CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı məşhurlar və onların övladları niyə narkotikdən bu qədər asılıdırlar?

© AFP 2023 / ORLANDO SIERRAnarkotik
narkotik - Sputnik Azərbaycan, 1920, 29.10.2023
Abunə olmaq
Oğlu "ağ ölüm" qurbanı olan Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanov hesab edir ki, bu xalq iki düşmənindən biri olan erməniyə qalib gəlib, amma narkomaniya ilə bacara bilmir.
BAKI, 29 oktyabr — Sputnik. "Ağ ölüm" sayılan narkomaniya bütün dövrlərdə həyat və cəmiyyət üçün ən böyük təhlükə hesab olunub. Xüsusilə gənclər arasında bu bəlaya meyl günü-gündən artır. Sosial partlayışlara sürükləyən bu bəlalı aludəçiliyə azərbaycanlı məşhurlardan da düçar olanlar az deyil. Məşhurlarla yanaşı, onların övladları da narkomaniyanın qurbanına çevriliblər. Bu yaxınlarda tanınmış şair və meyxanaçı Nizami Rəmzinin qızının narkomaniya səbəbindən səfil həyatı yaşaması ölkə gündəmini zəbt edən məsələlərdən biri oldu. Mərhum şairin qızı Reyhan narkotik aludəçiliyindən xilas edilmək üçün reabilitasiya mərkəzinə yerləşdirilib.
Narkotik Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğlu Emil Rəhmanovun da həyatına son qoyub. Tanınmış aktyor müsahibəsində narkotiki xalqın düşməni adlandırıb: "Bu xalqın iki düşməni var: erməni və narkotik. Birinci düşmənin belini qırdıq, məhv etdik. İkinci düşmən isə bizi içdən məhv edir. İkinci düşmənlə mübarizə aparmaq lazımdır".
Xalq artistləri Səyavuş Aslan və Ofeliya Aslanın oğlu Çingiz Aslanov da narkotik istifadəçisi olub. O, buna görə, həbs də olunub. Çingiz Səyavuş Aslanın yaralı yeri idi. Böyük aktyor oğlunu özünə dərd eləmişdi. Sağlığında jurnalistlərə oğlu haqqında demişdi:
"İndi türmədədir, çox rahatam, bilirəm ki, orda heç kimi aldatmayacaq, axmaqlıq etməyəcək. Aparıb hər ay pul verirəm ki, çətinliyi olmasın. Təki içəridə qalsın, sakit olsun, lap nə qədər pul istəsə, aylıq aparıb verərəm. Azadlıqda olanda başıma oyun açır, adımı, hörmətimi bir qəpiklik edir hər yerdə".
Səyavuş Aslanın dediyinə görə, oğlu hətta ona hədiyyə edilən televizoru belə narkotik üçün dəyər-dəyməzə satıb:
"Yubileyimlə əlaqədar teatrın kollektivi mənə böyük bir plazma televizor hədiyyə etmişdi. Heyfim gəldi balaca evdə açıb işlətməyə, fikirləşdim prezidentin verdiyi evdə təmir gedir, ora köçəndə təzə evdə açıb işlədərəm. Bir gün gəldim ki, televizor yoxdur evdə. Bildim ki, Çingizin zibilidir. Düşdüm üstünə ki, tez ol de görüm neynəmisən mənə verilən hədiyyəni? Boynuna aldı ki, bir nəfərə 500 manata satıb. Dedim ay avara, 5 min manata alınan şeyi necə əlin gəlib dəyər-dəyməzinə satmağa. Gəl düş qabağıma gedək kimə satmısansa pulunu verim qaytarsınlar televizoru, aktyor yoldaşlarımdan ayıbdır".
Beləcə, aktyor oğlu ilə birlikdə televizorun dalınca mikrorayonların birinə gedib. Çingiz deyib "ay papa, səninçün ayıb olar, daha sən qalxma, 5-ci mərtəbədir, pulu ver, qalxım özüm danışım, gəlirəm". 500 manatı da götürüb girir bloka, 20 dəqiqə oğlundan xəbər almayan Səyavuş müəllim narahat olub qalxıb Çingizin dediyi ünvana. Qapını açırlar, hörmət-izzətlə ustadı içəri dəvət edirlər. Söhbət əsnasında məlum olub ki, Çingiz televizoru o adamlara 500 manata yox, 2 min manata satıb. Buradan da atasından aldığı 500 manatı götürüb, heç o ünvana baş çəkmədən damdan keçib digər blokdan çıxıb gedib atasından qopartdığı pulun başına daş salmağa".
Uzun illər tüfeyli həyat tərzi keçirən Çingiz Aslanovun bu il aprelin 29-da vəfat etdiyi, meyitinin 7 gündən artıq morqda qaldığı, yalnız may ayında dəfn edildiyi məlum olub.
