Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Bundan sonra Qarabağdan güllə səsi yox, musiqi səsi gələcək" - Mənsum İbrahimov

© Sputnik / Kamal AlmuradlıMənsum İbrahimov
Mənsum İbrahimov - Sputnik Azərbaycan, 1920, 28.09.2023
Abunə olmaq
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair proqramlarına uyğun olaraq sözügedən ərazilərə həmin məktəblərin köçürülməsi nəzərdə tutulub.
BAKI, 28 sentyabr — Sputnik. Qarabağ bölgəsinin Azərbaycan musiqi mədəniyyətində xüsusi yeri var. Təsadüfi deyil ki, Şuşa "Qafqazın konservatoriyası", Ağdam isə "Qarabağın toy otağı" adlandırılır. Azərbaycan musiqi mədəniyyətinin inkişafında Qarabağ torpağında yaşayıb-yaratmış musiqiçilər böyük rol oynayıblar. Qarabağda xüsusən muğam ifaçılığı tarixən inkişaf edib. Amma Qarabağın ermənilər tərəfindən işğalı mədəniyyət mərkəzlərimizi viran qoyub.
Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Mənsum İbrahimov Sputnik Azərbaycan-a bildirib ki, Qarabağın işğalı bütün sahələrd olduğu kimi musiqi sahəsinə də öz neqativ təsirini göstərib. Xüsusilə də muğamımız gözəl səsləri itirib:
"Qarabağın əhalisi məcburən başqa-başqa bölgələrə köçdülər. 30 il ərzində Qarabağdan səs gəlmirdi. Çünki, muğam sənətinin ən gözəl səsləri o bölgədən gəlirdi. İşğaldan sonra onların sayı kəskin azaldı. İllərdir, muğam müsabiqələrində münsifəm. Mən bunu açıq-aydın hiss edirdim. Gözəl səslərin sayı minumuma enmişdi. Çox şükür ki, torpaqlarımız tam işğaldan azad olundu. Laçına, Zəngilana, Füzuliyə köç başlayıb. İnsanlarımız yenidən Qarabağda məskunlaşıblar. Artıq oradan gözəl səslər gələcək. Əvvəllər həmin torpaqların hər birində musiqi məktəbləri var idi. O məktəblər yenidən bərpa olunacaq".
Xalq artisti qeyd edib ki, son illərdə Qarabağımızın müxtəlif guşələrində - Ağcabədidə, Füzulidə və Ağdamın Quzanlı qəsəbəsində muğam sənətinin yaşadılması və inkişafı üçün Muğam Mərkəzləri tikilib istifadəyə verilib. May ayında isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində Muğam Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Bu, nəinki Ağdam və Qarabağda, ümumilikdə respublikamızda mədəniyyətə, musiqiyə, muğam sənətinə verilən böyük dəyərdir.
"Əminəm ki, Ağdam Muğam Mərkəzi ölkəmizdə muğamın inkişafına, yeni xanəndələr nəslinin yetişməsinə öz töhfələrini verəcək. Qarabağa yenə də dünyanın 4 bir yanından insanlar gələcək. Yenə də orada musiqi, teatr festivalları keçiriləcək. Artıq Qarabağdan güllə səsi yox, musiqi səsi eşidiləcək. İnanıram ki, orada Konservatoriyamızın filialı da yaradılacaq" - deyə Xalq artisti bildirib.
"Pedaqoji fəaliyyətinizi orada davam etdirmək istəyərdinizmi?" sualına Xalq artisti belə cavab verib:
"Məmnuniyyətlə gedərəm. Ora mənim doğulduğum, böyüdüyüm yerlərdir. Oranı mən heç yerə dəyişmərəm. Mənə oradan təklif gəlsə, tərəddüd etmədən gedərəm".
Qeyd edək ki, Xocalı, Xocavənd, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Ağdam, Kəlbəcər rayonları işğal olunmazdan öncə həmin ərazilərdə uşaq musiqi və incəsənət məktəbləri fəaliyyət göstərirdi. Lakin, erməni vandallarının törətdikləri müsibətlər zamanı həmin məktəblər də dağıdıldı.
Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hal-hazırda qeyd etdiyimiz rayonların Bakı şəhəri də daxil olmaqla ölkəmizin müxtəlif bölgələrində musiqi məktəbləri fəaliyyət göstərir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair proqramlarına uyğun olaraq sözügedən ərazilərə həmin məktəblərin köçürülməsi nəzərdə tutulub.
Xəbər lenti
0