Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Müsəlman olanlar gözləsin: "Halal dərman" anlayışı hələ apteklərə çatmayıb

© AP Photo / Elise Amendoladərman
dərman  - Sputnik Azərbaycan, 1920, 22.11.2023
Abunə olmaq
Provizor Elman Hüseynov halal dərmanların daşınması, depolarda saxlanılmasında halal standartın tələblərinə əməl etməyin çətin olacağını söyləyir.
BAKI, 22 noyabr— Sputnik. Halal dərman vasitələri ilə bağlı yeni dövlət standartı qəbul edilsə də, hələlik Bakıda yerləşən apteklər halal dərman satışına hazır deyil. Paytaxt apteklərindən Sputnik Azərbaycan-a bildirilib ki, apteklərdə halal dərmanların satışı və saxlanılması üçün ayrıca guşə yaradılmayıb.
"Darçın aptek"dən verilən məlumata görə, depolar bütün dərmanları biryerdə apteklərə çatdırır. Dərmanlar halallığına görə çeşidlənərək verilmədiyindən, bütün apteklər dərmanları eyni yerdə saxlayaraq satır:
"Halal dərmanın nə olduğunu belə bilmirik. Bütün dərmanları eyni yerdə saxlayıb satırıq. Hələki bizə ayrıca guşə yaratmaq barədə tapşırıq gəlməyib".
"Mərkəzi Depo" aptekdən isə bildiriblər ki, satışda tərkibində islam dininin haram buyurduğu heyvanlardan alınan maddələrin olmadığı dərman vasitələri olsa da, onların satışı ayrıca təşkil olunmur:
"Satışda elə dərmanlar var ki, onların tərkibində donuz və sair haram buyrulan heyvanlardan alınan qatqılar yoxdur. Amma biz onları da digər dərmanlarla birgə satırıq. Hələki belə dərmanları ayrı satmaq barədə bizə tapşırıq gəlməyib. Bu dərmanlar depolarda da ayrılmır. Bütün dərmanlarla birgə apteklərə verilir".
Apardığımız kiçik araşdırmadan məlum oldu ki, apteklərin əksəriyyətində halal dərman anlayışından xəbərsizdirlər.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Yüngül sənaye sahəsinin standartlaşdırılması şöbəsinin müdiri Sehranə Rzayeva mətbuata açıqlamasında bildirib ki, standarta əsasən, halal dərman vasitələri digər dərman vasitələrindən ayrı daşınmalı və saxlanmalıdır.
Onun sözlərinə görə, bu növ dərman vasitələrinin daşındığı nəqliyyat vasitələri də gigiyena və sanitar qaydalara uyğun olmalıdır:
“Halal dərman vasitələrinin daşınması zamanı məhsulların satış nöqtəsinə çatmadan əvvəl halal bütövlüyünün qorunması sahibkarın məsuliyyətidir və onun nəzarəti altında həyata keçirilir”.
Əczaçı-mütəxəssis, provizor Elman Hüseynov Sputnik Azərbaycan-a deyib ki, halal dərmanların apteklərdə ayrıca satışını təşkil etmək mümkün olsa da, onların daşınması, depolarda saxlanılmasında halal standartın tələblərinə əməl etmək bir qədər çətin olacaq. Onun sözlərinə görə, dərmanlar apteklərə deponun avtomobillərində gəlir:
"Tutaq ki, bir aptek halal standartı əsasında istehsal edilmiş iki müxtəlif adda dərman sifariş verir. Mən inanmıram ki, hansısa depo aptekə iki dərmanı ayrıca gətirmək üçün avtomobil ayırsın. Halal dərmanların daşınması bir qədər real görünmür. Təbii ki, bu zaman depolar dərmanın daşınma qardalarını pozmalı olacaqlar. Bu həmin dərmanların ölkəmizə idxalında da müəyyən çətinliklər yaradacaq".
Bununla belə, E.Hüseynov hesab edir ki, halal standartına uyğun istehsal edilmiş dərmanların apteklərdə ayrıca satışı mümkündür. Lakin bunu tənzimləyən normativ sənəd olmalıdır.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu “Halal dərman vasitələri – 1-ci hissə – ümumi tələblər” yeni dövlət standartını qəbul edib.
Bu dövlət qurumunun rəsmisi Seyranə Rzayevanın sözlərinə görə, halal dərman tərkibində İslam qaydalarına uyğun olaraq icazə verilən inqrediyentləri olan əczaçılıq məhsullarıdır:
“Bu növ dərmanlarda insan və ya heyvan mənşəli qan, haram hesab edilən heyvan mənşəli, eyni zamanda, digər halal olmayan komponentlərdən istifadə olunmur. Standart həm ölkə daxilində istehsal olunan, həm də ölkəyə idxal edilən halal dərman vasitələrinə aid edilir”.
S.Rzayeva onu da bildirib ki, qanunvericiliyin tələblərinə əsasən təsərrüfat subyektləri tərəfindən müəyyən standart, məsələn halal dərman vasitələri ilə bağlı dövlət standartı tətbiq olunursa, onda həmin standartların tələblərinə riayət olunmalıdır:
"Belə ki, uyğunluğun qiymətləndirilməsi təmin edildikdən sonra təsərrüfat subyektləri bu standartın tələblərinə riayət etmədikləri təqdirdə, bu, istehlakçıların aldadılması halı kimi qiymətləndirilir və həmin təsərrüfat subyektləri qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar”..
Xəbər lenti
0