Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qarlı-şaxtalı havada yaşayış məntəqəsini tərk etməyin! FHN vətəndaşlara çağırış etdi

© SputnikСнег в Баку
Снег в Баку - Sputnik Azərbaycan, 1920, 14.01.2024
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyi əhaliyə buzlu yollarda təhlükəsiz hərəkət üçün zəruri olan addımları izah edib.
BAKI, 14 yanvar — Sputnik.Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təkrar müraciət edib.
FHN-in yaydığı xəbərə görə, məlum olduğu kimi, ölkə ərazisində kəskin qarlı hava şəraiti müşahidə olunur, yollar buz bağlayıb.
FHN əhaliyə təkrar müraciət edərək, mövcud hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır:
“Evdən çıxarkən, buzlu yolda piyada təhlükəsiz hərəkət etmək üçün ayaqqabılar sürüşməyə qarşı hazırlanmalıdır. Bu məqsədlə ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırmaq, altlığı qum və ya sumbata kağızı ilə sürtmək lazımdır. Buz bağlamış yerlərdə ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur. Sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun. Yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun.
Şaxtalı və çovğunlu havada, xüsusilə dağlıq ərazilərdə mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi tövsiyə edirik. Həmçinin, nabələd məkanlara yaxınlaşmamaq və belə bir hərəkət marşrutu seçməmək, xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etmək, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək lazımdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”.
12.01.24, 16:45
FHN gözlənilən kəskin hava ilə bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti kəskin dəyişərək temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı və ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!"
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edir.
Xəbər lenti
0