CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda mühafizə orderinin verilmə müddəti uzadılır

© Joe Raedle / Getty Images / AFPSənədin imzalanması, arxiv şəkli
Sənədin imzalanması, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2023
Abunə olmaq
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verilir
BAKI, 30 dekabr — Sputnik. Azərbaycanda mühafizə orderinin verilmə müddəti uzadılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır.
11.1-ci maddəyə (Məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və qısamüddətli mühafizə orderinin verilməsi) edilən dəyişikliyə əsasən, məişət zorakılığı törətmiş şəxsin hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilir və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilir.
Mövcud 11.1-ci maddədə isə deyilir ki, məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər.
Digər bir dəyişikliklə, müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verilir.
Qüvvədə olan qanuna əsasən, 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verilir. Beləliklə, 30 gün 60 gün ilə əvəz edilir.
Layihəyə əsasən, məişət zorakılığı törətmiş şəxs qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malik olacaq. Uzunmüddətli mühafizə orderi 60 gündən 180 gün müddətinədək veriləcək.
Qüvvədə olan qanuna əsasən isə uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Qısamüddətli və ya uzunmüddətli mühafizə orderi
Qeyd edək ki, bu qanuna uyğun olaraq zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.
Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər:
məişət zorakılığının təkrar törədilməsi;
zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;
zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.
Uzunmüddətli mühafizə orderində bu qanunun 10.1-ci maddəsində qeyd olunanlarla yanaşı aşağıdakılar nəzərdə tutula bilər:
məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;
yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;
zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;
mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat.
Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilə bilər. Yuxarı instansiya məhkəməsinə şikayətin verilməsi mühafizə orderi üzrə qərarın icrasını dayandırmır.
Uzunmüddətli mühafizə orderinin surəti onun çıxarıldığı gün tərəflərə verilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0