Qarabağda müharibə başlasa, Türkiyə Azərbaycana yardım edə bilməyəcək

632
(Yenilənib 12:12 27.07.2015)
Zahid Oruc: Türkiyənin başı İraq və Suriyada baş verən konfliktlərə qarışıb.

BAKI, 27 iyul-Sputnik. Ermənistan birinci Qarabağ savaşında olduğu kimi indi də bütün cəbhə boyu təxribat xarakterli hərbi əməliyyatlar keçirməklə Azərbaycan Silahlı Qüvvələrinin diqqətini Dağlıq Qarabağ bölgəsindən yayındırmağa xidmət edir.

Bunu millət vəkili Zahir Oruc son günlərdə cəbhə xəttində baş verən olayları Sputnik-ə şərh edərkən deyib.

Onun sözlərinə görə, Gədəbəy cəbhəsində baş verən son olay da bu niyyətə xidmət edir. ”Ancaq Ermənistan tərəfi anlamır ki, artıq Azərbaycan birinci Qarabağ savaşından fərqli olaraq, bütün cəbhə boyu vəziyyətə nəzarət edir. Azərbaycan  hərbi texniki, texnoloji cəhətdən güclüdür və qarşı tərəfin əvvəlcədən hazırladığı təxribat xarakterli əməliyyatından xəbərdardır” — deyə o vurğulayıb.

Zahid Oruc
© Sputnik / Talyb Barkhudayev

Bununla belə millət vəkili hesab edir ki,  son günlərdə cəbhə xəttində baş verən hadisələrin bir çox  səbəbləri var: “Birincisi, son zamanlarda Azərbaycanla Qərb arasında münasibətlərin yenidən aktivləşməsi bəzi qüvvələrin marağında olmadığından, Ermənistan-Azərbaycan cəbhəsində vəziyyəti gərginləşdirməklə bir mesaj verərək, rəsmi Bakının xarici siyasət kursuna zərbə vurmağa çalışır. Yəni rəsmi Bakının Qərblə münasibətlərinin yenidən kəskinləşməsinə cəhdlər edilir. Və onun üçün də belə bir metoda əl atılır və bu oyunda Ermənistandan istifadə olunur.

İkincisi,  bu hadisələr Rusiya hərbi baş kəşfiyyat idarəsinin rəhbərinin Ermənistana səfəri zamanı baş verir və burada da bir sıra məqamlar var. Belə ki, bununla Ermənistan Rusiyanı şantaj edərək həm əlavə maddi və hərbi yardım almaq istəyir, həm də Kremlə mesaj verir ki, Azərbaycana silah-sursat satmaqla bölgədə hərbi balansı pozmasın. Bu yolla Azərbaycana hərbi silah-sursatın qarşısnı almağa çalışırlar.

Ermənistan birdəfəlik anlamalıdır ki, artıq Azərbaycan onların hər təxribatına on qat artıq cavab vermək iqtidarındadır.”

İkinci Qarabağ Savaşının başlayacağı barədə səslənən fikirlərə münasibətini bildirən millət vəkili deyib ki, Azərbaycan indiki regional və beynəlxalq şərait fonunda müharibənin alovlandırılmasında maraqlı deyil. “Bunun əsas səbəbi dünyanın müxtəlif bölgələrində, xüsusən də qonşu region ölkələrdə baş verən konfliktlərin doğurduğu nəticələrdir. Əgər bu gün müharibə başlasa, Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə belə Qarabağ cəbhəsinə lazımı diqqəti  yetirə bilməyəcək. Ona görə ki, bu gün Türkiyənin İraq və Suriyada baş verən konfliktlərə cəlb edilməsi, hətta münaqişənin tərəflərindən birinə çevrilməsi təhlükəsi var. Azərbaycan bunu başa düşür və bilir ki, Cənubi Qafqazda beynəlxalq hüququn tələblərini bərpa etmək istiqamətində atdığı addımlar bölgədə sönməyən yeni ocaq yarada bilər. Bunun da nə ilə nəticələnəcəyi bəlli olmaz. Biz bu məqamları nəzərə alaraq addımlar atmalıyıq. Buna baxmayaraq, Azərbaycan Ermənistanın təxribatlarına adekvat reaksiya verməlidir və verir də.” – deyə Zahid Oruc əlavə edib.

 

 

632