Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Metroda gediş haqqı gələn ildən bahalaşacaq-70 qəpik iddiasına rəsmi cavab

© Sputnik / Murad OrujovBakı metrosu, arxiv şəkli
Bakı metrosu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.11.2023
Abunə olmaq
Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Bakı Metropoliteni" QSC-nin qiymət artırmaq səlahiyyəti yoxdur.
BAKI, 11 noyabr — Sputnik. Hazırda metro nəqliyyatında sərnişindaşıma xidməti üzrə tarifin artımı ilə bağlı məsələ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müzakirə olunmur.
Bu barədə son günlər metroda sərnişinlərin maya dəyərindən aşağı daşınması ilə bağlı "Bakı Metropoliteni" QSC-nin sədr müvani Hidayət Məmmədovun açıqlamasına cavabda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib.
Metroda gediş bahalaşacaq?
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin sədr müvani Hidayət Məmmədov, "Azərtac"a müsahibəsində, 2022-ci ildə bir sərnişinin daşınması üçün 0.68 AZN-nin sərf olunduğunu bildirib. 2023-cü ildə tariflərə də yenidən baxıldığını və bir gediş haqqının 40 qəpik təyin olunduğunu xatırladan rəis müavini, 2018-ci ilin hesabatına istinad edib:
"Həmin il bir sərnişinin daşınmasının maya dəyəri 51 qəpik idi, 2019-cu ildə 50 qəpiyə salınmışdı. Pandemiya və məhdudiyyətlər 2020-2021-ci illərdə metronun əsas gəlir mənbəyi olan sərnişindaşımaya da mənfi təsir göstərdi. Təsəvvür edin ki, 2019-cu ildə 236 milyondan artıq sərnişin daşıyan metropoliten, 2020-ci ildə cəmi 74 milyon 706,2 min sərnişinə xidmət göstərdi. Sonrakı il rəqəm 90 milyondan bir qədər artıq oldu. Bütün sadaladıqlarım və ən əsası, sərnişin artımı 2022-ci ildə özünü yenidən büruzə verməyə başladı və sərnişindaşımanın maya dəyərinin azalmasına təsir etdi".
H.Məmmədovun bu sözlərindən sonra sosial platformada metroda gediş haqqının 2024-cü ilin yanvar ayında 70 qəpiyə qaldırılacağı barədə məlumatlar yayılıb.
Bahalaşma anonsu artıq verilib
İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, "Bakı Metropoliteni"ni rəhbərliyinin metroda gediş haqqının maya dəyərindən aşağı olduğunu tez-tez ictimaiyyətə açıqlaması metro nəqliyyatında gediş haqqının bahalaşacağı anonsuna işarədir. Bununla belə N.Cəfərli metropolitenin bir sərnişinin daşınmasına nə qədər vəsait sərf olunduğunun hesablama metodologiyasını bir dəfə də olsun açıq göstərmədiyini söyləyir.
Metropoliten niyə maya dəyərinin hesablanmasını gizlədir?
"Bunun hesablanmasının müxtəlif üsulları var. Hesabalama zamanı hansı parametrlərdən istifadə olunduğu məlum deyil. Əslində maya dəyəri hesablanarkən, metropoliteinin kommunal xərcləri, əmək haqları və vergilərinin cəmi sərnişinin sayına bölünməlidir. Amma axı metropoliteinin gəlirləri yalnız sərnişindaşımadan formalaşmır. Bakı Metropoliteini reklamdan, ticarətdən də gəlir əldə edir. Bundan əlavə dövlət tərəfindən də Bakı Metropoliteninə dotasiya ayrılır. 2024-cü ilin büdcəsindən metroya 50 milyon manat dotasiyanın ayrılması nəzərdə tutulub" - iqtisadçı bildirib.
Yeni gediş haqqı sistemi tətbiq olunmalıdır
N.Cəfərli qeyd edib ki, ölkəmizdə gediş haqqı deyiləndə, birdəfəlik gediş nəzərdə tutulur. Bu da köhnəlmiş və yanlış yanaşmadır: "Çünki, artıq dünyanın hər yerində məsafəyə və zamana görə gediş haqları müəyyən olunur. Məsələn, Avropanın bəzi ölkələrində bütün nəqliyyat növləri üçün həm bir saatlıq, həm də bir illik biletlər satılır. Amma bizdə birdəfəlik gediş haqqının həm maya dəyəri hesablanır, həm də bunun üzərindən müzakirə aparılır. Bu isə düzgün yanaşma deyil".
Həmsöhbətimiz onu da vurğulayıb ki, tələbələr üçün bir aylıq, bir illik bilet siyasəti yürüdülə bilər. Daha uzun müddətli bilet alanlara qiymət endirimi olmalıdır. Digər əhali kateqoriyalarına da bu xidmət tətbiq edilə bilər. Bu, mərkəzləşdirilmiş qaydada idarəolunmanı şərtləndirir. Hazırda isə "Bakı Metropoliteni" sərnişinin daşınmasının maya dəyərinin necə hesablandığını ictimaiyyətə açıqlamadığından biz onun nəyi düz, nəyi səhv hesabladığını bilmirik.
70 qəpik iddiası nə qədər doğrudur?
"Bakı Metropoliteni" QSC metroda gedişhaqqının 70 qəpik olacağı barədə yayılan məlumatlara münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, "Bakı Metropoliteni" QSC-nin qiymət artırmaq səlahiyyəti yoxdur. O, bu səlahiyyətin hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində olduğunu bildirib.
B.Məmmədov eyni zamanda deyib ki, bir sərnişinin daşınmasının maya dəyərinin 68 qəpik olmasına dair məlumatlar 2022-ci ilə aiddir. Onun sözlərinə görə, metropolitetinin 56 illik dövründə hər il zərərlə işləyib: "Dövlətdən dotasiyalar sayəsində bu proseslər tənzimlənir. Metropoliten bununla belə gediş haqqının qaldırılması ilə bağlı müraciət etməyib".
Qurum sözçüsü onu da əlavə edib ki, sərnişinin maya dəyərini formalaşdıran məqam bu nəqliyyat növünə sərf olunan vəsaitlə bağlıdır. Əmək haqları, kommunal, gəlir və xərclər qiymətləndirilir və aidiyyatı qurumlara hesabatlar verilir. Orada bir sərnişinin maya dəyəri göstərilir.
O, həmçinin qeyd edib ki, metropolitenin əsas gəlir mənbəyi məhz sərnişindaşımadır: "Stansiyalarda yerləşdirilən ödəniş terminalları, bankomatlar, reklamlardan da gəlirlər əldə olunur. Lakin bu gəlirlər elə də böyük məbləğdə deyil. Ona görə də sərnişinin sayı metropolitenin gəlirlərinə birbaşa təsir göstərir".
B.Məmmədov yaxın günlərdə oktyabr üzrə yekun monitorinqin hazırlandığını, hər bir stansiyada sərnişin sayının nə qədər artıb-azaldığının ictimaiyyətə təqdim ediləcəyini söyləyib. O, bildirib ki, müstəqil audit bitmədən hesabat ictimaiyyətə açıqlana bilməz.
Xəbər lenti
0