Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Xəstəliklərin tüğyanı: Azərbaycanda tibbi maska məcburiyyəti bərpa edilə bilər?

© AFP 2023 / LIONEL BONAVENTURETibbi maska
Tibbi maska  - Sputnik Azərbaycan, 1920, 14.02.2024
Abunə olmaq
Hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin (qızılca, COVID-19 koronavirusu, qrip) yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlərin gücləndirilməsi zərurəti yaranıb.
BAKI, 14 fevral — Sputnik. "Hazırda koronavirusla bağlı epidemioloji durum qənaətbəxş hesab olunur. Qızılca ilə bağlı epidemioloji duruma gəldikdə isə demək olar ki, vəziyyət nəzarət altındadır". Bunu Sputnik Azərbaycan-ın sorğusuna cavabda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov söyləyib.
Qeyd edək ki, bu günlərdə Qazaxıstanın baş dövlət sanitar həkimi Ayjan Esmaqambetova tibb müəssisələrində tibbi maskalardan istifadənin məcburi olması və insanların sıx olduğu yerlərdə onların taxılmasını tövsiyə edən fərman imzalayıb. Esmaqambetova "Hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin (qızılca, COVID-19 koronavirusu, qrip) yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlərin gücləndirilməsi haqqında" qərar imzalayıb. Qərar fevralın 8-dən qüvvəyə minib.
Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il Qazaxıstanda COVID-19-a 12 mindən bir qədər çox yoluxma halı qeydə alınıb. 2024-cü ilin yanvarında departament koronavirus infeksiyası ilə bağlı epidemioloji vəziyyətin sabit qaldığına inandırıb. Qızılcaya gəlincə, 2023-cü ildə ölkədə bu xəstəliyə 29 mindən çox yoluxma halı qeydə alınıb. Yanvarın 9-da hökumətin iclasında çıxış edən respublikanın indiki baş naziri Əlixan Smailov qızılca xəstəliyini son on ilin ən böyük epidemiyası adlandırıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb.
Rəsmi məlumatda qeyd edilib ki, yoluxma əsasən uşaqlar arasında müşahidə olunub. Əgər 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınmışdısa, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub. Azərbaycanda qızılcaya yoluxma səbəbindən uşaqlar arasında onlarla ölüm faktı qeydə alınıb. Təkcə bu ilin fevral ayında qızılcadan Azərbaycanda üç uşaq ölümü qeydə alınıb.
Təyyar Eyvazov isə deyir ki, hazırda peyvəndləmə işləri davam etdiyindən epidemik vəziyyət təhlükəli həddə deyil.
"Hazırda koronavirusla bağlı epidemioloji durum qənaətbəxş hesab olunur. Gündəlik yoluxma sayları çox vaxt minimal həddədir, aktiv xəstə sayı da kifayət qədər azdır. Əksər hallarda xəstəlik yüngül keçdiyindən həkimə müraciətlərin azlığı da diqqəti çəkir. Yalnız risk qruplarında müəyyən ağırlaşmalar olur. Qızılca ilə bağlı epidemioloji duruma gəldikdə isə demək olar ki, vəziyyət nəzarət altındadır. Müəyyən bölgələrdə xəstələnmə hallarında azalmalar qeydə alınır. İnfeksiyanın enişi üçün bütün tədbirlər görülür. Həssas şəxslər aşkarlanaraq peyvəndləməyə cəlb olunur. Adətən mülayim iqlimli ərazilərdə bu infeksiyaya yoluxma hallarının yaz aylarında azaldığını nəzərə alsaq, yaxın vaxtlarda ölkəmizdə də anoloji tendensiyanın baş verəcəyini proqnozlaşdırmaq olar" - Səhiyyə Nazirliyinin baş infeksionisti bildirib.
Azərbaycanda son vaxtlar qızılcanın geniş arealda yayılmasına görə tibbi maskadan istifadənin məcburi olması ilə bağlı qərarın verilib-verilməyəcəyi barədə sorğumuza isə Nazirlər Kabineti yanında Operativ Qərargahdan cavab verilmədi.
Bəs görəsən belə bir qərar verilərsə, ölkəmizdə kifayət qədər tibbi maska ehtiyatı varmı? Hazırda tibbi maska istehsalı nə yerdədir?
"Bakı Tekstil Fabriki" MMC-nin direktoru Səkinə Babayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda tibbi maska ilə bağlı nə istehsal var, nədəki ixrac.
"Hazırda 6 ədəd avadanlığımız var ki, gündə 600 maska istehsal edə bilər. Amma tibbi maska istehsalı hələki dayandırılıb. Bu günə olan məlumata görə, 10 milyon tibbi maska ehtiyatımız var. Həmçinin tibbi maska istehsalı zərurəti yaranarsa, bunun üçün kifayət qədər xammalımız var" - fabrik rəhbəri bildirib.
Məlumat üçün onu da bildirək ki, 2020-ci ilin aprel ayının 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib. İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edib.
Xəbər lenti
0