Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pomidor ixracından gəlirlərimiz azalıb, ölkə daxilində pomidor bahalaşıb - Səbəb nədir?

© Sputnik / Ilham MustafayevPomidor məhsulu
Pomidor məhsulu - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
Ekspert deyir ki, mövsüm dövründə Xaçmazda 1 yeşik pomidor 5-7 manat idisə, son həftələrdə 1 yeşik pomidor 10-22 manatadək qalxıb.
BAKI, 2 oktyabr — Sputnik. Azərbaycanın pomidor ixracından gəlirləri kəskin aşağı düşüb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan 124 290.17 min dollar dəyərində 112 064.36 ton pomidor ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından təxminən 10 milyon dollar azdır. Həcm baxımından isə cüzi azalma (0.2 faiz) qeydə alınıb. Başqa sözlə, bu il və keçən ilin müvafiq dövrlərində ixrac həcmləri demək olar ki, eyni qalsa da gəlirlərdə ciddi azalma qeydə alınıb.
Bəs, azalmanın səbəbi nədir?
Məsələ ilə bağlı aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, pomidor ixracında gəlirlərin azalmasının əsas səbəbi Rusiyada pomidorun qiymətinin ucuzlaşmasıdır: "Əvvəllər Rusiya bazarını pomidorla demək olar ki, biz təmin edirdik. Amma son illər Özbəkistandan Rusiyaya pomidor ixracı artıb. Eyni zamanda Dağıstanda böyük istixanalar salınıb və kütləvi şəkildə pomidor istehsal edilir. Bazarda məhsulun bolluğu da qiymətlərin ucuzlaşmasına səbəb olur. Başqa sözlə, Rusiyada bu sahədə rəqabət çox güclənib. Bu, qiymətlərin getdikcə aşağı düşməsinə gətirib çıxarda bilər".
"Azərbaycan pomidoru Rusiya bazarında brenddir"
"Lakin digər pomidorlar keyfiyyət baxımından Azərbaycan pomidoruna çata bilmir. Azərbaycan pomidoru Rusiya bazarında brenddir və daha çox satılır. Biz pomidoru əsasən Rusiyaya ixrac edirik" -, deyə o qeyd edib.
© Sputnikİnfoqrafika: Azərbaycanın pomidor ixrac etdiyi əsas ölkələt
İnfoqrafika: Azərbaycanın pomidor ixrac etdiyi əsas ölkələt - Sputnik Azərbaycan, 1920, 30.09.2023
İnfoqrafika: Azərbaycanın pomidor ixrac etdiyi əsas ölkələt
Son vaxtlar Azərbaycanda pomidor niyə bahalaşıb?
Azərbaycanda daxili bazarda son günlər pomidorun bahalaşmasına da münasibət bildirən ekspert deyib ki, mövsüm dövründə Xaçmazda 1 yeşik pomidor (təxminən 30 kq) 5-7 manat idisə, son həftələrdə 1 yeşik pomidor 10-22 manatadək qalxıb: "Məhsulun kəskin bahalaşmasının səbəbi havaların qeyri-sabit keçməsi oldu. Güclü yağışlar nəticəsində sahələr bərpad vəziyyətə düşdü və məhsul azaldı. Məhsulun azlığı qiymətlərin qalxmasına gətirib çıxardı. Qışa doğru məhsulun bahalaşması davam edəcək, çünki artıq açıq sahə pomidorları yoxdur, ancaq istixanalarda istehsal edilən pomidorlar var".
"Pomidorun ixrac qiyməti ucuzlaşıb"
İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, ixrac həcmləri dəyişmədən gəlirlər aşağı düşürsə, bu, o deməkdir ki, pomidorun ixrac qiyməti ucuzlaşıb: "Keçən il daha yüksək qiymətə xaricə pomidor satan fermerlər bu il daha aşağı qiymətə satıblar. Gəlirlərin aşağı düşməsinin əsas səbəbi pomidorun xaricdə ucuzlaşmasıdır. Ola bilər Rusiyada yerli istehsal artıb, bazarda bolluq yaranıb və qiymət aşağı düşüb. Həmçinin ola bilər Rusiyada inflyasiya ilə əlaqədar əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb və bu da qiymətə təsir göstərən amildir".
Ötən il pomidorun əksəriyyəti Rusiyaya göndərilib
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin iyul ayının 1-nə ölkədə 3242 vahid istixana fəaliyyət göstərib. İstixanalarda yanvar-iyun aylarında pomidor istehsalı 202 min ton olub. Keçən il 2021-ci illə müqayisədə istixanalarda pomidor istehsalı 7,6 faiz artıb. Şəmkir, Abşeron, Xəzər, Salyan, Samux, Sabunçu, Sabirabad, Kürdəmir, Binəqədi və Tovuz rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatlarına görə, keçən il Azərbaycanda pomidor istehsalı 2021-ci ilə nisbətən 2,4 faiz artaraq 826,5 min ton olub. Ötən il Azərbaycandan pomidor ixracının 97,3 faizi Rusiya bazarının payına düşüb.
Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Rusiyaya pomidor ixracında bəzi ziyanvericilər aşkarlandığına görə logistik problemlər olmuşdu. Ancaq qarşılıqlı əməkdaşlıq sayəsində mövcud problemlər həllini tapıb. 2022-ci ilin mart ayının 5-dən etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidorun bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyət tam aradan qaldırılıb.
Xəbər lenti
0