Hacı Məmmədov

Hacı Məmmədov həbsxanada özünü müalicə edir

72
(Yenilənib 17:56 07.07.2015)
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanası və müvəqqəti saxlama yerlərində həyata keçirdiyi monitorinq zamanı Hacı Məmmədov və Arif Yunusun səhhəti ilə maraqlanıb.

BAKI, 7 iyul — Sputnik. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanası və müvəqqəti saxlama yerlərində həyata keçirdiyi monitorinq zamanı Hacı Məmmədov və Arif Yunusun səhhəti ilə maraqlanıb.

Bu barədə Sputnik-ə açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov  özü məlumat verib.

Onun sözlərinə görə, aparılan monitorinq zamanı yuxarıda adı çəkilən hər iki şəxsin səhhəti ilə maraqlanıb: “Həkimlər mənə məlumat verdi ki, A. Yunusun və H. Məmmədovun səhhəti normaldır və hər hansı həyati təhlükələri yoxdur. Onların  hər ikisi həkim nəzarətindədir.”

E. Behbudov onu da əlavə edib ki, bu yaxın günlərdə müstəqil həkim komissiyasi A. Yunusu müayinədən keçirib və onda elə ciddi problemin olmadığını müəyyən edib. 

Arif Yunus aprelin 28-də Leyla Yunusla birlikdə Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkəni tərk edərkən saxlanılıb. Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilir. Leyla Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178.3.2 —ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirlir. 

Hacı Məmmədova gəldikdə isə E. Behbudov bildirdi ki, o şəkərdən əziyyət çəkir: “H. Məmmədov  özünü təbii üsullarla müalicə etsə də, həkim nəzarətindədir.”

Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adam oğurluğu və bir sıra qətllərdə təqsirləndirilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və digər 26 nəfər barədə hökmü 2007-ci il yanvarın 19-da çıxarıb.

Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər. 

Məhkəmənin qərarına əsasən, Hacı Məmmədov, onun keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər.

72