Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Heyvanlarını sığortalayanlara şad xəbər - Tariflər endirilib

© AP Photo / Michael Probstİnək, arxiv şəkli
İnək, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.01.2024
Abunə olmaq
Qiyməti 300 manat olan xırdabuynuzlu heyvanların 1 illik sığorta haqqı indiyədək 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8-12,3 manata enib.
BAKI, 30 yanvar — Sputnik. Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı salınıb.
Aqrar Sığorta Fondunun yeni qərarına əsasən, heyvanların baza və geniş təminatlı sığorta zərfi üzrə 1 illik sığorta tarifləri müvafiq olaraq 5,17% və 8,19% müəyyən edilib. İndiyədək bu tariflər müvafiq olaraq 6,1% və 9,5% olub.
Qeyd edək ki, aqrar sığorta çərçivəsində heyvanların sığortalanması üçün iki sığorta zərfi təqdim edilir. Birinci sığorta zərfi baza risklərini əhatə edir (baza zərfi). Heyvanların sığortalanması üçün təklif olunan ikinci sığorta paketi əlavə riskləri də əhatə edir (geniş təminatlı).
Aqrar Sığorta Fondundan Sputnik Azərbaycan-a məlumat verilib ki, tariflərin aşağı salınması fermer və təsərrüfatlara heyvanları daha sərfəli şərtlərlə sığortalamağa imkan verəcək:

"Belə ki, indiyədək qiyməti 1000 manat olan mal-qaranın baza zərfi və geniş təminat üzrə 1 illik sığortası 30,5-47,5 manata başa gəlirdi. Dəyişiklikdən sonra isə həmin şərtlərlə sığorta fermerlərə 26-41 manata başa gələcək. Qiyməti 300 manat olan xırdabuynuzlu heyvanların (məsələn, qoyun və ya keçinin) baza zərfi və geniş təminat üzrə 1 illik sığorta haqqı indiyədək 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8-12,3 manata enib".

"2023-cü ildə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 910 min manat sığorta ödənişi edilib"
Fonddan bildiriblər ki, sığorta müqaviləsi uzun müddətə bağlandıqca illik sığorta haqqı daha da azalır:

"Kənd təsərrüfatı heyvanlarının sığorta haqqının azalması fermerlərə və təsərrüfatlara daha sərfəli şərait yaradır. Fermerlər heyvanların aqrar sığortasından faydalanırlar. 2023-cü ildə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 910 min manat sığorta ödənişi edilib".

Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov bildirib ki, geniş təminatlı sığorta zərfində üçüncü şəxslərin hərəkətləri də var:
"Buraya nəqliyyat vasitələri ilə daşımalar zamanı baş verən hadisələr, baytar tərəfindən heyvana qulluq olunarkən vurulan zərər və nəticədə heyvanın tələf olması aiddir. Məsələn, 10 inəyin baza zərfi üzrə 1 illik sığorta haqqı 260 manatdır".
Hansı heyvanlar sığortalanır?
Qeyd edək ki, aqrar sığorta predmeti olaraq aşağıdakı kənd təsərrüfatı heyvanları sığortalanır:
11-ci gündən 7 yaşa qədər südlük mal-qara (inəklər və camışlar);
11-ci gündən 3 yaşa qədər ətlik mal-qara (danalar);
11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər).
Aqrar sığorta heyvanları hansı risklərdən sığortalayır?
yoluxucu xəstəliklər;
ilan və ya həşərat sancması;
zəhərli otlar və ya yemlərdən zəhərlənmə;
kimyəvi maddələrin təsirindən zəhərlənmə;
təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu);
yanğın;
vəhşi heyvanların hücumu;
üçüncü şəxslərin hərəkətləri;
əlavə sığorta haqqı ödəməklə nəzərdə tutulmuş risklərlə yanaşı oğurluq, soyğunçuluq və quldurluq yolu ilə əldə edilməsi nəticəsində dəymiş zərərlərə də təminat verilə bilər.
Sığorta müqaviləsinin qüvvədə olma müddəti
Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta müqaviləsi minimum 1 il və maksimum 3 il müddətə bağlanıla bilər.
Aqrar Sığorta Fondu haqqında
Xatırladaq ki, Aqrar Sığorta Fondu 2019-cu ildə təsis edilib. "Aqrar sığorta haqqında" qanuna əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub. Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Aqrar sığorta sistemi könüllü sığorta prinsipləri əsasında təşkil edilib.
Əlavə edək ki, fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0