CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda tibbi tullantılar təhlükə saçır - poliqonların olmaması hamını narahat edir

© AFP 2023 / JOEL SAGETTibbi maskalar, arxiv şəkli
Tibbi maskalar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.01.2024
Abunə olmaq
Faiq Mütəllimov bildirib ki, tibbi tullantılar məişət tullantıları ilə birlikdə məişət tullantıları poliqonuna daşınır.
BAKI, 1 yanvar — Sputnik. Tibbi tullantılar ciddi problemə çevrilib. Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bu günlərdə "Tibbi tullantıların idarə olunması" mövzusunda keçirilən ictimai dinləmədə bunu təsdiqləyib.
Tibbi tullantılar bakteriya mənbəyinə çevrilib
Komitə sədri deyib ki, tibbi tullantılar epidemioloji baxımdan böyük təhlükə yaradır. O bildirib ki, bu tullantılar milyardlarla patogen bakteriya və virusun mənbəyidir:
"Əgər tibbi tullantılar düzgün idarə olunmasa, bu və ya digər xəstəliklərin yayılmasına gətirib çıxarır. Digər məsələ radioaktiv tullantılardır. Səhiyyə müəssisələrində müxtəlif cihazlar istifadə olunur ki, onlar radioloji tullantılar yaradır. Desək ki, ölkədə bu sahədə problem yoxdur, bu, doğru olmaz. Tullantılarla bağlı ciddi problemlər var. Onların toplanması, çeşidlənməsi, nəqli və utilizasiyasında ciddi problemlər müşahidə olunur. Ola bilər ki, Bakının özündə problem nisbətən azalıb, amma bölgələrdə daha qabarıqdır".
Komitə sədri təəssüflə qeyd edib ki, bu sahədə qanun yoxdur: "Ola bilər ki, bu sahədə yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var və biz bu sahədə dəstək göstərməyə hazırıq".
Sputnik Azərbaycan tibbi tullantıların hazırda necə toplanaraq zərərsizləşdirildiyini araşdırıb.
Tibbi tullantılar niyə artıb?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Sputnik Azərbaycan-a bildirib ki, hazırda tibbi tullantılarla bağlı bir sıra problemlər mövcuddur. Onun sözlərinə görə, 2020-ci illə müqayisədə tullantıların yaranmasında 2-3 dəfə artım var. Bu real artım deyil, uçotun şəffaflaşdırılmasıdır.
Şöbə müdiri deyir ki, paytaxtla müqayisədə bölgələrdə tibbi tulantıların idarəolunmasında daha çox problem var:

"Təəssüf ki, hələ də regionlarda fəaliyyət göstərən tibb müəssisələrində formalaşan tibbi tullantıların məişət tullantıları ilə birlikdə məişət tullantıları poliqonuna daşınması hallarına da rast gəlinir. Bunun əsas səbəbi regionlarda təhlükəli tullantılar poliqonlarının olmaması və ya insinerator qurğularının sayının az olmasıdır".

