Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Qarabağ universitetində tələbə olmağın hansı üstünlükləri var? VİDEO

© Sputnik / Murad OrujovВид на Ханкенди, фото из архива
Вид на Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.02.2024
Abunə olmaq
Zəfər Hüseynov bildirib ki, Qarabağda geniş quruculuq işləri getdiyindən bütün sahələr üzrə ixtisaslı kadrlar olmalıdır.
BAKI, 10 fevral — Sputnik. Xankəndidə fəaliyyətə başlayacaq Qarabağ universitetində yaradılacaq şərait, burada təhsil alacaq tələbələrə təqaüdün verilməsi bu ali təhsil müəssisəsini qısa zamanda ən reytinqli universitetə çevirəcək.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında vaxtilə Xankəndi Pedoqoji İnstitutunda müəllim işləmiş Zəfər Hüseynov bildirib.
O qeyd edib ki, Qarabağ universitetində müasir təlim metodlarından istifadə olunmalıdır. Onun sözlərinə görə, burada Avropa təhsilinə inteqrasiya yönündə iş aparılmalıdır. Bunun üçün isə universitetə yüksək ixtisaslı kadrlar cəlb olunmalıdır.
Z.Hüseynov bildirib ki, Qarabağda geniş quruculuq işləri getdiyindən bütün sahələr üzrə ixtisaslı kadrlar olmalıdır:
"İlk növbədə müəllim peşəsi üzrə kadr hazırlığı aparılmalıdır. Çünki, Qarabağda əhalinin məskunlaşması davam edəcək. Bundan başqa, İT sahəsi üzrə kadrlar hazırlanmalıdır. Turizm sahəsində mütəxəssis hazırlığına da önəm verilməlidir. Çünki, Qarabağın böyük turizm potensialı var. Eləcə də kənd təsərrüfatı və iqtisadiyyat sahəsi üzrə də mütəxəssis aparılmalıdır. Nəzərə almaq lazımdır ki, Qarabağın iqlimi kənd təsərrüfatının inkişafına geniş imkanlar yaradır".
Z.Hüseynov onu da əlavə edib ki, Xankəndi Pedoqoji İnstitutu dağıdıqdan sonra onun Azərbaycan bölməsinin bazası əsasında Şuşa filialı fəaliyyət göstərib. Hazırda həmin filial Ağcabədidə yerləşir:
"Çox yaxşı olardı ki, könüllülük prinsipi əsasında orada təhsil alan tələbələr Qarabağ universitetinə köçürülsünlər. Onların buraxılış diplomlarında da Qarabağ universiteti yazılsın. Sırf həmin filialın tələbələrinin Qarabağ universitetinə köçürməsi mənəvi məsələdir. Çünki, həmin filial vaxtıilə Xankəndi universitetinin bazası əsasında yaradılıb".
"Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov isə Qarabağ Universitetinin paytaxtda tələbə sıxlığını əhəmiyyətli dərəcədə azaltmayacağını söyləyir. O, Sputnik Azərbaycan-a bildirib ki, Qarabağ universitetinə tələbə köçürülməsini ilk dörd ildə aparmaq da mümkün olmayacaq. Amma növbəti illərdə bu mümkün ola bilər.
İ.Orucovun sözlərinə görə, Qarabağ Universitetinin Xankəndi şəhərində yerləşməsi bu ərazidə keyfiyyətli kadr bazası yaratmağa imkan verəcək:
"Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Qarabağ Universitetinin Nizamnaməsi"ndə əksini tapıb. Universitetin fəaliyyət istiqamətlərinə gəlincə, burada bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması, magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrı-ayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi nəzərdə tutulur. Həmçinin doktorantura təhsil səviyyəsində yüksək ixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi, orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi, elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması bu sənəddə öz əksini tapıb".
İ.Orucov onu da deyib ki, Qarabağ universitetində bir çox müasir ixtisasların olması arzuolunandır: "Bu universitetdə yaradılacaq ixtisaslar o bölgənin mütəxəssis ehtiyacına uyğun müəyyən olunmalıdır. Qarabağ bölgəsinin əmək bazarını qarşılayacaq ixtisasların yaradılması daha məqsədəuyğun olar".
Ekspert onu da əlavə edib ki, Qarabağ universitetində kampusun qurulması digər bölgələrdən də burada təhsilə maraq yaradacaq.
Qeyd edək ki, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq. Bu açıqlama ilə ötən gün elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edib. Onun sözlərinə görə, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində tələbələr üçün yataqxananın olması nəzərdə tutulur: "Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar".
O, həmçinin qeyd edib ki, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas tədris olunacaq: " Universitet ali təhsilin bütün səviyyələri üzrə - bakalavr, magistratura, doktorantura - kadr hazırlığı həyata keçirəcək. Bundan əlavə, elmin müxtəlif sahələri üzrə elmi araşdırmalar, tədqiqatlar aparacaq".
Nazir müavini bildirib ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq: "Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur".
Xatırladaq ki, prezident İlham Əliyev noyabrın 28-də Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə sərəncam imzalayıb. Elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın ümumi yığıncağında deyib ki, Qarabağ Universitetinin timsalında elm və təhsilin inteqrasiyasını daha ağıllı qurmaq mümkündür:
"Elə edə bilərik ki, kiçik maraqlar böyük maraqları üstələməsin. Universiteti bir gündə qurmaq olmaz. 2024-cü ilin sentyabrında tələbələri, gənc alimləri, müəllimləri orada görmək istəyirik. Bu istiqamətdə bütün resurslarımızı sərf edəcəyik".
Məlumat üçün onu bildirək ki, 1988-ci ilin oktyabrın 14-də artıq SSRİ Nazirlər Sovetinin sədri N.Rıjkovun 1208 saylı qərarı ilə Xankəndi Pedaqoji İnstitutu (XPİ ) müvəqqəti olaraq bağlanıb. Qərarın icrası SSRİ Xalq Təhsili Komitəsinə, Azərbaycan və Ermənistan Nazirlər Sovetinə taşırılıb. Bu qərarın icrası il bağlı SSRİ Xalq Təhsili Komitəsi 17 oktyabr 1988-ci il tarixdə 6 maddədən ibarət 386 saylı qərar imzalayır. Qərarın 2-ci maddəsində İnstitun 2 il müddətinə bağlanması, azərbaycanlı tələbələrin noyabr ayının 1-ə kimi Gəncə, erməni tələblərin isə Ermənistanda İrəvan, Leninakan və Kirovakanın pedaqoji institutlarına köçürülməsi tapşırılır. Beləliklə, XPİ-nin 1200 tələbə, 100 nəfərə yaxın professor müəllim heyəti Gəncə Dövlət Pedoqoji İnstituna köçürülür.
Xəbər lenti
0