CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sorğu: Antiterror tədbirləri Azərbaycan-Ermənistan sülh müqaviləsini sürətləndirəcək?

© AP Photo / Luca BrunoAzərbaycan bayrağı
Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 04.10.2023
Abunə olmaq
“Keçirilmiş antiterror tədbirləri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini sürətləndirəcəkmi?” sualına münasibətdə respondentlərin 72.4%-i “bəli” cavabını verib.
BAKI, 4 oktyabr — Sputnik. Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi ictimai rəy sorğusu Azərbaycan cəmiyyətinin antiterror tədbirlərindən sonra sülh müqaviləsinin imzalanacağı barədə nikbin mövqedə olduğunu göstərib.
Bu barədə Mərkəzdən bildirilib.
Qeyd edilib ki, "Keçirilmiş antiterror tədbirləri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini sürətləndirəcəkmi?" sualına münasibətdə respondentlərin 72.4%-i "bəli" cavabını verib. Sorğuda iştirak edənlərin 21.4%-i bu barədə əks mövqedən çıxış edib, 6.2%-i fikir bildirməkdə çətinlik çəkib.
Nəticələrin respondentlərin sosial-demoqrafik məlumatlarına görə təhlili bu istiqamədə rəylərdə iştirakçıların gender mənsubiyyətinə və təhsil səviyyəsinə görə əhəmiyyətli fərq olmadığını göstərib. Orta və yaşlı nəslə aid respondentlər gənc nəsil ilə müqayisədə bu barədə daha nikbin mövqeyə malikdir.
Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 26 – 30 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 385 respondent iştirak edib. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.
Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb.
Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Qarabağın erməni əhalisinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da yerli xarakterli antiterror tədbirlərinin aşağıdakı şərtlərlə dayandırılması barədə razılıq əldə olunub: Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Eyni zamanda, Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Xəbər lenti
0