NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan qazı Ukrayna üzərindən tranzit həcmini əvəz edəcəkmi

© AFP 2023 / JUAN BARRETOQaz
Qaz - Sputnik Azərbaycan, 1920, 07.03.2024
Abunə olmaq
Bu ilin sonunda Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti ilə bağlı müqavilə başa çatır. Bunun fonunda Avropa ölkələri Azərbaycan Respublikasından (AR) idxalı ikiqat artırmaq niyyətlərini bəyan ediblər.
BAKI, 7 mart — Sputnik. Avropanın enerji resursları ilə təmin edilməsi hələ də Brüsselin qarşısında kəskin məsələ olaraq durur və bu məsələdə Avropa İttifaqının ikili mövqeyi müşahidə olunur.
Bir tərəfdən, Avropa ölkələri fəal şəkildə qaz idxalının yeni mənbələrini axtarır, tədarük həcminin artırılması ilə bağlı danışıqlar aparır, həmçinin, məsələn, Türkmənistan qazının Azərbaycan ərazisi və infrastrukturu vasitəsilə Avropaya çatdırılması üçün Transxəzər qaz kəmərinin tikintisi kimi yeni infrastruktur layihələrinin icrasına çağırırlar.
Digər tərəfdən, Aİ Rusiya qazının Avropaya tranziti ilə bağlı Rusiya ilə sazişin yenilənməsindən imtina etmək üçün Ukraynaya təzyiq göstərir, həmçinin Avropa ölkələrinin "mavi yanacaq" istehlakını daha da azaltmaq niyyətini bəyan edir.
Xatırladaq ki, bu ilin sonunda Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranzitinə dair müqavilə başa çatır. Bu müqaviləyə əsasən, Avropa gündəlik 30-45 milyon kubmetr yanacaq alır. Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bazar ertəsi bildirib ki, Aİ 2025-ci ildən etibarən Rusiya qazının Ukrayna ərazisindən tranzitindən imtina edəcək. Eyni zamanda, o, dərhal qeyd edib ki, Aİ ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa qoyulmasının əleyhinədirlər.
Bundan əlavə, bazar ertəsi keçirilən növbəti iclasda Aİ-nin energetika nazirləri qaz istehlakının könüllü şəkildə azaldılması tələbinin daha bir il, yəni 2025-ci il martın 31-dək uzadılmasını dəstəkləyiblər.
Aİ-dən Azərbaycan qazına yaşıl işıq
Avropa Komissiyasının bu bəyanatları martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində 10-cu iclasın başa çatması fonunda verilib. Tədbirdə Kadri Simson Bakı ilə Brüssel arasında qaz tədarükü sahəsində əməkdaşlıqdan kifayət qədər səmimi danışaraq qeyd edib ki, Aİ-də bəziləri Cənub qaz dəhlizinin (CQD) genişləndirilməsini bəyənməsələr də, o, hesab edir ki, Azərbaycan və Avropa İttifaqının enerji sahəsində kooperasiya potensialı genişləndirilməlidir.
Simson qeyd edib ki, eyni zamanda, Avropa ölkələri Azərbaycandan qaz idxalını artırmaq üçün kollektiv niyyətlərini ifadə edirlər. Avropa komissarı, həmçinin bəyan edib ki, Aİ ölkələri 2027-ci ilə qədər Azərbaycanla qaz ticarətini iki dəfə artırmaq niyyətindədirlər.
Lakin Azərbaycanın energetika naziri Pərviz Şahbazov iclasın yekunlarına dair mətbuat konfransında bildirib ki, CQD-nin birinci mərhələsi Avropa institutlarının uzunmüddətli müqavilələri və maliyyə dəstəyinin mövcudluğu şəraitində həyata keçirilib. Amma hazırda Avropada bu istiqamətdə siyasət dəyişib, maliyyə qurumları belə layihələri dəstəkləmirlər, qaz alışı isə qısamüddətli müqavilələr əsasında həyata keçirilir. Şahbazov əlavə edib ki, Azərbaycan bütün bu faktları nəzərə alaraq CQD-ni genişləndirmək qərarına gəlib.
Azərbaycan qazı diqqət mərkəzindədir
Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzrə işlər yavaş-yavaş, lakin əminliklə davam edir. Belə ki, "TAP AG" boru kəməri şirkətinin idarəedici direktoru Luka Şippati ilə görüşdə Şahbazov qeyd edib ki, Trans-Adriatik Boru Kəməri (TAP) 2025-ci ilin sonunadək genişləndirilmənin birinci mərhələsinin bir hissəsi kimi, 2025-ci ilin sonunadək Azərbaycandan əlavə 1,2 milyard kubmetr qaz qəbul etməyə hazır olacaq. Bu həcmdən 2026-cı ildən İtaliya 1 milyard kubmetr alacaq, daha 200 milyon kubmetr Albaniyaya gedəcək.
