CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış insanların ölüm xəbərindən İP qazanmaq istəyənləri nə gözləyir?

© AFP 2023 / JACK GUEZFake news
Fake news - Sputnik Azərbaycan, 1920, 28.09.2023
Abunə olmaq
Ekspertlər hesab edirlər ki, "Media kapitanı" adlandırılan şəxslər yaxşı jurnalistlərə normal maaş versələr, mediadakı təsadüfi adamlar da günlərini dezinformasiya yaratmaqla keçirməzlər.
BAKI, 28 sentyabr — Sputnik. İki gün əvvəl millət vəkili Qənirə Paşayevanın ölüm xəbəri yayılıb. Ölkənin aparıcı və məşhur media subyektləri bu xəbəri dərc edib. Sonradan həmin xəbər təkzib olunub. Adətən belə xəbərlər məşhurlarla bağlı olur. Vaxtaşırı hansısa məşhurun ölüm xəbəri yayılır, sonra da təkzib olunur. Belə dezinformasiyaların yayılmasının qarşını necə almaq olar? Dezinformasiya yayan media qurumları qanunvericiliyə görə hansı cəzaları almalıdırlar?
Jurnalistikanın İnkişafına Yardım Fondunun sədri, Əməkdar jurnalist Qulu Məhərrəmli bu tipli xəbərlərin yayılmasını qeyri-peşəkarlıq hesab edir:
"Özünü peşəkar hesab edən media qurumlarının sağ insanların ölüm xəbərini yayması ilk dəfə deyil. Əvvəllər belə hallar daha çox olardı. İndi biraz məsuliyyət artıb. Bunun səbəbi qeyri-peşəkarlıq, süni şəkildə sensasiya yaratmaq, reytinq qazanmaqdır. Bu tipli xəbərlə İP qazanmaq dəfələrlə sınanmış çox pis metoddur. Ən pisi də odur ki, sosial şəbəkədə kimsə yanlış xəbər verir, bütün saytlar da bir-birindən "copy-paste" edirlər. Bu tipli xəbərlər sosial mediada yayılsa belə, peşəkar media baş vermiş hadisəni araşdırmadan, mənbələrə istinad etmədən xəbəri verməməlidir".
Məşhur jurnalist Rövşanə Ağasəfqızı bildirir ki, "Media kapitanı" dediyimiz şəxslər kompleks şəkildə bu məsələni həll etməlidir. İlk növbədə jurnalistə normal maaş verilməlidir: "Saytlarda çalışan jurnalistlər cüzi maaşa işləyirlər. Bunun qarşılığında da onlardan tələb olunur ki, bir gündə filan qədər xəbər verməlisən. O jurnalist də başlayır ya "Copy-paste" edir, ya da mənbəsini araşdırmadan xəbər verir ki, gününü yola versin".
R.Ağasəfqızı təəssüf edir ki, saytlarda araşdırma aparan, yaxşı qələmi olan jurnalistlər çox azdır. Sayt rəhbərləri şəxsi münasibətlərini ortaya qoyurlar: "Belə olmamalıdır. Onlar şəxsi münasibətlərini kənara qoyub yaxşı jurnalistdən bərk-bərk yapışmalıdırlar. Yaxşı iş ortaya qoymaq istəyirlərsə, yaxşı beyinlərdən istifadə etsinlər. Sözsüz ki, təcrübəsiz jurnalisti də götürmək olar. Amma 5 təcrübəsiz jurnalist götürürsünüzsə, 5 nəfər də savadlı jurnalist götürün. Amma bu onlara sərf etmir. Çünki, peşəkar, qələminə hörmət edən jurnalist o maaşa gəlib işləməz. Elə ucuz xəbərlərə qaçmaz. Bu gün mən oxumağa heç nə tapmıram. Bütün saytlar bir-birinin təkarıdır".
"AzTV" Televiziya və Radio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri Almaz Mahmud bildirir ki, jurnalistlərimiz qəti tolerant deyil. Tənqid edirsən, qəbul etmirlər:
"Bəzən tanınmış jurnalist hansısa xəbəri yayır. Sonradan məlum olur ki, yaydığı məlumat yalandır. Çıxış yolunu xəbəri silməkdə görür. Onda sənin digər qeyri-peşəkar jurnalistdən nə fərqin oldu? Ötən il Brüsseldə Avropa İttifaqının dezinformasiyanın qarşısının alınması ilə bağlı bir layihəsində iştirak etdim. Belə qənaətə gəldik ki, dezinformasiyanı məhz jurnalistlər yayır. Jurnalistlər bilərəkdən, bəzən də bilməyərəkdən cəmiyyəti çaşbaş salırlar. Bu gün jurnalsitlər o qədər informasiyanın içindədir ki, bəzən xəbərin mənbəyini öyrənə bilmirlər. Amma bu o demək deyil ki, belə davam etməlidir. Bunun üçün peşəkarlar maarifləndirmə işi aparmalıdır".
Almaz Mahmud əlavə edib ki, sosial media istəsək də, istəməsək də, həyatımıza daxil olub.
"Bəzən deyirlər ki, "sosial media ənənənəvi mediaya təsir etmir. Amma görünən odur ki, sosial media ənənəvi mediaya çox təsir edir. Media operativ olmalıdır, amma mütləq xəbəri azı iki mənbədən dəqiqləşdirməlidir. Kiminləsə rəqabətə girib operativliyini qorumaq naminə araşdırma aparmadan xəbər verən medianın nüfuzu aşağı düşəcək. Sabah o mediaya heç kim güvənməyəcək. Jurnalistin reputasiyası aşağı düşəcək" - deyə A.Mahmud fikrini tamamlayıb.
Hüquqşünas Ələsgər Məmmədli bildirir ki, medianın iki önəmli, əməl etməli standartı var: Etik və hüquqi standartlar. Etik standartlara görə, jurnalist obyektiv, qərəzsiz olmalıdır, mənbələrə istinad etməlidir. İstinad etdiyi mənbə də güvənilən olmalıdır. Hüquqi standarta gəldikdə isə jurnalist başqalarına zərər verən davranışlardan çəkinməlidir. Yeni yaradılan Media haqqında qanunda jurnalistlər qanunvericilyə uyğun fəaliyyət göstərmədiyi halda, məsuliyyət daşıyır:
"Hansısa rəsmi qurum yanlış məlumat yayırsa, media bunu dərc edərsə, sonradan xəbərin yanlış olduğu ortalığa çıxarsa, o zaman həmin KİV məsuliyyət daşımır. Bundan başqa, hansısa deputatın, nazirin və ya digər vəzifəli şəxsin çıxışını olduğu kimi dərc edirsə, həmin şəxs yalan məlumat versə belə, media məsuliyyət daşımır. Amma qalan hallarda media hər hansısa xəbəri dərc etməzdən öncə azı iki mənbədən araşdırmalıdır. Hər hanısa bir şəxsin adından qəsdən, böhtan xarakterli xəbər yayarsa, həmin media qurumu məsuliyyətə cəlb oluna bilər. İstər Media haqqında qanunun 77-ci maddəsi, istərsə də İnzibati Xətalar Məcəlləsinin 188-ci maddəsi KİV-lərin azadlığından sui-istifadəetmə hallarına görə inzibati məsuliyyəti nəzərdə tutur. Fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər (redaktor və ya KİV rəhbəri) 500-700 manat, hüquqi şəxslər, yəni, media qrumunun özü isə 2000-3500 manat məbləğində cərimə oluna bilər".
Xəbər lenti
0