TANAP

Riçard Morninqstar: “Türk axını” layihəsinin TANAP “Şahdəniz-2” layihələrinə təsiri olmayacaq

9
Türkiyə “Cənub” qaz dəhlizi və Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə əhəmiyyətli bir tranzit mərkəzi mövqeyindədir, deyə ABŞ-ın Azərbaycandakı sabiq səfiri bildirib

 

BAKI, 16 may — Sputnik. “Türk axını” layihəsinin Trans-Anadolu qaz boru kəməri – TANAP və “Şahdəniz-2” layihələrinə heç bir təsiri olmayacaq.

Bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin təsisçisi Riçard Morninqstar deyib. O, Türkiyənin Azərbaycanla çox güclü əlaqələrinin olduğunu və qardaş ölkənin “Türk axını” ilə TANAP-ın mübarizə aparmasına icazə verməyəcəyini vurğulayıb.

“Türk axını” layihəsinin TANAP və “Şahdəniz-2” layihələrinə təsir edəcəyini düşünmürəm. Əgər Türkiyə “Türk axını” layihəsinin Azərbaycan qazının Avropaya nəql edilməsi şansını azaltmağa icazə versə, bu təəccüb doğurar. TANAP və “Şahdəniz-2” layihələrində bir çox Türkiyə şirkəti iştirak edir. Azərbaycanla Türkiyə arasında əlaqələrin nə dərəcədə güclü olduğunu da unutmaq olmaz”, – deyə R.Morninqstar bildirib.

R.Morninqstar qeyd edib ki, Türkiyə “Cənub” qaz dəhlizi və Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə əhəmiyyətli bir tranzit mərkəzi mövqeyindədir. “Türkiyə enerji qaynaqları baxımından çox mühüm bir bölgənin mərkəzində yer alıb. Enerji ilə əlaqədar bütün məsələlər Türkiyəni əhatə edir və bu ölkənin ətrafında inkişaf edir”, – deyə ABŞ-ın Azərbaycandakı sabiq səfiri bildirib.

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu imkanının sonradan 24 milyard kubmetrə və daha sonra 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. 1850 kilometr uzunluğunda “Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

“Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur ki, layihədə ilk təbii qaz nəqlinin 2016-ci ilin sonlarında həyata keçirilməsi planlaşdırılır.

9