Taksim - İstiqlal küçəsi

Türkiyəyə gedən azərbaycanlı turistlərin sayında azalma

53
(Yenilənib 18:29 01.07.2015)
Azərbaycanda nəqliyyat xərcləri də daxil olmaqla turistin 1 həftəlik dincəlməsi üçün xərclər qonşu Gürcüstanla müqayisədə təxminən 60 faiz, Türkiyə ilə müqayisədə isə təxminən 40 faiz bahadır.

BAKI, 1 iyul — Sputnik. Yayın gəlişi ilə bağlı turizm sektorunda da bir canlanma hiss olunmaqdadır. İnsanlar dincələmək üçün respublikanın bölgələrinə, dəniz sahillərinə və xarici ölkələrə üstünlük verirlər. Apardığımız sorğular nəticəsində məlum olub ki, imkanı olan Azərbaycan vətəndaşı daha çox xarici ölkələrdə istirahətə üstünlük verir. Buna səbəb isə ölkədaxili turizm sektorunda xidmətin səviyyəsinin aşağı olması və qiymətin həddən artıq baha olmasıdır. Son illərdə Azərbaycanda turizm sektorunda inkişaf olsa da, hələ də ciddi problemlər qalmaqdadır. Azərbaycanlı turist hesab edir ki, ölkədaxili 3 günlük istirahət üçün sərf etdiyi xərclə Türkiyədə və Gürcüstanda  bir həftə istirahət edə bilər. 

Azərbaycanda nəqliyyat xərcləri də daxil olmaqla turistin 1 həftəlik dincəlməsi üçün xərclər qonşu Gürcüstanla müqayisədə təxminən 60 faiz, Türkiyə ilə müqayisədə isə təxminən 40 faiz bahadır. Buna görə də yerli turistlər ölkə daxilini deyil, qonşu ölkələri — xüsusən də Gürcüstan və Türkiyəni seçirlər.

Gürcüstan DİN-nin İnformasiya-təhlil departamenti yaydığı məlumata görə, təkcə 2015-ci ilin yanvar-may aylarında Gürcüstana səfər edən turustlər arasında azərbaycanlılar ikinci yeri tutur. 2015-ci ilin yanvar ayından may ayına qədər Gürcüstana 1 milyon 835 min 545 nəfər səfər edib ki, bu da ötən ilin analoji göstəricisi ilə müqayisədə 2 faiz çoxdur. Məlumata əsasən, səfər edənlərin 656 min 68 nəfəri turist olub, bu da 2014-cü illə müqayisədə 3% azdır. Bununla yanaşı, tranzit turistlərin sayı 21% artıb — 405 min 208 nəfər. 

Gürcüstana səfər edən xaricilər arasında birinci yerdə Türkiyədir. Ondan sonra Azərbaycan, Ermənistan, Rusiya və Ukrayna gəlir. Aİ ölkələri arasında Litva, Almaniya, Çexiya, Böyük Britaniya və Niderland liderlik edir. 

2015-ci ilin yanvar-may aylarında isə Azərbaycandan Türkiyəyə  səfər edən turistlərin sayı 210 591 nəfər təşkil edib. Türkiyə Mədəniyyət və Turizm nazirlyinin verdiyi məlumata görə, bu, azərbaycanlı turistlərin sayı 2014-cü ilin analoji dövrü ilə müqayisədə 1,16% azdır. Yəni fevral ayında Azərbaycanda baş verən devalvasiya turizm sektoruna öz mənfi təsirini göstərib. Onu qeyd etmək yerinə düşərdi ki, Türkiyənin əsas gəlir əldə etdiyi sahələrdən biri məhz turizm sektorudur. Türkiyə Mədəniyyət və Turizm nazirlyindən verilən məlumata görə, əgər 2013-cü ildə yanvar-may ayında Türkiyəyə  səfər edən Azərbaycan vətəndaşlarının sayı 215 365 nəfər təşkil edirdisə, 2014-cü ilin analoji dövründə bu rəqəm 213073 nəfər təşkil edib. 2015-ci ildə bu rəqəm bir az da azalaraq 210591 nəfər olub. Bu rəqəm bir daha göstərir ki, dünyada baş verən iqtisadi böhran turizm sektoruna öz mənfi təsirini göstərib. Baxmayaraq ki, Türkiyədə istirahət dünyanın müxtəlif ölkələrindən ucuz və keyfiyyətlidir. 

Onu da əlavə etmək yerinə düşərdi ki, əgər ötən illərdə Türkiyəyə səfər edən turistlərin sayına görə Rusiya 2-3 yeri bölüşürdüsə, bu il Rusiyadan Türkiyəyə gedən turistlərin sayında kəskin azalma baş verib. Əgər 2014-cü ilin yanvar-may ayında Rusiyadan Türkiyəyə gedən turistlərin sayı 1.118 580 nəfər təşkil edibsə, 2015-ci ilin analoji dövründə bu rəqəm 801 915 nəfər təşkil edib ki, bu da keçən illə müqayisədə 28,31% aşağıdır. 

53