Tomas Qolts - Amerikalı yazar

Amerikalı yazar öz motosikletini SOCAR-a hədiyyə edib

23
(Yenilənib 20:22 27.07.2015)
Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilməmişdən əvvəl kəmərin keçdiyi yolu ilk dəfə qət edən amerikalı jurnalist, tədqiqatçı-macərapərəst Tomas Qoltsun idarə etdiyi motosikletini SOCAR-a hədiyyə edib.

BAKI, 27 iyul – Sputnik.  Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilməmişdən əvvəl kəmərin keçdiyi yolu ilk dəfə qət edən amerikalı jurnalist, tədqiqatçı-macərapərəst Tomas Qoltsun idarə etdiyi motosikletini SOCAR-a hədiyyə edib.

Sputnik —ə SOCAR-dan daxil olan məlumata görə,  2000-ci il avqustun 22-də amerikalı jurnalist, tədqiqatçı-macərapərəst Tomas Qoltsun rəhbərliyilə dünyanın bir çox ölkələrini təmsil edən motosikletçilər qrupu Bakıdan yürüşə başlayaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçəcəyi yolu ilk dəfə qət edib.

Amerikalı yazar Tomas Qoltsun SOCAR-a hədiyyə etdiyi motosikl
socar.az
Amerikalı yazar Tomas Qoltsun SOCAR-a hədiyyə etdiyi motosikl

Bu gün Türkiyənin Ceyhan limanından Azərbaycan neftini dünya bazarlarına çıxaran 1765 kilometr uzunluğundakı BTC kəmərinin hələ hazır olmadığı bir dövrdə Qoltsun idarə etdiyi “URAL” markalı motosiklet tarixi “Neft Odisseyası” layihəsinin aparıcı qüvvəsi kimi ilk Azərbaycan neftini simvolik olaraq Bakıdan Ceyhan limanına çatdırıb. 2001-ci ildə Tomas Qolts və ardıcılları eyni məsafəni ikinci dəfə qət edərək, kəmər boyunca Azərbaycan təbii qazını Türkiyənin şərqinə, Ərzuruma daşıyıb. Tomas Qolts sonradan “Neft Odisseyası” layihəsini belə xatırlayıb: “Komandanın sərgüzəştli planı ilk öncə ağlasığmaz səslənir və çoxları bunun mümkünsüz olduğunu söyləyirdi. Çünki, kəmər hələ hazır deyildi, biz naməlum bir yol qət etməli idik. Lakin yeganə bir insan, Azərbaycanın dahi Prezidenti, müdrik siyasətçi Heydər Əliyev layihəni dəstəklədi və Xəzər dənizindən hasil edilmiş bir çəllək neftin mənə təqdim olunmasına göstəriş verdi. Məhz Heydər Əliyevin layihəyə inamı, eləcə də o dahi şəxsiyyətin bizə güclü dəstəyi nəticəsində artıq tarixə çevrilmiş “Neft Odisseyası”na start verildi”.

Komandanın ikinci üzvü olmuş ABƏŞ-in vitse-prezidenti Even Patterson 2014-cü ilin sonunda dünyasını dəyişəndə T.Qolts moto-yürüşün aparıcı maşınını onun xatirəsinə ithaf edib. “Motosikl SOCAR-ın və Tomas Qoltsun birgə səyi nəticəsində təmir edilib və bu günlərdə Təlim Tədris Sertifikatlaşdırma İdarəsinin muzey eksponatlarının saxlanması və bərpası mərkəzinə hədiyyə olunub. Motosikl burada qiymətli bir eksponat kimi öz layiqli yerini tutub”, —deyə məlumatda vurğulanıb.


23
Teqlər:
motosikl, Neft Odisseyası, URAL, Neft, Bakı-Tbilisi-Ceyhan, SOCAR, Tomas Qolts, SOCAR, Tomas Qolts, Azərbaycan