Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəblərdə problem - Fənn müəllimləri başqa fənləri də tədris edir

© iStock.com / alexeyrumyantsevMəktəbdə müəllim, arxiv
Məktəbdə müəllim, arxiv - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Ombudsmanın məruzədə bir müəllimin öz fənni ilə yanaşı digər fənləri də tədris etməsi problemi də öz əksini tapıb.
BAKI, 29 fevral — Sputnik. "Sagirdlərə dərsliklərin digər çalışma və köməkçi vəsaitlərlə birlikdə məhz dövlət hesabına verilməsi məqsədəmüvafiqdir". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Ombudsman qeyd edib ki, tədris prosesində istifadə edilən dərsliklər şagirdlərə dövlət hesabına verilir. Bununla belə, tədris proqramının tam qavranılması üçün zəruri köməkçi vəsaitlərin, habelə iş dəftərlərinin şəxsi vəsait hesabına alınması narazılıqlara səbəb olur:

"Tədris üçün zəruri olan köməkçi vəsaitlərin, o cümlədən iş dəftərlərinin valideynlərin şəxsi hesabına əldə edilir, bu vəziyyət valideynlərin (xüsusilə ailədə iki və daha çox uşaq olduqda), ələlxüsus aztəminatlı ailələrin narazılığına səbəb olur. Eyni zamanda uşaqların həmin köməkçi vasitələr olmadan tədris proqramını tam qavraması da mümkün deyil."

Ombudsman bütün bunları nəzərə alaraq, ümumtəhsil məktəblərində tədris proqramlarında nəzərdə tutulmuş dərsliklərin digər çalışma və köməkçi vəsaitlərlə komplekt şəkildə şagirdlərə dövlət hesabına verilməsi və ya tədris metodikasında zəruri dəyişikliklər edilməklə həmin vəsaitlərin əvvəlki illərdə olduğu kimi dərs vəsaitlərinə inteqrasiya edilməsini təklif edib.
Məruzədə bir müəllimin öz fənni ilə yanaşı digər fənləri də tədris etməsi problemi də öz əksini tapıb. Ombudsman qeyd edib ki, əvəzçilik qaydasında və müddətli əmək müqaviləsi ilə ixtisaslı müəllimlərin cəlb olunmasına baxmayaraq, ölkənin bəzi ucqar kənd və qəsəbələrində yerləşən orta ümumtəhsil məktəblərində kadr çatışmazlığı müşahidə edilməkdədir. Belə ki, ixtisaslı müəllimlər öz fənləri ilə yanaşı, ehtiyac olduğu təqdirdə digər fənləri də tədris edirlər ki, bu da təhsilin keyfiyyətinın aşağı düşməsinə, eyni zamanda şagird və valideynlərin ciddi narazılığına səbəb olur:

"Vətəndaşın əsas şikayəti müvafiq fənnin digər ixtisaslı kadr tərəfindən tədris edilməməsi ilə bağlıdır. Bir sözlə, istinad edilən qanunvericilik aktının müvafiq müddəası qeyd olunan problemin həlli yolu kimi çıxış edə bilməz. Belə halların davamlı olmasını və təhsil hüququna neqativ təsirini nəzərə alaraq, kənd rayonlarında, xüsusilə ucqar yaşayış məntəqələrində yerləşən ümumi təhsil müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsinə, bu məqsədlə kadrların işə cəlb olunmasının stimullaşdırılması məsələlərinə diqqət artırılmalıdır".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0