Azərbaycandan qaz tədarükünün artması ərəfəsində Avropa ölkələri daxili qaz nəqli şəbəkələrini fəal şəkildə genişləndirir və modernləşdirirlər. Belə ki, yanvar ayında Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya, Moldova və Ukrayna Şaquli Dəhliz layihəsini həyata keçirmək barədə razılığa gəliblər. Bu layihə qazın, o cümlədən Azərbaycan qazının Yunanıstandan Bolqarıstan, Rumıniya, Moldova və Ukraynaya mövcud daxili qaz ötürücü şəbəkələri vasitəsilə çatdırılması üçün nəzərdə tutulub.
Bundan başqa, Şimali Makedoniya da Azərbaycan qazını almaq niyyətindədir. Onu birbaşa Yunanıstandan idxal etmək üçün ölkə rəhbərliyi Nea Mesemvriyadan (Yunanıstan) Gevgeliyaya (Şimali Makedoniya) uzunluğu 123 km və tutumu 1,5 milyard kubmetr olan interkonnektor qurur. Xorvatiya, həmçinin Albaniyada Transadriatik boru kəmərinə birləşdiriləcək İon-Adriatik qaz kəməri (İAP) layihəsinin həyata keçirilməsindən sonra Azərbaycan qazını idxal etməyi planlaşdırır.
Ümumiyyətlə, bu gün İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya kimi Avropa ölkələri müxtəlif həcmlərdə Azərbaycan qazı alırlar. Ötən ilin sonunda bu ölkələrə ümumilikdə 11,8 milyard kubmetr qaz verilib.
Aİ-nin Ukrayna ərazisindən tranzitdən imtina etmək cəhdləri
Aİ bu gün Ukrayna ərazisindən tranzitlə gələn Rusiya "mavi yanacağ"ından imtina etməyə hazırlaşaraq qaz tədarükünü artırmaq yollarını fəal şəkildə axtarır. Eyni zamanda, İtaliya, Avstriya və Slovakiya kimi bir sıra Avropa ölkələri hələ də Ukrayna ərazisindən keçən ildə 15 milyard kubmetr qazdan ciddi şəkildə asılıdır.
Bununla yanaşı, Avropa Komissiyası bildirib ki, eyni Rusiya qazının nəql olunduğu "Türk axını" kəməri ilə qaz nəqli artırılacağı üçün bu ölkələrdə qaz təchizatı ilə bağlı heç bir problem olmayacaq.
Belə olan halda, digər tərəfdən, hələ də "Türk axını" ilə Rusiya qazının idxalını artırmaq niyyətindədirsə, Aİ-nin Ukrayna vasitəsilə nəqli dayandırmaqda niyə israr etdiyi tam aydın deyil.
Eyni zamanda, Azərbaycandan tədarükün artırılmasını Ukrayna tranzitinin əvəzi hesab etmək kifayət qədər məqsədəuyğun deyil. Belə ki, Azərbaycan qaz hasilatını və ixracını mərhələli şəkildə artırmağı planlaşdırır və tədarükləri dərhal tələb olunan həcmə çatdırmaq mümkün deyil.
Bundan əlavə, Avropa Komissiyası Ukrayna ərazisindən tranzit həcmlərinin Avropa Enerji Platforması vasitəsilə Aİ ölkələrinin birgə satınalmaları hesabına kompensasiya edilməsini təklif edir. Lakin nəzərə almaq lazımdır ki, bu platformada əsas təchizatçılar artıq Avropaya qaz satan eyni ölkələr, xüsusən də qısa müddətdə itkin qazı təmin edə bilməyən Norveç, Azərbaycan, ABŞ, Əlcəzair olacaq. Bu ölkələr isə hətta Aİ-də "mavi yanacağın" istehlakının daha da azaldılması nəzərə alınsa belə, çatışmayan 15 milyard kubmetri tədarük edə bilməyəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
qaz - Sputnik Azərbaycan, 1920, 20.02.2024
NEFT-QAZ
Pul tapıldı - Şimali Makedoniya Azərbaycan qazına bir addım da yaxınlaşacaq
Xəbər lenti
0