Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

COVID-19-un "Eris" ştammı niyə təhlükəlidir? Azərbaycanda gözlənilən virus barədə hər şey

© AP Photo / Ng Han GuanTibbi maskada olan qadın
Tibbi maskada olan qadın - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Abunə olmaq
Vasif Əliyev deyib ki, COVID-19-un "Eris" varinatı əsasən yaşlı, xəstə insanlar, eləcə də hamilə qadınlar və körpə uşaqlar üçün daha təhlükəlidir.
BAKI, 19 sentyabr — Sputnik. "COVID-19-un "EG.5.1." "Eris" virusu sürətli yayılma qabiliyyətinə malikdir. Omikrondan daha yoluxucu olan yeni virusdan qorunmaq, digər variantlarla müqayisədə daha çətindir".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vasif Əliyev söyləyib. O qeyd edib ki, "EG.5.1." koronovirusun alt tipidir.
"EG.5.1. sürətli yoluxma qabiliyyətinə malikdir
"Bu virus omikrondan daha sürətlə yayılır. Buna görə də, "Eris" virusuna yoluxmanın qarşısını almaq çətindir. COVID-19-un "EG.5.1. variantına artıq bir sıra ölkələrdə rast gəlinib. Ona görə də, özündə qrip əlamətləri müşahidə edən insanların test verməsi vacibdir" - deyə ekspert bildirib.
V.Əliyev hazırda ölkəmizdə COVID-19-un "EG.5.1." variantına yoluxmanın olmadığını qətiyyətlə söyləməyin mümkünsüz olduğunu söyləyir. Onun sözlərinə görə, özündə qrip əlamətləri olan bütün xəstələr test vermədiyindən bunu aşkar etmək də çox çətindir:
"Çox yaxşı olardı ki, yüksək hərarəti, burun axması, halsızlığı olan xəstələr test versinlər. Yalnız bu halda COVID-19-un hansı variantının olduğunu təsdiqləmək mümkündür".
"Eris" virusuna yoluxmanın əlamətləri
V.Əliyev onu da əlavə edib ki, "Eris" virusu bir çox əlamətləri ilə qripə bənzəyir: " COVID-19-un "EG.5.1." variantına yoluxma zamanı yüksək hərarət, yorğunluq, burun axması müşahidə olunur. Tədqiqatçıların fikrincə, eris virusunun əsas simptomları burun axması, baş ağrısı, hərarət, boğaz ağrısı, yorğunluqdur. Bütün variantlar kimi, "EG.5.1." varinatından da qorunma yolu eynidir. Xəstəliyə yoluxmuş şəxsin maska taxması vacibdir".
V. Əliyev hələki "EG.5.1." varinatında ağırlaşma halının müşahidə olunmadığını söyləyir. Onun sözlərinə görə, virusa yoluxma zamanı əlamətlər yüngül keçir, insanların ağırlaşma halı çox da qeydə alınmır.
ÜST-dən yeni variantla bağlı xəbərdarlıq!
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un "EG.5.1." "Eris" virusu ilə bağlı xəbərdarlıq edib. COVID-19-un "Eris" virusu adlı yeni variantı İngiltərədə Arcturus-dan sonra ən çox yayılmış ikinci variant hesab olunur ki, bu da bütün infeksiyaların demək olar, yarısını təşkil edir.
"Eris"in Omicron variantı ilə genetik oxşarlıqları paylaşdığı düşünülür. Bu göstərir ki, "Eris" variantı "Omicron" ilə oxşar ötürücülük və immunitetdən yayınma qabiliyyətlərini nümayiş etdirə bilər. COVID-19-un yeni versiyası olan "Eris" ştammı dünyanın 52 ölkəsindən, o cümlədən Fransa və Britaniyadan sonra Türkiyəyə də çatıb.
Türkiyədə 9 nəfərdə COVID-19-un variantlarından olan omikronun mutasiyaya uğramış "EG.5.1." "Eris" virusu aşkarlanıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial şəbəkə hesabında yazıb. Nazir sosial media hesabındakı paylaşımında qeyd edib: "Onların xarici ölkələrlə təmasları var. Yoluxanlar eyni əyalətdəndirlər". Onun sözlərinə görə, "Eris"in aşkaralanması bağlı narahatlığa səbəb yoxdur: "Bu vəziyyət başqa ölkələrdə adi haldır. Bizdə də ola bilərdi. Yaşlılarımızı və xroniki xəstələrimizi qoruyacağıq".
Vaksinasiyaya ehtiyac olacaqmı?
Mütəxəssislər yaxın gələcəkdə statistikada ciddi artım müşahidə oluna biləcəyi fikrindədirlər. Buna səbəb kimi yay tətilinin başa çatması və havaların soyuması göstərilir. Bəzi ölkələrdə təkrar vaksinasiya vacib hesab olunsa da, Vasif Əliyev "EG.5.1." variantı yüngül keçdiyindən hələki koronavirusa qarşı vaksinasiyaya ehtiyac olmadığını söyləyib.
O, COVID-19-un "Eris" varinatının da əsasən yaşlı, xəstə insanlar, eləcə də hamilə qadınlar və körpə uşaqlar üçün daha təhlükəli olduğunu söyləyib.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında alimlər COVID-19-un "omikron" ştamının "kraken" adlı yeni variantını müəyyən ediblər. 2023-cü ildə EG.5 "eris", eləcə də BA.2.86 "pirola" variantı ortaya çıxıb.
Cari statistika
Sonda onu da qeyd edək ki, 16 sentyabr 2023-cü il tarixinə dünya üzrə cari koronavirus statistikası aşağıdakı kimidir:
Ümumi yoluxanlar: 695 336 700 nəfər
Ölənlər: 6 915 752 nəfər (1,0%)
Sağalanlar: 667 391 147 nəfər (96.0%)
Hazırda xəstə olanlar: 21 029 801 nəfər (3,0%)
Ölkəmizə gəlincə, Azərbaycanda son 1 həftə ərzində (11-17 sentyabr) koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxan 127 nəfər sağalıb.
İndiyədək ölkədə ümumilikdə 832 580 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 131 nəfər müalicə olunaraq sağalıb, hazırda 147 aktiv xəstə var. Bu günə qədər 10 302 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 012, bu günə qədər isə ümumilikdə 7 680 488 test icra olunub.
Eyni zamanda ölkədə son həftə ərzində 223 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 615 olub.
Onu da xatırladaq ki, Covid-19 epidemiyası ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. 30 yanvar 2020-ci il tarixində ÜST bu epidemiyanı beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti və 11 mart 2020-ci il tarixində pandemiya elan edib.
Xəbər lenti
0