CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çatdırılma xidməti göstərənlərin diqqətinə-AQTA hərəkətə keçdi

wolt - Sputnik Azərbaycan, 1920, 29.08.2023
Abunə olmaq
AQTA bəyan edib ki, Qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan sahibkarların işlərini qanunvericiliyə uyğun olaraq, mövcud tələblər çərçivəsində qurması vacibdir.
BAKI, 29 avqust — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaxın günlərdə çatdırılma xidməti göstərən əməkdaşlar üçün "qida təhlükəsizliyi tələbləri"nə dair təlimlər təşkil edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan sahibkarlarla keçirilən görüşdə bildirilib.
Tədbir qida məhsullarının daşınması və çatdırılması sahəsindəki vəziyyətin, o cümlədən mövcud çatışmazlıqların bir daha nəzərdən keçirilməsi, aşkarlanan nöqsanların aradan qaldırılması, eyni zamanda bu sahədə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlığın daha da genişləndirilməsi, onların mövcud qanunvericilik və tələblər barədə məlumatlandırılması, işlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərilməsi, həmçinin təkliflərinin dinlənilməsi və müvafiq işlərin həyata keçirilməsinin təmin olunması məqsədilə keçirilib.
Görüşdə AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva qida təhlükəsizliyinin təmin olunması, o cümlədən qida məhsullarının daşınması və çatdırılması sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib: "Son illər ölkəmizdə qida məhsullarının daşınması və çatdırılması xidmətləri sürətlə inkişaf edir və bu fəaliyyət getdikcə daha da genişlənir. Bu sahə ilə bağlı müvafiq məsələlər 2023-cü il yanvarın 1-dən qüvvəyə minən "Qida təhlükəsizliyi haqqında" qanunda da öz əksini tapıb. Belə ki, bu qanun qida zəncirinin bütün mərhələləri üzrə müvafiq tələbləri müəyyən edir və həyata keçirilməli olan işləri tənzimləyir. Həmçinin qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarəti məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla, qida zəncirinin bütün mərhələlərində həyata keçirilir.Qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan sahibkarların işlərini qanunvericiliyə uyğun olaraq, mövcud tələblər çərçivəsində qurması vacibdir".
AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov qida məhsullarının daşınması və çatdırılmasına dair tələblər, eləcə də bu sahədə həyata keçirilən nəzarət tədbirləri və aşkarlanan nöqsanlar barədə geniş məlumat verib:
"Qanunvericiliyə əsasən, qida məhsullarının daşınması və çatdırılması zamanı sanitariya norma və qaydalarına, mal qonşuluğu prinsipinə və temperatur rejiminə əməl olunmalı, qablaşdırmada istifadə edilən materiallar normalara uyğun olmalı, termoboksların sanitar vəziyyəti qənaətbəxş olmalı və digər tələblər yerinə yetirilməlidir. Qida məhsullarının daşınması onların təhlükəsizliyini təmin edən və ilkin xüsusiyyətlərini qoruyan şəraitdə, qida təhlükəsizliyi sahəsində müəyyən olunmuş tələblərə uyğun həyata keçirilməlidir. Qida məhsulları xüsusi olaraq bu məqsəd üçün nəzərdə tutulmuş gigiyenik və temperatur tələblərini təmin edən nəqliyyat vasitələrində, konteynerlərdə və xüsusi çantalarda daşınmalıdır.
Belə ki, tez xarab olan məhsulların soyuq qida zəncirinə, isti məhsulların isə isti rejimə uyğun çatdırılması təmin edilməlidir. Həmçinin eyni nəqliyyat vasitəsində daşınan tez xarab olan qidalar bir-biri ilə uyğun olmalı, yəni qoxusu və xüsusiyyətinə görə bir məhsul digərinə mənfi təsir göstərməməlidir. Eyni zamanda qida məhsullarının daşınması fəaliyyəti ilə məşğul olan qida subyektləri və ya onların əməkdaşlıq etdiyi daşınma xidmətləri qida təhlükəsizliyi qeydiyyatına alınmalıdır. Təəssüf ki, aparılan nəzarət tədbirləri zamanı bəzən bu sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən müvafiq tələblərin yerinə yetirilmədiyi aşkarlanır".
E.Mikayılov bəzi şirkətlər tərəfindən qida məhsullarının daşınması və çatdırılması zamanı yol verilən nöqsanların aradan qaldırılmasının zəruriliyini diqqətə çatdırıb. Aparat rəhbəri yaxın günlərdə çatdırılma xidməti göstərən əməkdaşlar üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən "qida təhlükəsizliyi tələbləri"nə dair təlimlərin təşkil ediləcəyini bildirib.
Görüşün sonunda Bolt Food, Uber, İndi market, Ozio, Ibox, Bazarstore, Bravo, Rahat və Umico şirkətlərini təmsil edən sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Xatırladaq ki, bir müddət öncə ATQA ilə qida məhsullarının çatdırılması (daşınması) ilə məşğul olan "Volt Azərbaycan" MMC arasında qalmaqal yaşanmışdı. AQTA aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlandığını, bu səbəbdən fəaliyyətinə xitam verildiyini, "Volt" isə deyilənləri təkzib edərək xidmətə davam etdirdiklərini bəyan etmişdi.
Xəbər lenti
0