CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beş nəfərin qətlində təqsirləndirilən şəxs niyə xəstəxanada olmayıb? Xəstəxanadan cavab

© Sputnik / Aleksey Suhorukov / Mediabanka keçidXəstəxana
Xəstəxana - Sputnik Azərbaycan, 1920, 14.02.2024
Abunə olmaq
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov bildirib ki, psixi pozuntusu olan şəxslərin psixiatriya stasionarına yerləşdirilməsi "Psixiatriya yardımı haqqında" qanunun və Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun aparılır.
BAKI, 14 fevral — Sputnik. Dünən Xətai rayonunda əvvəlcə bacısı və onun körpə qızını, daha sonra ata-anası və 9 yaşlı qardaşını amansızlıqla öldürməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədovun psixi pozuntusunun olması bu şəxsin niyə vaxtında ruhi-əsəb dispanserinə yerləşdirilməməsi ilə bağlı cəmiyyətdə suallar yaradıb.
Sputnik Azərbaycan psixi pozuntusu olan şəxslərin hansı hallarda və necə psixiatriya xəstəxanasına yerləşdirilməli olduğunu araşdırıb.
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov Sputnik Azərbaycan-a bildirib ki, psixi pozuntusu olan şəxslərin psixiatriya stasionarına yerləşdirilməsi "Psixiatriya yardımı haqqında" qanunun və Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun aparılır.
Psixi pozuntusu olan şəxsin müalicədən imtina etmək hüququ var
Sputnik Azərbaycan-ın sorğusuna Respublika Psixiatriya Xəstəxanasından verilən məlumatda bildirilib ki, "Psixiatriya yardımı haqqında" qanunun tələblərinə görə, psixi pozuntusu olan şəxslər psixiatriya stasionarında müayinə və müalicə üçün zəruri olan müddətdə saxlanılma hüquqlarına malikdirlər. Qanunun 10-cu maddəsində psixi pozuntusu olan şəxsin müalicədən imtina etmək hüququ var. Onun müalicəsən imtina etməsi özünün və qanuni nümayəndəsinin istəyi ilə qanunda nəzərdə tutulmuş müəyyən hallar istisna olmaqla mümkündür. Belə halda psixi pozuntusu olan və müalicədən imtina edən şəxsə və ya onun qanuni nümayəndəsinə mümkün olan nəticələr barədə izahat verilir. Müalicədən imtina edilməsi və onun gələcək nəticələri barədə izahat şəxsin tibbi sənədində qeyd olunur və onun özü, yaxud qanuni nümayəndəsi və həkim-psixiatr tərəfindən imzalanır.
Məcburi yerləşdirmə üçün əsaslar...
Bununla belə Qanunun 11-ci maddəsində qeyri-könüllü psixiatriya yardımı göstərilməsi üçün əsaslar da öz əksini tapıb. Psixi pozuntusu olan şəxsin bilavasitə özü və ətrafdakılar üçün təhlükəli olması psixiatriya stasionarında qeyri-könüllü müalicə üçün əsas verə bilər.
Qanuna görə psixiatriya müayinəsi şəxsin yaşadığı ərazinin müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən müayinə olunanın, yaxud 16 yaşına çatmamış şəxsin valideynlərinin, yaxud qanuni nümayəndəsinin razılığı ilə aparıla bilər. Şəxsin özünə və ətrafdakılara qarşı təcavüzkar hərəkət etdiyi aşkar olunarsa, həkim-psixiatr, o cümlədən təcili yardım müəssisəsinin həkimi şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsi haqqında qərarı dərhal qəbul edə bilər. Sözügedən qanunun 19-cu maddəsinə görə, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması haqqında qərarı yazılı ərizə əsasında həkim-psixiatr qəbul edir. Ərizə psixiatriya müayinəsindən keçməli olan şəxsin qohumları, qonşuları, işlədiyi müəssisənin müdiriyyəti, şəxsi müalicə edən istənilən tibbi ixtisası olan həkim tərəfindən verilə bilər. Bu şərtlə ki, şəxsi ərizənin verilməsindən əvvəlki 14 gün ərzində görmüş olsunlar.
Beləcə "Psixiatriya Yardımı Haqqında" Qanuna əsasən xəstəxanaya məcburi yerləşdirmə xəstənin öz istəyi nəzərə alınmadan yalnız məhkəmə qərarı ilə aparılır. Tövsiyə xarakterli yerləşdirmə isə-poliklinika göndərişi, təcili yardım, təxirəsalınmaz qaydada aparılır. Xəstə qohumlarının ərizəsi əsasında evə yazılır. Xəstə yaxınları xəstənin xəstəxanaya yerləşdirilməsi üçün poliklinikaya, təcili yardıma, polisə və birbaşa xəstəxanaya müraciət edə bilərlər.
© Photo : social page of Ahmed Ahmedov5 nəfəri qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov, arxiv
5 nəfəri qətlə yetirən - Sputnik Azərbaycan, 1920, 14.02.2024
5 nəfəri qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov, arxiv
Xəstə nə zaman xəstəxanadan buraxıla bilər?
Xəstə məcburi müalicədə və qeyri-könüllü müalicədə deyilsə öz istəyi ilə istənilən vaxt evə yazıla bilər, o halda ki, xəstənin ruhi vəziyyəti buna imkan versin. Xəstəyə onun hüquqları, sonrakı müalicə qaydası izah edilərək sahə üzrə psixiatr müayinəsi tövsiyə olunur.
Bu cür şəxslərin psixiatriya stasionarına yerləşdirmək üçün əsaslara gəlincə, bu məsələ barədə Qanunun 22-ci maddəsində qeyd edilir ki, psixiatriya stasionarına yerləşdirmək üçün şəxsdə psixi pozuntunun olması və stasionar şəraitində müayinə və müalicə aparılması haqqında həkim-psixiatrın rəyi , qeyri-könüllü hospitallaşdırma zamanı isə məhkəmənin qətnaməsi əsas götürülür. Belə şəxslərin psixiatriya stasionarına yerləşdirilməsinə yalnız ambulator müalicənin məqsədəuyğun olmadığı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün stasionardankənar yardımın səmərəsiz olduğu hallarda icazə verilir.
Qanunun 29-cu maddəsinə görə isə, səxs vəziyyətinin yaxşılaşması və ya tam sağalması nəticəsində stasionar müalicəsinə ehtiyacı olmadıqda, habelə stasionarda qalmasına əsas verən müayinə başa çatdıqda, pasiyent özünün, yaxud valideyninin və ya qanuni nümayəndəsinin ərizəsinə və həkim-psixiatrın qərarına əsasən psixiatriya stasionarından çıxarılır. Psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilmiş şəxs həkim-psixiatr komissiyasının rəyi və ya hospitallaşdırma müddətinin uzadılmasından imtina edilməsi barədə məhkəmə qətnaməsi əsasında psixiatriya stasionarından çıxarılır.
Evdə müalicə davam etməsə, ağırlaşma daha ciddi olur
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov da Sputnik Azərbaycan-a bildirib ki, psixi pozuntusu olan şəxslər məcburi şəkildə ruhi əsəb dispanserində saxlanıla bilməz. Yalnız cinayət törətdikləri halda məcburi şəkildə şəxs ruhi əsəb dispanserinə yerləşdirilir.
© SputnikPsixoloq Rövşən Nəcəfov
Psixoloq Rövşən Nəcəfov  - Sputnik Azərbaycan, 1920, 14.02.2024
Psixoloq Rövşən Nəcəfov