F.Mütəllimov bildirib ki, 2004-cü ildən ETSN nəzdində "Təhlükəli Tullantılar" MMC fəaliyyət göstərir. Müəssisədə təhlükəli tullantıların zərərsizləşdirilməsi geomembran və geotekstil materiallarla tam izolyasiya olunmuş hücrələrdə basdırma üsulu ilə həyata keçirilir. Poliqonda hal-hazırda partlayıcı və radioaktiv maddələr istisna olmaqla qazma şlamı, çirklənmiş torpaqlar istifadə müddəti bitmiş qida məhsulları, tibbi tullantılar və digər bu tipli tullantılar qəbul edərək zərərsizləşdirilir.
"COVİD-19 pandemiyası dövründə tibbi tullantıların idarə olunması sahəsində yaranmış zərurətin təmin edilməsi məqsədilə pandemiyanın ilk dövrlərindən başlayaraq "Təhlükəli Tullantılar" MMC tərəfindən poliqonla yanaşı Quba və Ağdaş rayonları ərazisində icarə əsasında 2 ədəd mobil yandırma sobası quraşdırılararaq böyük həcmdə tibbi tullantı zərərsizləşdirilib. 2023-cü ildə poliqon ərazisində tibbi tullantıların yandırılması üçün 1 ədəd yeni yandırma sobası alınaraq beton örtüklü sahədə quraşdırılıb. Bununla yanaşı poliqon ərazisində yeni yandırma sobalarının quraşdırılması nəzərdə tutulur. Yaxın gələcəkdə respublikanın şimal-qərb regionunda formalaşan tibbi tullantıların qəbul olunması üçün yeni tullantı yandırma məntəqəsinin təşkili nəzərdə tutulur. "Təmiz Şəhər" ASC tərəfindən tibbi tullantıların doğranması, sterilizə edilməsi və yekunda adi tullantı kimi zərərsizləşdirilməsi məqsədilə avadanlıqlar alınıb" - nazirlik səlahiyyətlisi bildirib.
Regionlarda poliqonlar çatışmır
F.Mütəllimov deyir ki, ölkədə formalaşan tibbi tullantıların idarə edilməsi sahəsində problemlərin həlli üçün zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyətlərin əlaqələndirilməsi və bu sahədə səmərəli idarəetmənin yaradılması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Səhiyyə nazirliklərinin 5 may 2023-cü il tarixli birgə əmri ilə işçi qrup yaradılıb. Hətta işçi qrup tərəfindən monitorinqlər də aparılıb:
"Tibb müəssisələrində tibbi tullantıların idarə olunması vəziyyətinin öyrənilməsi məqsədilə Bakı şəhəri və regionlarda 37 tibb müəssisəsində monitorinqlər keçirilib. Aparılan monitorinqlər zamanı tullantıların toplanması üçün xüsusi torbalar olsa da, çeşidləmənin düzgün aparılmaması, A və B kateqoriyaları tullantıların ayrışdırılmaması halları aşkarlanıb. Regionlardakı tullantıların basdırılması halları müşahidə olunur. Buna səbəb poliqonların az olması və utilizasiya qurğularının mövcud olmamasıdır. Tullantıların utilizasiyası sahəsində tariflərin daha da liberallaşması təmin olunmalıdır. Aparılmış monitorinq nəticələrinə əsasən əvvəlki illərə nisbətən tibbi tullantıların idarə edilməsində müəyyən irəliləyişlərə nail olunsa da, Bakı şəhəri və regionlarda yerləşən tibb müəssisələrində formalaşan tibbi tullantıların qanunvericiliyin tələblərinə uyğun idarə edilməsində, uçot və hesabatının aparılmasında problemlər qalmaqdadır".
Çıxış yolu qanunvericiliyi sərtləşdirməkdir
Həmsöhbətimiz deyir ki, bu istiqamətdə gələcəkdə də tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən "Tibbi tullantıların idarə olunmasına dair Tələblər"ə dəyişiklik edilməsinə dair sənəd layihəsi hazırlanıb. Artıq tibb müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tibbi tullantıların uçotunun yaxşılaşdırıması və elektronlaşdırılması istiqamətində işlərə başlanılıb. Təkliflərdən əsası normativ hüquqi bazanın təkmilləşdirilməsidir.
Səhiyyə Nazirliyi rəsmiləri də tibbi tullantılar sahəsində problemlərin olduğunu təsdiqləyir.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov Milli Məclisdə "Tibbi tullantıların idarə olunması" mövzusunda keçirilən ictimai dinləmədə deyib ki, tibbi tullantılar sahəsində problemlər var. Nazir müavini bildirib ki, tibbi tullantıların son illərdə aktuallaşması COVID-19 pandemiyası ilə bağlı olub. O bildirib ki, tibbin sürətli inkişafı, texnoloji inkişaf, insanların tibbi xidmətlərə əlçatanlığının artması müvafiq olaraq tibbi tullantıların artmasına da gətirib çıxarır.
N.Zeynalov onu da bildirib ki, hazırda ölkəmizdə tibbi tullantıların idarə edilməsinin hüquqi bazası mövcuddur. Bunlardan əsası Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalardır. Eyni zamanda, onu qeyd etmək lazımdır ki, ölkəmizdə tibbi tullantıların idarə olunması həmin bu qaydalarla tənzimlənir və bu tələblərə görə tullantıların idarə edilməsi iki əsas mərhələyə bölünə bilər: müəssisədaxili və müəssisədənkənar mərhələ. Birinciyə tullantıların toplanması və çeşidlənməsi, ikinciyə isə daşınma və utilizasiya daxildir.
Zeynalovun sözlərinə görə, tullantıların daşınması və utilizasiyası fərqli məsrəf tələb edir. Məsrəf çox olmasın deyə tullantılar ümumi olaraq deyil, çeşidlənmiş şəkildə utilizasiya olunur.
Nazir müavini qeyd edib ki, tibbi tullantıların daşınması ilə yalnız müvafiq lisenziyası olan şirkətlər məşğul ola bilər. Bunun üçün ayrılan nəqliyyat vasitələri başqa məqsədlər üçün istifadə edilməməlidir.
Xəbər lenti
0