Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ombudsman itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlayıb

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva  - Sputnik Azərbaycan, 1920, 30.08.2023
Abunə olmaq
Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda Birinci Qarabağ müharibəsində və sonrakı dövrdə itkin düşmüş şəxslərlə bağlı milli və beynəlxalq qurumlarla əməkdaşlıqda əldə edilmiş məlumatlar toplanaraq ümumiləşdirilib.
BAKI, 30 avqust — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanaraq 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günündə aidiyyəti beynəlxalq təşkilatlara ünvanlanıb.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bildirilir ki, bu hesabatın hazırlanmasında əsas məqsəd 4000-ə yaxın itkin düşmüş azərbaycanlının bugünədək naməlum qalan taleyi ilə bağlı məsələnin, habelə onların ailələrinin çağırışlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, itkin düşmüş şəxslər haqqında məlumatların verilməsinin təmin edilməsidir.
"Məlumdur ki, bugünədək işğaldan azad edilmiş Azərbaycan ərazilərində bir neçə kütləvi məzarlıq aşkarlanıb və tapılan qalıqların eyniləşdirilməsi aparılaraq onların itkin düşmüş azərbaycanlılara məxsus olması öz təsdiqini tapır. Bu cür faktlar Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini, beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozulması hallarını sübut edir. Ombudsmanın hesabatında da bu mövzuya toxunulub və itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları təqdim etməsi üçün dünya ictimaiyyəti tərəfindən Ermənistana çağırışlar edilməsinin vacibliyi vurğulanıb", - deyə məlumatda bildirilir.
Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda Birinci Qarabağ müharibəsində və sonrakı dövrdə itkin düşmüş şəxslərlə bağlı milli və beynəlxalq qurumlarla əməkdaşlıqda əldə edilmiş məlumatlar toplanaraq ümumiləşdirilib.
Eyni zamanda, Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşlarının itkin düşmüş şəxslərin ailə üzvləri, ermənilər tərəfindən girovluqda saxlanmış şəxslərlə keçirdiyi görüşlər, bu görüşlər zamanı doğmalarının həmin şəxslər haqqında verdiyi məlumatlar hesabatda öz əksini tapıb.
Bununla yanaşı, Ombudsmanın bugünədək bu sahədə həyata keçirdiyi fəaliyyətlə bağlı yerli və xarici mətbuatda yayımlanmış informasiyanın ümumiləşdirilməsi aparılıb, aidiyyəti foto və videomateriallardan istifadə edilib.
Xatırladaq ki, avqustun 30-u Beynəlxalq İtkin Düşmüşlər Günü kimi qeyd olunur. Beynəlxalq İtkin Düşmüşlər Günü dünyada minlərlə itkin düşmüş, hərb meydanında həlak olmuş naməlum şəxslər, tutulub gizli yerlərdə saxlanılan və yaxud gizli edam edilmiş insanların xatirəsinə həsr olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0