Əli Həsənov Press Association AP agentliklərinin rəhbərləri ilə görüşüb

10
(Yenilənib 20:03 20.05.2015)
Əli Həsənov qonaqlara Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti, kütləvi informasiya vasitələrinin fəaliyyəti, onların inkişafına dövlət dəstəyi barədə ətraflı məlumat verib

BAKI, 15 may — Sputnik. Mayın 14-də Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda səfərdə olan Böyük Britaniyanın Press Association xəbər agentliyinin baş icraçı direktoru, Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Klayv Marşal və ABŞ-ın Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski ilə görüşüb.

Prezidentin köməkçisi Əli Həsənov qonaqlara Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti, kütləvi informasiya vasitələrinin fəaliyyəti, onların inkişafına dövlət dəstəyi barədə ətraflı məlumat verib. Əli Həsənov Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlər barədə danışaraq, “Bakı-2015”-in rəsmi informasiya agentliyi olan AZƏRTAC-ın tərəfdaşları — Associated Press və Press Association agentlikləri tərəfindən də bu idman tədbirinin geniş işıqlandırılacağına əminliyini vurğulayıb. Əli Həsənov 2016-cı ildə Bakıda keçiriləcək V Dünya Xəbər Agentlikləri Konqresinin, habelə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının Baş Assambleyasının yüksək səviyyədə təşkil olunması üçün Azərbaycan hökuməti tərəfindən bütün lazımi tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Klayv Marşal qeyd edib ki, bu ilin martında Bakıda keçirilmiş Dünya Xəbər Agentlikləri Şurasının iclasında Avropa Oyunlarının işıqlandırılması və Dünya Xəbər Agentlikləri Konqresinə hazırlıq məsələləri ətrafında geniş müzakirələr aparılıb. O, Azərbaycanın dostları kimi medianın inkişafı, onun problemlərinin həlli və peşəkarlığın yüksəldilməsi ilə bağlı lazımi dəstəyi göstərməyə hazır olduqlarını söyləyib.

Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski xəbər agentliklərinin təmsilçiləri kimi Azərbaycanda medianın inkişafına və Dünya Xəbər Agentlikləri Konqresinin uğurla keçməsinə kömək göstərəcəklərini diqqətə çatdırıb, bu məsələlərlə bağlı fikirlərini bölüşüb.

Görüş zamanı mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi, medianın müstəqilliyinin gücləndirilməsi, dünyada mövcud olan müasir standartların tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlar səmimi görüşə görə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova minnətdarlıqlarını bildiriblər.

10
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Azərbaycan ordusu Ermənistan ərazilərini atəşə tutmur, cavab tədbiri görür - MN

10
(Yenilənib 22:50 31.10.2020)
Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması nəticəsində yaralıların və xeyli sayda dağıntıların olması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti təxribatdır.

BAKI, 31 oktyabr - Sputnik. Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır və düşmənin növbəti təxribatıdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb. 

Məlumatda bildirilir ki, Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması nəticəsində yaralıların və xeyli sayda dağıntıların olması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti təxribatdır.

Ermənistan-Azərbaycan dövlət sərhədinin Qubadlı sahəsində rayonun 4-5 km dərinliyində, Azərbaycan ərazisində artilleriya qurğularının atəş nöqtələrini yerləşdirən düşmən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusunun bölmələrini gün ərzində intensiv atəşə tutub. Yalnız sərhədlərimiz çərçivəsində tərəfimizdən düşmənin həmin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görülüb.

Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur. Azərbaycan Ordusu dünya birliyi tərəfindən tanınan ölkəmizin sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa edir.

10
Teqlər:
Ermənistan silahlı qüvvələri, Ermənistan ordusu, Ermənistan, Müdafiə Nazirliyi
Əlaqədar
Müdafiə Nazirliyi Əsgəran, Ağdərə və Xocavəndin bombalanması barədə
Müdafiə Nazirliyi: "Azərbaycan tərəfinin hücum cəhdi olmayıb"
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki məhv edildi
Müdafiə Nazirliyi Xocalıdakı Qarabulaq kəndi ilə bağlı məlumat yaydı
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - Müdafiə Nazirliyi
Rəşad Alızadə

