CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident İlham Əliyev Ramiz Əskərovu təltif edib

© AFP 2023 / EMMANUEL DUNANDPrezident Aparatı, arxiv
Prezident Aparatı, arxiv - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Abunə olmaq
Ramiz Əskərov 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olub.
BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə Ramiz Baxşəli oğlu Əskərov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Ramiz Əskərov 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olub. 1978-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Azərbaycan radiosunda redaktor (1978-1983), türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru (1983-1984), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru (1984-1991), "Hürriyyət" qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993), Xarıci Turizm Şurasının idarə rəisi (1993-1994), "XXI əsr" qəzetınin baş redaktoru (1994-1996), "Yeni Forum" jurnalının (Ankara) Bakı təmsilçisi (1993-1997) olub. 2003-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri olub. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur.
Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülüb. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalistidir.
Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazmış, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr etmişdir. Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilib.
Ramiz Əskərova 13 yanvar 2014-cü ildə Azərbaycan Respublikasının IV prezidenti İlham Əliyev tərəfindən Şöhrət ordeni verilib.
Evlidir, üç övladı var.
Türkcə, rusca, almanca və ermənicə bilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0