Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Elektrik mühərrikli avtobusların Bakıda istifadəsi imkanları qiymətləndiriləcək

© Photo : Baku Transport AgencyBakıda ilk elektrik mühərrikli avtobus (BYD )
Bakıda ilk elektrik mühərrikli avtobus (BYD ) - Sputnik Azərbaycan, 1920, 28.10.2023
Abunə olmaq
Bakı və Abşeron rayonu üzrə son 2 ay ərzində 10 marşrut müsabiqəyə çıxarılıb, hazırda da proses davam etdirilir
BAKI, 28 oktyabr — Sputnik. Daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı konkret tapşırıqlar qoyulub. Xəbərdarlıqlara riayət etməyən daşıyıcıların istismarında olan marşrutlar müsabiqəyə çıxarılır. Bakı və Abşeron rayonu üzrə son 2 ay ərzində 10 marşrut müsabiqəyə çıxarılıb, hazırda da proses davam etdirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq belə deyilib.
Qeyd olunub ki, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır: "Ölkəmizdə ətraf mühitə zərər vurmayan ekoloji avtobusların gətirilməsi prioritet məsələlərdəndir. Ötən ay Bakıda müasir sərnişindaşıma tələblərinə tam cavab verən ilk elektrik mühərrikli avtobus marşrut xəttinə buraxılıb. Elektrik avtobusun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaсaq. Nəticələrə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında istifadəsi imkanları qiymətləndiriləcək".
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu qısa müddətdə həllini tapacaq problem deyil: "Birinci hədəf avtoparkın yenilənməsi olmalıdır. Bu hədəfin reallaşması üçün utilizasiya proqramı var. Utilizasiya proqramı bir qədər mürəkkəbdir. Buradakı bəndlərdən biri odur ki, yerli istehsal təşviq olunsun. Bunun üçün Azərbaycanla Özbəkistan müştərək bir avtobus poroqramına da start vermişdi".
"2015-ci ildən şəhərin müasir, sıxılmış təbii qazla işləyən avtobuslarla təminatına başlanılıb. Belə ki, ölkədə olan 31 mindən çox avtobusun 63%-dən çoxunun yaşı 20 il və daha çoxdur. Avtobusların sadəcə 12%-ə yaxınının yaşı 10 ilə qədərdir", - deyə o əlavə edib.
Ekspert bildirib ki, avtobus parkının yenilənməsi pandemiyadan öncə daha sürətli gedirdi: "Hazırda da bu problemin həllinə ehtiyac var".
R.Ağamirzəyev qeyd edir ki, öncələr sərnişin daşıyıcıları ilə müqavilə bir illik olsa da, yeni dəyişikliyə əsasən bu müddət 7 ildir: "Nəticədə yeddi il ərzində etibarlı lisenziyası olan şəxsin investisiya və kredit alması üçün zəmin yaranır".
"Daşıyıcıya xəbərdarlıq edilə bilər, lakin mövcud vəziyyət çətindirsə, onu bir qədər də çətinləşdirmək olmaz. Öncə prosesin stimullaşması olmalıdır ki, bazarda bir canlanma yaransın. Təbii ki, yalnız bundan sonra tədbirləri sərtləşdirmək olar. Çünki pandemiya dövründə daşıyıcıların vəziyyəti daha da ağırlaşıb", - deyə ekspert vurğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında komitə sədri Sadiq Qurbanov bildirib ki, avtobuslar hələ də qara tüstü ilə yolun kənarında dayanan insanları, atmosferi zəhərləyir.
Xatırladaq ki, cari ilin mayında “Azərmaş” və “Uzavtosanoat” səhmdar cəmiyyətlərinin ölkəmizdə “Azərmaş CP” müştərək müəssisəsi yaradılıb, birgə layihə olan “Minik avtomobilləri və sərnişin avtobuslarının istehsalı” layihəsi üzrə ilk istehsala başlanılıb və hazırda istehsal uğurla davam etdirilir. İndiyədək 14 modeldə 2,5 mindən çox “Chevrolet” markalı minik avtomobili və Yaponiyanın “İSUZU” brendinin avtobusları istehsal olunub.
Xəbər lenti
0