Kəlbəcərlilər öz yurdlarına onları ölümdən qurtaran həmin QAZ-69-la qayıdacaqlar

63
Kəlbəcərdən çıxanda dörd yaşı olan Rəşad Alızadə o dəhşətli gecəni Sputnik Azərbaycan-a danışıb: "Qadının qucağındakı körpə ölmüşdü. O, qucağında körpənin cəsədi, gecə vaxtı yolu qışqıra-qışqıra qaçırdı.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Rəşad Alızadə Kəlbəcər sakinidir. Oradan çıxanda heç 5 yaşı tamam olmamışdı. Yaşının az olmasına baxmayaraq, hər şeyi bugünkü kimi xatırlayır. Rəşadın ailəsi Kəlbəcərdən əliyalın çıxıb. Onları isə ölümün pəncəsindən QAZ-69 xilas edib. Qəhrəmanımız müharibənin onda buraxdığı acı xatirələri Sputnik Azərbaycan-a danışıb.

"Oradan gələndə, cəmi 4 yaşım var idi. Müharibə elə bir məfhumdur ki, adam onu neçə yaşda olur-olsun, xatırlayır. O ab-hava, o dəhşət insanın yaddaşından silinmir", - deyən Rəşad doğma yurdlarından çıxdıqları günü belə xatırlayır:

"Əslində 2 dəfə çıxmışıq oradan. İlk dəfə Laçın işğal olunanda Kəlbəcər sakinlərini çıxardılar. İkinci dəfə isə Kəlbəcər rayonu işğal olunanda oradan çıxdıq. Rayonun mərkəzində yaşayırdıq. Gecə saatları idi. Rayonun mərkəzinə "Qrad" mərmisi düşdü. Anam həmin vaxt pəncərənin qabağında mənə yemək yedizdirirdi. Ümumiyyətlə həmişə atışma səsi olurdu deyə, biz bu səsləri eşitməyə vərdiş eləmişdik. Gecə saatları olmasına baxmayaraq, elə bil gündüz idi, çünki hər tərəfdə atışma vardı. Anam məni necə bağrına basdısa, həmin ağrını hələ də hiss edirəm. Cavan ailə idilər, anam məni qorumağa çalışırdı, atam da çarəsiz qalmışdı. Çox dəhşətli mənzərə idi. Hər kəsə əmr verildi ki, evlər boşaldılsın. Hamımız QAZ-69-a minib ata-baba yurdumuzu tələsik tərk elədik".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Alızadələr ailəsi çox böyük əzab-əziyyətlə rayonu tərk etməyə nail olublar:

"Kəlbəcərdən çıxdıq, Murov yolu ilə gəldik. Yolda maşında texniki problemlər oldu. Nəzərə alsaq ki, yayın ən qızmar ayında belə Murov dağında qar olur, aprel ayında vəziyyətin necə olacağını təsəvvür edin. Maşının istilik sistemində problem var idi. İstilik olsun deyə bir neçə heyvanı maşına atmışdılar ki, onların hənirtisi ilə isinə bilək. Yadımdadır ki, mənim boynuma balaca bir quzu qoymuşdular. Yanlarıma heyvan yığırdılar ki, isinə bilək".

Kəlbəcəri tərk edərkən qarşılaşdıqları mənzərə Rəşadın beyninə əbədi həkk olunub:

"Yol gələndə atışma oldu. Gecə saatları idi. Murovu qalxanda Yanışaq kəndini keçəndən sonra bir mənzərə ilə qarşılaşdıq. Qadının qucağında körpəsi var idi. Körpə ölmüşdü. Amma o, övladını buraxmırdı. Qışqıra-qışqıra yolun ortası ilə gedirdi. Sanki havalanmışdı. Bizim xalqımız bundan qat-qat betər dəhşətləri görüb. Bunları unutmaq olmaz".

Rəşad hesab edir ki, bu yaraların acısı ancaq torpaqlarımız tam azad olduqdan sonra bəlkə də bir az azalacaq.

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Qəhrəmanımızın ən böyük arzusu illər əvvəl yol yoldaşları olan QAZ-69-la doğma yurdlarına qayıtmaqdır:

"Çox şükür ki, bu gün müzəffər Ordumuz ard-ardına qələbələr qazanır. Bu xəbərlər biz qarabağlıların acısını az da olsa, azaldır. 1993-ü ildən maşının mühərriki işə salınmayıb. O maşın bizim Kəlbəcər xatirəmizdir, bizi ölümdən qurtarıb. Onu yenidən təmir etmək, qaçqın statusunu Bakıda qoyub, onunla ailəmi Kəlbəcərə aparmaq istəyirəm".

