Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qızılcaya qarşı əhalinin vaksinasiyası necə aparılacaq? Rəsmi açıqlama

© iStock.com / StockPlanetsQızılcaya yoluxmuş uşaq, arxiv şəkli
Qızılcaya yoluxmuş uşaq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.11.2023
Abunə olmaq
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, qızılca və məxmərək vaksini ilə bağlı yaş məhdudiyyəti yoxdur.
BAKI, 29 noyabr — Sputnik. "Qızılca və məxmərəyə qarşı orta və yaşlı qrupun vaksinasiyası məcburi deyil. Vaksinasiya əsasən risk qrupuna aid olan insanlara (immuniteti zəif olan) tövsiyə olunur".
Sputnik Azərbaycan-ın sorğusuna Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) verilən cavabda bu barədə bildirilib.
Qeyd edilib ki, qızılca və məxmərək vaksini ilə bağlı yaş məhdudiyyəti yoxdur. Peyvəndin vurulması zamanı istehsalçının təlimatı və tibbi əks-göstərişlər nəzərə alınmalıdır.
Qızılcaya qarşı vaksindən sonra hansı əlamətlər yaranır?
RGEM-dən o da bildirilib ki, qizilca-parotit-məxmərək peyvəndi tətbiq ediləndən sonra əlavə təsir kimi inyeksiya yerində qızartı, çox nadir hallarda oynaqlarda ağrı müşahidə olunur.
"Lakin, bu hər 100000 peyvənd tətbiq etdikdə 1,5-3,4 hallarda qeyd edilə bilər. Nəzərə alsaq ki, qızılcanın ağırlaşmaları ikincili bakterial infeksiyanın qoşulması nəticəsində xüsusilə immuniteti zəif olan şəxslərdə pnevmoniya, otit, meningit, ensefalit ilə təzahür olunur, peyvənddən sonra mümkün ola bilən arzuolunmaz hallar bir o qədər əhəmiyyət kəsb etmir" - cavabda vurğulanıb.
Vaksini harada vurdurmaq olar?
Qeyd edilib ki, uşaqlara qızılca əleyhinə peyvənd QPM vaksini ilə milli peyvənd təqviminə müvafiq olaraq 2 dəfə - 12 aylığında və 6 yaşında vurulur. QPM peyvəndləri ərazi üzrə tibb müəssisələrində (Ailə Sağlamlıq Mərkəzləri, uşaq poliklinikaları və s.) aparılır:
“Epidemioloji vəziyyətlə əlaqədar ölkə ərazisində orta və yaşlı əhalinin qızılca əleyhinə peyvəndi tətbiq olunacaq. Peyvənd bir dəfə vurulacaq".
O da xüsusi vurğulanıb ki, Azərbaycanda qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçiriləcək.
Ölkəyə gətirilən qrip əleyhinə peyvəndin istehsalçısı Niderlanddır.
Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir və ödənişsizdir.
Xatırladaq ki, dünən Səhiyyə Nazirliyi epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacağını açıqlayıb.
Məlumatda bildirilib ki, hadisələrin epidemioloji təhlili yoluxmanın əsas səbəbi kimi peyvəndlərdən yayınma hallarının olunmasıdır. Bu da, əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur. Belə ki, yoluxan xəstələrin 95%-i profilaktik peyvənd təqviminə əsasən, peyvəndlərini almayan uşaqlardır. Yaranan vəziyyətlə əlaqədar olaraq, mütəşəkkil kollektivlərdə (xüsusilə internat tipli məktəblərdə), qapalı müəssisələrdə (uşaq evləri, sanatoriyalar) uşaqların sıx təması nəticəsində hava-damcı infeksiyalarının yayılması üçün daha əlverişli mühitin olmasını nəzərə alaraq, bütün ölkə ərazisində tibb müəssisələri tərəfindən profilaktik peyvənd işi gücləndirilib.
Eyni zamanda, yaşa görə peyvəndlərdən kənar qalan uşaqların aktiv aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinə nəzarət artırılıb. Həmçinin ocaqlarda əks-epidemik tədbirlər görülür, xəstə insanlarla təmasda olan şəxslər müəyyən edilir və 21 günlük müşahidə aparılır.
23.11.23, 21:58
TƏBİB-dən qızılca ilə bağlı açıqlama
"Media nümayəndələrindən daxil çoxsaylı müraciətlərə cavab olaraq bildirmək istəyirik ki, hazırda ölkə ərazisində qızılca xəstəliyinə yoluxma halları müşahidə edilir. Bir çoxunuza məlum olduğu kimi, ölkəmizdə qızılca xəstəliyinə son illər ərzində yoluxma nadir hallarda qeydə alınıb, hətta bəzi illərdə ümumiyyətlə, yoluxma olmayıb, ən yüksək yoluxma isə 2018-ci ildə qeydə alınıb. Bu da daha çox 40 yaşdan yuxarı əhali arasında müşahidə olunub və dövlət tərəfindən təqvimdən kənar peyvənd kampaniyalarına başlanılıb".
Bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, qızılca xəstəliyinə yoluxmaların bu tipli artımları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən proqnozlaşdırılıb. Belə ki, hazırda Avropa regionunda da yoluxma sayları payız-qız aylarında artım göstərməkdədir. Bunun əsas səbəbi peyvəndlənmə yaş dövrünün COVID-19 pandemiyasına təsadüf edən uşaqların olmasıdır ki, məhdudlaşma tədbirlərinə bağlı olaraq onlar peyvəndlənmədən kənar qalıblar.
"Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Müalicə xərcləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənilir.
Nəzərinizə çatdırmaq istəyirik ki, TƏBİB-in tabeliyində Bakı şəhəri üzrə 17, Sumqayıt şəhəri üzrə 2, regionlarda isə 48 yoluxucu xəstəliklər şöbəsi fəaliyyət göstərir, çarpayı sayı cəmi 1400-ə qədərdir.
Bu günə olan məlumata əsasən, bütün regionlar, Sumqayıt və paytaxt ərazisində yoluxma sayları nəzarət altındadır, yoluxucu xəstəliklər şöbələrində kifayət sayda boş çarpayılar, ağırlaşma hallarının idarə olunması və ehtiyac yaranan hallarda xəstələri tibbi xidmətlə təmin etmək üçün bütün resurslar mövcuddur.
Bir daha qeyd edirik ki, ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmayanlardır.
Əlavə edək ki, qızılca xəstəliyinə qarşı spesifik vaksin mövcuddur və milli peyvənd təqviminə daxil edilib. Sözügedən peyvənd uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur. Xəstəliyə yoluxmaqdan, baş verə biləcək ağırlaşmalardan, bu ağırlaşmaların gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir. Qızılca əleyhinə peyvənd ölkəmizdə milli peyvənd təqviminə 1994-cü ildə daxil olub və hazırda bütün ailə sağlamlıq mərkəzlərində ödənişsiz şəkildə tətbiq olunmaqdadır" - qurumun məlumatında vurğulanıb.
Xəbər lenti
0