Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İrəvan rəsmi Bakı ilə təkbətək danışıqlara hazırdırmı?

© Photo : MFA AzerbaijanBayraqlar
Bayraqlar - Sputnik Azərbaycan, 1920, 10.10.2023
Abunə olmaq
Millət vəkiliu qeyd edib ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırarsa, bundan qazana bilər.
BAKI, 10 oktyabr — Sputnik. "Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər".
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatında deyib.
Qeyd edək ki, 44 günlük müharibənin başa çatmasından sonra Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə Bakı və İrəvan arasında müxtəlif səviyyələrdə görüşlər keçirilib.
Bəs Ermənistan Azərbaycanla vasitəçisiz görüşə hazırdırmı?
Mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadə siyasi şərhçi Aydın Quliyev Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər.
Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, artıq Azərbaycan və Ermənistanın hansısa bir vasitəçi olmadan görüş keçirməsi üçün zaman yetişib:
"Min kilometrlərlə uzaq Avropada, ABŞ-da yox, elə qonşu Gürcüstanda görüş keçirilə bilər. İlk növbədə Gürcüstanda belə bir görüşün keçirilməsi ümumqafqaz evinin yaradılmasına dəstək ola bilər. Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin edib və Ermənistanla normal qonşuluq münsaibətləri üçün təkliflərini dəfələrlə ifadə edib. Bu təkliflər beş prinsip şəklində Ermənistana təqdim edilib. Onu da qeyd etmək lazımdır ki, bu prinsiplər beynəlxalq hüquqa tam uyğun gəlir".
Aydın Mizəzadənin sözlərinə görə, diplomatik münasibətlərin bərpası vaxtıdır, amma buna qədər sülh müqaviləsi imzalanmalıdır:
"Ermənistan revanşist fikirlərdən əl çəkməli, hərbi təxribatlara son qoymalıdır. O cümlədən Ermənistan Azərbaycana qarşı bütün iddialarına son qoymalıdır. Onsuzda beynəlxalq məhkəmələr tərəfindən Ermənistanın Azərbaycana yönəlmiş iddialarına rədd cavabı verilir. Ermənistan "Böyük Ermənisan" və Azərbaycan torpaqlarına qarşı iddialardan uzaqlaşmalı, normal sivil düşüncəyə gəlib çatmalıdır".
"Baxmayaraq ki, bizim torpaqlar işğal olunmuşdu, amma Azərbaycan Ermənistana normal münasibətlərin qurulmasını təklif edir. Bu görüşün vasitəçilərsiz Gürcüstanda keçirilməsi mümkündür. Sülh müqaviləsinin imzalanması üçün çox ciddi işlər görülməlidir və Azərbaycan buna hazırdır. Ermənistan tərəfdən buna siyasi iradə lazımdır. Ermənistan Azərbaycanla münasibətləri normallaşdırarsa, bundan qazana bilər. Azərbaycan Ermənistan iqtisadiyyatına investisiya qoya bilər. Bir sözlə seçim Ermənistanındır", - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Siyasi şərhçi Aydın Quliyev isə bildirib ki, Ermənistan nə ikitərəfli, nə də çoxtərəfli nəticəyönümlü danışıqlara və görüşlərə hazırdır: "Azərbaycan Prezidentinin Gürcüstanda ikitərəfli və üçtərəfli görüşlə bağlı təşəbbüs göstərməsi indki şəraitdə olduqca əhəmiyyətlidir. Biz indiyə qədər digər formatlarda keçirilmiş görüşlərin şahidi olmuşuq. Həmin formatların hər birində maraqlı ideyalar səslənsə də əldə olunmuş razılaşmaların heç biri həyata keçirilmir. İndiyə qədər mövcud olmuş formatların uğur qazanmamasının səbəbi onların nəticə əldə etməkdən daha çox, geosiyasi məqsədlərin həyata keçirilməsi üsuluna çevrilməsindən irəli gəlir. Moskvada əldə olunmuş razılaşmalara Brüssel və Vaşinqton mane oldu. Ona görə də yaranmış bu vəziyyətdən çıxış üçün Gürcüstanda ikitərəfli görüşlərin keçirilməsi olduqca əhəmiyyətlidir".
Siyasi şərhçi Ermənistanın da nə vaxtsa, bu formata önəm verəcəyini gözlədiyini bildirib.
"Əgər Ermənistan sülh sazişində maraqlıdırsa, iradəsini ortaya qoymalıdır. Gürcüstan nə Ermənistanın, nə də Azərbaycanın üzərində üstünlük qazanmaq istəmir və bunda hər hansı geosiyasi maraq güdmür. Gürcüstanın vasitəçilik etməsi çox perspektivli görünür. Azərbaycan Prezidentinin bu təklifi normallaşma prosesindəki yaranmış pat vəziyyətini aradan qaldırmağa yönəlib. Mən bunu ən ideal təklif kimi qiymətləndirirəm", - deyə siyasi şərhçi vurğulayıb.
Xəbər lenti
0