Uşaqlıq illərini məcburi köçkün kimi yaşayan Rəşad deyir ki, ermənilər onunla bərabər 100-lərlə uşağın uşaqlığını əlindən alıblar:

"Biz uşaqlıq yaşamadıq. Bunun bədəlini artıqlaması ilə ödəməlidirlər, ödəyirlər də. Bakıda Kooperativ Texnikumun 2 nömrəli yataqxanasında məskunlaşdıq. Təsəvvür edin, o binaya 365 ailə sığışmışdı. Müstəqilliyin ilk illəri, olduqca çətin dövrlər idi. 9-cu mərtəbəyə vedrə ilə su qaldırırdıq. Evləri qızdıra bilmirdik. İşsizlik baş alıb gedirdi. Normal məktəbimiz belə yox idi".

Həmsöhbətimiz onları xilas edən maşının tarixçəsindən də danışdı: "Maşın 1961-ci ildə istehsal olunub. Ana babama xidməti maşın kimi verilmişdi. O, rayonun baş aqronomu idi. Ata babam isə rayonun "bazarkom"u olub. 1974-cü ildə o maşını babama xidmətlərinə görə hədiyyə ediblər. Babam da maşını qızına cehiz verib. Həmin dövürdən o maşını atam sürüb".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Həmsöhbətimiz hesab edir ki, erməni vandallarının törətdikləri vəhşiliklərlə bağlı nə qədər yazılsa da, azdır. O hissləri danışmaqla, göstərməklə çatdırmaq mümkün deyil:

"Allah bir də millətimizə bu hissləri yaşatmasın. Doğmalarımızı itirəndə düşünürük ki, bu, belə də olmalıdır. Amma vətəni itirəndə bununla barışmaq olmur. Boynubükük gəzirdik. Bu, millət üçün, dövlət üçün başıaşağılıq idi. İndi prezidentimizin iddialı çıxışlarını, o çıxışların arxasındakı qələbələri gördükcə, ürəyimiz dağa dönür. "Kişilər ağlamaz" deyirlər. Amma mən hər qələbə xəbərini eşidəndə, ağlayıram. Bilirəm ki, bütün azərbaycanlılar mənimlə eyni hissləri keçirirlər".

Rəşadın nənəsi Ruzigarın 100-dən artıq yaşı var. O da tezliklə doğulduğu torpaqlara qayıtmaq arzusundadır: "Ruzigar nənənin 100-dən artıq yaşı var. Nənəm deyir özümü sıxıb saxlamışam ki, ölməyim, Kəlbəcəri görüm. Nənəm dağ adamı idi, Bakının mərkəzində, yataqxana şəraitində yaşamaq onun üçün ölümdən betər idi. Düzdür, Bakı da bizimdir, paytaxtımızdır. Amma insanın doğulduğu yeri heç nə əvəz eləmir. Nənəm gecə-gündüz yatmır, televizorun qabağından çəkilmir. Qələbə xəbərini gözləyir".

63
Gürcüstan bayrağı, arxiv şəkli

Gürcüstanda mandat yarışı: "Gürcü arzusu" liderdir, Saakaşvili isə qalib "VMH"-dir deyir

0
(Yenilənib 23:18 31.10.2020)
Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

BAKI, 31 oktyabr - Sputnik. Gürcüstanda parlament seçkiləri yekunlaşıb. İlkin məlumatlara əsasən, bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.

Sputnik Gürcüstan-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze səsverməyə 1 970 540 seçicinin qatıldığını deyib. 

Ən yüksək seçici fəallığı 63,8% olmaqla Raça-Leçxumi və Svaneti, ən aşağı fəallıq isə 51% olmaqla azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində qeydə alınıb.

Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

İştirakçılar qarşısında çıxış edən partiyanın rəhbəri Bidzina İvanişvili bildirib ki, Gürcüstan bu gün layiqli seçim edib. O, seçicilərə minnətdarlıq ifadə edib.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "Mtavari" telekanalına müsahibəsində "Gürcü arzusu"nun parlament seçkilərini uduzduğunu deyib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər.

"Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək", deyə Saakaşvili bildirib.

VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.

0
Teqlər:
"Gürcü arzusu", Gürcü arzusu partiyası, Bidzina İvanişvili, Parlament seçkiləri, seçkilər, Mixeil Saakaşvili, Gürcüstan
Əlaqədar
Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”
Gürcüstanda parlament seçkiləri: Giorgi Qaxaria "ölkənin demokratik inkişafına" səs verib