)
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun cənazəsi əvvəlcə Qabondan Türkiyəyə, daha sonra isə Azərbaycana gətirilib.

BAKI, 27 yanvar — Sputnik. Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu dəqiqələrdə onun cənazəsi təyyarədən yerə endirilir.

Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində "Motsart" adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.

Xatırladaq ki, Fərman İsmayılovun cənazəsi əvvəlcə Qabondan Türkiyəyə, daha sonra isə Azərbaycana gətirilib.

5
Teqlər:
Türkiyə, Bakı, Nigeriya, Qabon, dəniz quldurları
Azay Quliyev şuranın yeni elektron xidmətlərinin tətbiqi ilə bağlı ictimai dinləmə keçirib

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

12
(Yenilənib 11:05 27.01.2021)
Qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

BAKI, 27 yanvar — Sputnik. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

"Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

1. Maliyyə vəziyyəti haqqında hesabat

2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər

Eyni zamanda, maliyyə fəaliyyəti olmayan QHT-lər üçün müvafiq qərarla "Maliyyə fəaliyyəti olmaması barədə arayış" forması təsdiq edilib.

Göstərilənləri nəzərə alaraq, WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ sayt vasitəsilə "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı"nda qeydiyyatdan keçməyiniz və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarınızı və ya maliyyə fəaliyyətinizin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etməyiniz tələb olunur.

Əlavə məlumat üçün telefon nömrələri: Tel: 404 46 99, daxili nömrələr – 129 Sevinc Məmmədova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova.

12
Teqlər:
QHT-lərə Dövlət Dəstəyi Şurası, QHT, Maliyyə Nazirliyi
SES

Ərəblər Azərbaycanda 300 milyon dolları küləyə verəcəklər

0
(Yenilənib 12:13 27.01.2021)
Artıq İqtisadiyyat və Energetika nazirlikləri tərəfindən bəzi kiçik güclü elektrik stansiyalarının özəlləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.

BAKI, 27 yanvar — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı da özəl investisiyaların cəlb olunması üçün sərmayədarlarla müzakirələr aparılır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat və Energetika nazirliklərinin birgə məlumatında deyilir.

Məlumatda bildirilir ki, Azərbaycanın elektroenergetika, o cümlədən bərpaolunan enerji mənbələri sahəsinə xarici və yerli sərmayədarların marağı artır. "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamı ilə müəyyən edilmiş vəzifələrin mühüm istiqamətlərindən biri elektroenergetika sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün zəruri tədbirlərin görülməsidir. Energetika Nazirliyi tərəfindən ilkin layihəsi hazırlanmış 2050-ci ilədək dövrü əhatə edən energetika sektorunun uzunmüddətli inkişaf strategiyası məhz özəl investisiyalara istiqamətlənən inkişaf modelinə əsaslanır.

Azərbaycan bərpaolunan enerji mənbələri ilə zəngin resurslara malik ölkələrdəndir. Günəş və külək enerjisi potensialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəf olaraq müəyyənləşdirilib. Bununla əlaqədar olaraq, 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır.

Beynəlxalq tələblərə cavab verən qanunvericilik bazasının mövcudluğu sərmayədarları maraqlandıran başlıca şərtlərdəndir. Qeyd olunan Sərəncama əsasən, "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılaraq baxılmaq üçün təqdim edilib. Qanunun qəbulundan sonra Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə enerji mənbələrindən istifadə sahəsində özəl investisiya hesabına kiçikhəcmli layihələrin həyata keçirilməsinə başlanılacaq.

Bununla yanaşı, bu sahədə pilot layihələr də həyata keçirilir. Ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının "ACWA POWER" şirkəti ilə 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilələr imzalanıb. Layihənin həyata keçirilməsinə ümumilikdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu, il ərzində 1 milyard kilovat saata yaxın elektrik enerjisinin istehsalı nəzərdə tutulur.

Bu layihənin icrası nəticəsində il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq. Layihənin reallaşdırılması həmçinin müasir istehsal və xidmət sahələrinin yaranmasına, yeni iş yerlərinin açılmasına töhfə verəcək. 2020-ci ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliyinin "Masdar" şirkəti ilə günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb. Hazırda şirkətlə müzakirələr davam edir və mart ayında digər müqavilələrin imzalanması gözlənilir.

Dövlət başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı da özəl investisiyaların cəlb olunması üçün sərmayədarlarla müzakirələr aparılır. Bunlarla yanaşı, ənənəvi enerji resurslarından elektrik enerjisi istehsalı sahəsinə də özəl investisiyaların cəlb olunması istiqamətində işlər davam etdirilir.

Müasir yanaşmalara əsaslanan "Elektroenergetika haqqında" qanun layihəsinin qəbul edilməsi bu sahədə rəqabət mühitinin formalaşmasını təmin edəcək. İnvestisiyaları həm mövcud stansiyaların özəlləşdirilməsi, həm də yeni özəl elektrik stansiyalarının tikintisi yolu ilə cəlb etmək nəzərdə tutulur. Artıq İqtisadiyyat və Energetika nazirlikləri tərəfindən bəzi kiçik güclü elektrik stansiyalarının özəlləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb. Eyni zamanda, nazirliklər yeni qaz-turbin elektrik stansiyasının tikintisi üçün investisiya şirkətləri ilə danışıqları davam etdirir və bir çox beynəlxalq şirkətlər layihədə iştiraka marağını ifadə edib.

0