"Bu mərkəzlərə pasiyentlər könüllü şəkildə yerləşdirilir və çıxardılır. Pasiyent tibb müəssisəsindən evə psixi vəziyyətində remissiya əldə edildikdə buraxılır. Bu zaman onun evdə müalicəsi tövsiyyə olunur. Evdə müalicə davam etməzsə, təkrar eyni vəziyyətinə dönür və bu dəfə ağırlaşma daha ciddi olur" - Rövşən Nəcəfov bildirib.

Əhməd psixi xəstə kimi qeydiyyatda olubmu?
O ki, qaldı Əhməd Əhmədovun psixi xəstə kimi qeydiyyatda olub-olmamasına, qanun bu məlumatın ictimaiyyətə açıqlanmasına yol vermir.
Qeyd edək ki, tükürpədən qətl hadisəsini törətməkdə təqsirli bilinən Əhməd Əhmədovun əvvəllər həmyaşıdını bıçaqlaması, hətta öldürməsi ilə bağlı iddialar da səslənir. Amma onun psixiatriya stasionarında qeydiyyatda olub-olmadığına dair rəsmi məlumatlar yoxdur. Yalnız onun qohumları Sputnik Azərbaycan-a bildiriblər ki, Əhməd Əhmədov psixi pozuntusu olduğu üçün müalicə alırmış. Belə ki, atası öz qohumlarına son vaxtlar Əhmədin dərmanlarını qəbul etmədiyindən şikayətlənib. Qohumlar onun psixoloji problemlərin olduğunu, qeyri-adekvat davranışlar etdiyini təsdiqləyiblər.
Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0