CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiyaçılara ildə iki dəfə əlavə müavinətin verilməsi təklif edilir

© Sputnik / Elvin AhmadPensiya
Pensiya - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
Komitə sədri, həmçinin şəhid övladlarının təhsil güzəştinə tətbiq edilən yaş məhdudiyyətinin götürülməsini təklif edib.
BAKI, 15 mart — Sputnik. Pensiyaçılara ildə iki dəfə bayramlar münasibətilə əlavə müavinətin verilməsi təklif edilir. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.
Komitə sədri bildirib ki, minimum həddə əmək pensiyası alan pensiyaçılarin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün onlara ildə iki dəfə bayramlar münasibətilə əlavə müavinət verilməsi imkanına baxılması yaxşı olar.
Komitə sədri, həmçinin şəhid övladlarının təhsil güzəştinə tətbiq edilən yaş məhdudiyyətinin götürülməsini təklif edib.
© Sputnik / Murad OrujovMillət vəkili Musa Quliyev
Millət vəkili Musa Quliyev - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Millət vəkili Musa Quliyev
M.Quliyev çıxışında, eyni zamanda Bakı-Gəncə-Ağstafa sürət qatarından qərb bölgəsinin əhalisinin daha səmərəli istifadəsini təmin etmək üçün biri Bakıdan və digəri Ağstafadan səhər çıxmaq və axşam geri qayıtmaq şərti ilə bu xəttə hər gün 2 qatar buraxılmasını da tövsiyə edib.
Qeyd edək ki, Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı səsverməyə çıxarılaraq qəbul edilib.
Xatırladaq ki, 1 fevral 2023-cü ildən etibarən əmək pensiyasının minimum həddi 240 manatdan 280 manata çatdırılıb. 2019-cu ilin əvvəlində ölkə üzrə minimum pensiyanın məbləği 119,75 manat təşkil edirdi.
"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0