SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə XİN AŞPA-ya Azərbaycanla bağlı çağırış edib

© Photo : Social media page of MFA TurkeyTürkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.02.2024
Abunə olmaq
Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə çağırır.
BAKI, 16 fevral — Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüflənir. Bu barədə Türkiyə XİN bəyanat yayıb.
Qeyd olunub ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir. "Aydındır ki, əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək.
Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə çağırır" - bəyanatda deyilir.
​Yanvarın 24-də Avopa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin etimadnaməsini qəbul etməyərək bir il müddətində Assambleyadan kənarlaşdırmağa qərar verib. AŞPA-nın qətnaməsində 20 ildən artıq Avropa Şurasına üzv olmasına, bugünədək qəbul edilmiş çoxsaylı qətnamələrə baxmayaraq, Azərbaycanın təşkilat qarşısında götürdüyü mühüm öhdəlikləri yerinə yetirməməsindən dərin narahatlıq ifadə edilir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov etimadnamənin qəbul edilməməsi ilə bağlı təşəbbüsün Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.
"Bəzi qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqları üçün sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbür, şovinizm üstünlük təşkil edən praktikaya çevrilib" - Azərbaycanın nümayəndə heyətinin bəyanatında vurğulanır.
10.02.24, 15:28
Türkiyə parlamentinin spikeri AŞPA-nın anti-Azərbaycan qərarını qınayan bəyanat yayıb
Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Numan Kurtulmuş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə bağlı qərəzli qərarını qınayıb.
Kurtulmuşun bəyanatı Türkiyə parlamentinin rəsmi səhifəsində dərc olunub.
“Türkiyə Böyük Millət Məclisi (TBMM) AŞPA-nı dəstəklədiyi prinsipləri qətiyyətlə müdafiə etməyə, bölücü deyil, birləşdirici platforma olmağa və Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməyə çağırır” - bəyanatda deyilir.
Kurtulmuş AŞPA-nın Azərbaycanla bağlı qərarından məyus olduğunu və bu qərara yaxın vaxtlarda yenidən baxılacağını gözlədiyini qeyd edib. Siyasətçi xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu qurumla əməkdaşlıq etdiyi illər ərzində təkcə onun əsas prinsiplərinin həyata keçirilməsinə mühüm töhfə verməyib, həm də mədəni müxtəlifliyin qorunmasında və mədəniyyətlərarası dialoqun təşviqində aparıcı rol oynayıb (Report).
Xatırladaq ki, Azərbaycan 2001-ci ildə Avropa Şurası və AŞPA-nın tamhüquqlu üzvü olub. 2024-cü il yanvarın 24-də bəzi avropalı parlamentarilər Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə qarşı absurd ittihamlar səsləndirərək, onun səlahiyyətlərini şübhə altına alıblar. Bunu nəzərə alan Azərbaycan nümayəndə heyəti AŞPA-ya geniş bəyanat yayıb. AŞPA-da mövcud olan irqçilik, azərbaycanofobiya və islamofobiya ab-havası fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatın elan olunmasında sonra zalı tərk edib.
01.02.24, 11:37
AŞPA bəzi qüvvələrin əlində alətə çevrildiyini nümayiş etdirir
"Avropada müəyyən qüvvələr Azərbaycanın qələbəsi ilə heç cür barışa bilmirlər".
Bunu Milli Məclisin bugünkü plenar iclasında spiker Sahibə Qafarova deyib.
Spiker bildirib ki, Azərbaycanın nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətinin dayandırılması qərara alınıb:
"Bu qərar ölkəmizə qarşı irəli sürülmüş əsassız və qondarma ittihamlara cavab olaraq qəbul edilib. Azərbaycana qarşı qərəzin siyasi səbəbləri hamıya məlumdur. Avropada müəyyən qüvvələr 44 günlük vətən müharibəsində Azərbaycanın qələbəsi və suverenliyinin bərpası reallığı ilə heç cür barışa bilmirlər. Bu, Cənubi Qafqazda yeni reallıqlara ciddi zərbədir".
"Həmin qüvvələr sülh və sabitlik üçün göstərilən səylərə ciddi təhlükə yaradırlar. Təəssüf ki, AŞPA bəzi qüvvələrin əlində alətə çevrildiyini nümayiş etdirir" - sədr əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib.
Bəyanatda deyilir:
"Azərbaycan Respublikası qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir. Demokratiya bizim şüurlu seçimimizdir və biz 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olmuşuq. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əsas məqsədi müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dialoq üçün platforma olmaqdan ibarətdir.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi.
2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövlətdən - Ermənistandan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etməyib. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir.
Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra biz Azərbaycanı ləkələmək, Azərbaycan xalqına uzun müddətdir inkar edilən ədalətin bərpası istiqamətində ölkənin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzəyik. Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizə deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir.
Təəssüf ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib.
Biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Biz, həmçinin bu təşəbbüsü Azərbaycanda hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi kimi qiymətləndiririk. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək.
Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib".
Xəbər lenti
0