Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Universitetlərin akkreditasiyası şəffaf keçirilsə, çoxu bağlanmalıdır - Elçin Əfəndi

© AFP 2023 / FRED DUFOURtələbə
tələbə - Sputnik Azərbaycan, 1920, 26.11.2023
Abunə olmaq
Ekspert bildirib ki, Azərbaycanda akkreditasiya tələblərinə tam əməl edilsə, gərək bir neçə universitetin fəaliyyəti dayandırıla.
BAKI, 26 noyabr — Sputnik. İlin sonuna kimi Azərbaycanda 3 ali təhsil müəssisəsində akkreditasiya qiymətləndirməsinin yekunlaşması planlaşdırılır. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, 2023-cü ildə 10 ali təhsil müəssisəsində akkreditasiya prosesi yekunlaşıb.
"Bu günə kimi akkreditasiya qiymətləndirməsi yekunlaşmış 7 ATM-in (Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti) nəticəsi Akkreditasiya Şurası tərəfindən "əsasən uyğundur" kimi qiymətləndirilərək növbəti 5 il müddətinə institusional akkreditasiyadan keçmələrinə dair qərar qəbul edilmişdir" - qurumdan sorğumuza verilən cavabda bildirilib.
Cavabda o da qeyd olunub ki, 2024-cü ilin Qrafikində yer alan ali təhsil müəssisələrinə sahə səfərləri yaz və payız semesterləri ərzində təşkil ediləcək:
"Akkreditasiya qiymətləndirməsi "Avropa Ali Təhsil Məkanında Standartlar və Təlimatlar (ESG)" bələdçisinə uyğun olaraq tərtib olunmuş və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 Qərarı əsasında təsdiq edilmiş "Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları" əsasında həyata keçirilməkdədir".
Təhsil eksperti Elçin Əfəndi isə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanda akkreditasiya tələblərinə tam əməl edilsə, gərək bir neçə universitetin fəaliyyəti dayandırıla:
"Əgər bu proses tam tələblərə uyğun keçirilsə, gərək universitetlərin bəzilərinin tələbə qəbuluna qadağa qoyula".
Onun sözlərinə görə, Azərbaycanda keyfiyyətsiz ixtisaslı kadr hazırlayan universitetlər var ki, onlar əmək bazarında tələblərə cavab verə bilmirlər:

"Bu zaman sual yaranır ki, bu universitetlərin varlığı kimə lazımdır? Bunu müəllimlərin işə qəbul imtahanları da təsdiqləyir. MİQ imtahanları göstərir ki, hər il universitetlər nə qədər keyfiyyətsiz kadra diplom verir".

Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev də bildirib ki, Azərbaycanda 10 ali təhsil müəssisəsi üzrə akkreditasiya qiymətləndirməsinin bu tədris ilində keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, həmin müəssisələr Bakı Mühəndislik Universiteti (BMU), ADA Universiteti, Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Gəncə Dövlət Universiteti (GDU), Qərbi Kaspi, Bakı Biznes universitetləri, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir.
"Bu il müəllim ixtisası üzrə akkreditasiya prosesi həyata keçiriləcək. Ola bilsin ki, bu, ibtidai sinif müəllimlərinə şamil edilsin" - nazir əlavə edib.
E.Əfəndi bildirib ki, akkreditasiyadan keçirilərkən ali məktəbdə təhsilin keyfiyyəti əsas tutulur. Onun sözlərinə görə, hər hans ixtisasda verilən təhsilin keyfiyyəti, universitetin yataqxanasının olub-olmamasına diqqət yetirilir. Bundan sonra akkreditasiyaya qərara verilir. Amma Azərbaycanda bu standartlara cavab verən ali təhsil müəssisələrinin sayı çox deyil.
Ekspert vurğulayıb ki, müəyyən ixtisaslar üzrə kadrlar əmək bazarının tələblərinə cavab vermir. Bu halda bu kadrları hazırlayan universitetlər akkreditasiyadan keçirilməməlidir.
"Əldə edilən biliklər mövcud tələblərə cavab vermir. Ona görə də xüsusilə bəzi universitetlərdəki pedoqoji ixtisaslar ləğv oluna bilər" - ekspert vurğulayıb.
E.Əfəndinin fikrincə, əslində akkreditasiyadan keçməyən universitetlər ləğv olunmalıdır ki, növbəti illərdə savadsız kadr hazırlamasınlar. Çünki akkreditasiyanın mahiyyətində dayanan əsas məqam məhz təhsilin keyfiyyətinə qarşı qoyulan tələbdir.
Qeyd edək ki, təhsil müəssisələrinin akkreditasiyası qaydaları Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilib. Akkreditasiyanın keçirilməsinə qoyulan tələblər və meyarlar Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə bir dəfə həyata keçirilir. Akkreditasiyanın vaxtı barədə məlumat təhsil müəssisəsinə rəsmi qaydada onun keçirilməsinə ən azı 6 ay qalmış bildirilir. Akkreditasiya komissiyası təhlil apardıqdan sonra təhsil müəssisəsinin fəaliyyəti barədə yekun arayış hazırlayır. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır. Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrıayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər.
Xəbər lenti
0