CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər bir nailiyyətimizdə qadınların böyük zəhməti var - İlham Əliyev

© AFP 2023 / LUDOVIC MARINPrezident İlham Əliyev
Prezident İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 19.10.2023
Abunə olmaq
Prezident Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
BAKI, 19 oktyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına müraciət ünvanlayıb. Müraciətin mətnini Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Prezident İlham Əliyevin Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunda bildirib ki, qloballaşmanın vüsət aldığı və milli özünəməxsusluğu sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və yaşadılmasında Azərbaycan qadınlarının xidmətləri misilsizdir.
Qurultayın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasının dərin məna daşıdığını vurğulayan dövlətimizin başçısı qeyd edib:
"Ümummilli Lider qadınlarımızın ictimai-siyasi proseslərdə yaxından iştirak etmələrinə və dövlət qurumlarında geniş təmsil olunmalarına həmişə xüsusi diqqət yetirib. Azərbaycan qadınlarının 25 il əvvəl Ulu Öndərin təşəbbüsü ilə keçirilən ilk qurultayı ölkəmizdə qadın hərəkatının keyfiyyətcə yeni mərhələsini başladıb. Ötən müddətdə cəmiyyətdəki mövqeləri daha da möhkəmlənən qadınlarımız respublikanın sosial-iqtisadi və mədəni-elmi potensialının gücləndirilməsi işinə dəyərli töhfələr bəxş ediblər. Onların təqdirəlayiq ictimai nüfuzu təməl prinsipləri Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlət qadın siyasətinin ardıcıl gerçəkləşdirilməsinin nəticəsidir".
Dövlətimizin başçısı məmnunluq hissi ilə bildirib ki, Azərbaycan qadınları, eyni zamanda, maarifpərvər sələflərinin ənənələrini müvəffəqiyyətlə davam etdirərək, artan təşəbbüskarlıqları və dolğun sosial-mədəni fəaliyyətləri ilə ictimai həyatımıza yeni güc qatır, müstəqillik salnaməmizə parlaq səhifələr yazırlar:
"Hər bir nailiyyətimizdə qadınların böyük zəhməti var. Fədakar analarımızın Vətən sevgisinin bariz nümunəsi dövlətimizin suverenliyi və ərazi bütövlüyünün bərpası naminə döyüş meydanındakı unudulmaz rəşadəti ilə xalqımızın mübarizlik ruhunu nümayiş etdirən milli əqidəli gənc nəsildir".
Prezident məktubunda vurğulayıb ki, Azərbaycan öz tarixinin taleyüklü hadisələrlə zəngin, çox şərəfli bir dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışla bağlı hazırda genişmiqyaslı müxtəlif layihələr icra olunmaqdadır. Vətənimizin rifahı üçün var qüvvələrini əsirgəməyən qadınlarımız bu nəhəng quruculuq işlərinin fəal iştirakçılarıdır.
Qeyd edək ki, ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə keçirilir.
Xəbər lenti
0