Əməkdar artist Kübra Əliyevanın oğlu Rauf da narkotikin qurbanı olub. Səyavuş Aslanın oğlu Çingiz haqqında danışan Kübra xanım bildirmişdi ki, ana-atalarının ciyəri yansa da, narkotiklə məşğul olan adamların ölümü haqdır, ailə üçün şərəfdir. Çünki, narkoman övlad ailənin şərəfini, namusunu bir qəpiklik edir. Elə övladlar vaxtında ölsə yaxşıdır:
"Hər kəs bilir ki, mən onun üçün nə qədər əziyyət çəkib, nələr etmişəm. Allah balamı məhv edənlərin cəzasını versin! Allah heç bir anaya göstərməsin! Böyük dərddir. Narkotikdən sonra yaranan qaraciyər xəstəliyi onu bu hala saldı. Varımı-yoxumu Raufun yolunda qoydum. Dedim, qanını dəyişdirib onu bu yoldan döndərəcəyəm. Ölümündən üç-dörd gün əvvəl mənimlə danışmışdı. Deyirdi, "ana, kaş ki, zamanı geri qaytara biləydim". Çox peşman idi".
Xatırladaq ki, ölümündən 5 il öncə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən Rauf Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 46 yaşında həbsxanada dünyasını dəyişib.
Mərhum aktyor, Xalq artisti Arif Quliyevin oğlu Fərid Quliyev isə təxminən 13 il öncə qəsdən adam öldürmə maddəsi ilə məhkum olunaraq, 14 il müddətinə həbs cəzası alıb. 11 illik həbsxana həyatından sonra əfv olunan F.Quliyev uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. Xəstəliyi ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Fərid Quliyev 2012-ci ilin yanvar ayında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Uşaq və Yeniyetmələr üzrə psixoloq Leyla Əliyeva bildirir ki, valideyn və övlad arasında olan emosional bağlantı, uşaqların tərbiyəsində çox önəmli yer tutur. Bu bağlantının yaranması və müsbət inkişaf etməsi üçün valideynlər uşaqlarına kifayət qədər vaxt ayırmalı, onlarla ünsiyyət qurmalı və vaxt keçirməlidirlər. Valideyn övladı üçün təkcə maddi qida yox, həmçinin mənəvi qida mənbəyi olmalıdır.
"Məşhurların həyatı çox zaman həddindən artıq yüklənmiş olur və daim qaçhaqaçda keçir. Belə həyat tərzi yaşayanlar adətən övladlarına kifayət qədər zaman ayıra bilmirlər", - deyən mental sağlamlıq eksperti bildirir ki, valideynlər çox vaxt bu boşluğu pul ilə doldurmağa çalışırlar. Yəni, emosional əlaqənin yoxluğunu maddi şirnikləndirmə ilə əvəz edirlər. Bu da uşaqları çatışmayan emosional əlaqəni başqa yerdə axtarıb tapmağa sövq edir.
"Xüsusən də pul olduqda bu durum kifayət qədər bahalı olan narkotik və alkoqol asılılığına gətirib çıxarır. Bu səbəbdən valideynlər bilməlidirlər ki, hər gün uşaqlarına ayırdığı bircə saat vaxt, onlara verilən minlərlə manat puldan daha önəmlidir", - ekspert əlavə edib.
Burada belə bir sual meydana çıxır: narkotik maddələrdən istifadə edən insanlar hansı ehtiyaclarını ödəyirlər? Leyla xanımın sözlərinə görə, insanın özünü xöşbəxt hiss etməsi üçün beyində dopamin və serotonin hormonları istehsalı, ifrazı normada olmadır. Yaxud bu hormonlar normadan artıq olduqda insan özünü çox xoşbəxt və hüzurlu hesab edir. Bu zaman qan-damar sistemi, beyin qidalanması, onun işləmə mexanizmi də sürətlənir. Yəni xoşbəxt, problemsiz insan daha sağlam düşünə bilir.
Beyin narkotik vasitələrin qəbulunda dopamin və serotonin hormonlarının istehsalını artırmır. Çünki hər birimizin beynində depo olaraq, dopamin və serotonin hormonları mövcuddur. Narkotikə aludə olunan insanlarda bu hormonların normadan artıq istifadəsi prosesi baş verir. Bu da insanın özünü həddindən artıq xoşbəxt və enerjili hiss etməsinə səbəb olur:
"Məşhur insanlar və onların övladlarında populyarlaşdıqdan bir müddət sonra həyatdan zövq almaq duyğusu azalır. Yəni şou-biznesdə olan insanlar sadə adamlardan fərqli olaraq, hər xırda şeydən əylənmir, zövq almırlar. Yəni onların həyat tərzi, əyləncələri, içki məclisləri ulduzlar üçün darıxdırıcı olur, mənasını itirir. Artıq məşhur insan xoşbəxt olmaq üçün səbəblər tapa bilmir. Bu məsələnin bir tərəfi. Məşhur simalar, adətən, şou-biznesdə olan insanların həzz alma duyğusundan məhrum olma səbəblərindən biri də odur ki, ətrafındakı insanların böyük əksəriyyətinin onların sadıcı statuslarına görə yanlarında olduğunu hiss edirlər. Onlarda zamanla belə bir duyğu yaranır: məni həqiqətən, səmimi sevən yoxdur... Bu insanlar məhz statusuma görə yanımdadırlar".
"Beləliklə, həzz alma duyğusu itirilir. Və narkotik vasitələrdən istifadə edirlər, sanki bu boşluğu doldurmağa çalışırlar. Narkotik vasitələrdən alınan zövq duyğusu, insanın ən təbii həzz duyğusu olan orqazmdan 3 min dəfə çoxdur. Sonra bu aludəçilik xəstəlik halını alır" - deyə Leyla Əliyeva fikrini tamamlayıb.
Xəbər lenti
0