CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aran bölgəsində əhalinin içdiyi suyu görəndə adam dəhşətə gəlir - Alim - VİDEO

© Sputnik / Maksim BogodvidSu, arxiv şəkli
Su, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.08.2023
Abunə olmaq
"Azərsu" Yel universitetinin qiymətləndirilməsinə münasibət bildirərək suyun keyfiyyətsiz olması, təhlükəli olması ilə bağlı hər hansı bəyənatın verilməsinin düzgün olmadığını qeyd edir. Alimlərin isə fikirləri haçalanır.
BAKI, 28 avqust — Sputnik. "Bildiyimiz kimi, ABŞ-ın Yel Universitetinin “Dünya su xəritəsi” adlı hesabatında Azərbaycan üzrə suyun keyfiyyəti 46.5 bal olduğu (100 ballıq şkala üzrə) göstərilib və onun keyfiyyətinin təhlükəli olduğu bəyan edilib. Bunları nəzərə alaraq bildirim ki, suyun keyfiyyəti haqqında hər hansı rəyin verilməsi ondan götürülmüş su nümunəsi, aparılmış müayinə nəticələri əsasında mümkündür. "Azərsu"nun baş texnoloqu Cəmil Babayev Sputnik Azərbaycan-a açıqlamasında ABŞ-ın Yel Universitetinin “Dünya su xəritəsi” adlı hesabatında Azərbaycanla bağlı nüansı şərh edərkən belə deyib.
Onun sözlərinə görə, aparılan müayinə zamanı götürülmüş su nümunəsi əsasında orqanoleptik, fiziki-kimyəvi, radioloji və mikrobioloji normalara uyğunluğun olub-olmamasını demək mümkündür. Bundan başqa, bu müayinələrlə hər hansı keyfiyyət göstəricisindən kənaraçıxma haqqında məlumatın əldə edilməsi mümkündür. Bu yolla suyun insan sağlamlığına təhlükəli olub-olmaması müəyyənləşdirilir.
Texnoloq həmçinin bildirib ki, Bakı şəhəri Abşeron yarımadasında “Azərsu” ASC-nin 2013-cü ildən fəaliyyətdə olan və İSO17025 standartına əsasən “LATAK” beynəlxalq akkreditasiyadan keçmiş Mərkəzi Laboratoriyası, o cümlədən Ceyranbatan kimyəvi – bakterioloji təhlil laboratoriyası da fəaliyyətdədir:

"Regionlarda isə içməli suyun keyfiyyətinə 9 ədəd kimyəvi–bakterioloji təhlil laboratoriyaları tərəfindən gündəlik olaraq nəzarət təşkil edilib".

Baş texnoloq bildirib ki, respublika üzrə mənbədə, emal qurğularının texnoloji mərhələlərində, paylayıcı su şəbəkələri magistral xəttləri üzərində istismar edilən su tutarlarından, abonentlərdən (stasionar nöqtələrdən) 54 rayon mərkəzləri, kənd qəsəbələri üzrə hər birindən gündəlik ortalama 10 su nümunəsi toplanılır, Bakı şəhəri Abşeron yarımadası üzrə isə ortalama 80 su nümunəsinin toplanması təhlili aparılır:

"Bundan başqa emal qurğularında suyun keyfiyyətinə indiqator göstəricilər üzrə real zaman kəsiyində xüsusi avadanlıqlarla nəzarət də təşkil edilib. Nəticədə, il ərzində ortalama 400 000 sayda müayinə icra edilməklə suyun keyfiyyəti daimi nəzarətdə saxlanılır".

O qeyd edir ki, bu hesabat dünya ölkələrində dayanıqlı inkişaf vəziyyətinin statistik məlumatlara əsaslanan xülasədir:
"İqlim dəyişikliyi ətraf mühitin sağlamlığı və ekosistem sağlamlığının göstəriciləri üzrə toplanan məlumatlar təhlil edilir və “EPİ” indeks formasında 180 ölkə üzrə 11 sualda müxtəlif dəyərlərdə sıralama aparılır. Bu suallar arasında suyun sanitar vəziyyəti haqqında da “EPİ” indeks formalaşır. Bu göstəricilər ölkələrin müəyyən edilən ekoloji siyasət məqsədlərinə nə dərəcədə yaxın olduğunu milli miqyasda qiymətləndirməyə imkan verir. Bu qiymətləndirmə Yel Universiteti tərəfindən tamamilə müstəqil şəkildə aparılıb və onlar tərəfindən Azərbaycan Respublikası üzrə suyun keyfiyyətinin müəyyənləşdirilməsi məqsədilə nümunələrin fiziki olaraq toplanması və təhlili işləri həyata keçirilməyib".

"Yəni qeyd edilən qiymətləndirilmə əsasında suyun keyfiyyətsiz, təhlükəli olması ilə bağlı hər hansı bəyənatın verilməsi düzgün deyil", - deyə o, əlavə edib.

Xəzər Universiteti Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan hökuməti bu universitetin nəticələrini qəbul etmir:

"Yel Universitetinin alimləri gəlib burada araşdırma aparmayıb, suyun keyfiyyətini ölçüb ona uyğun qərar çıxarmayıb. Sadəcə olaraq ümumi tədqiqatlara söykənərək belə qərara gəliblər. Burada ölkənin ümumi iqtisadi-inkişaf səviyyəsi də nəzərə alınır".

© Photo : From the personal archive of Rovshan AbbasivRövşən Abbasov
Rövşən Abbasov - Sputnik Azərbaycan, 1920, 27.08.2023
Rövşən Abbasov
Azərbaycanda içməli suyun keyfiyyətinin "Azərsu"nun laboratoriyasında yoxlanıldığını deyən həmsöhbətimiz bildirir ki, Ceyranbatan su anbarından götürülən su təmizlənsə də şəhərə verildikdə yolda yenidən çirklənir, codlaşmaya məruz qalır:

"Cod su da ürək xəstəliklərinin yaranmasına səbəb ola bilər".

Ekspert bildirir ki, xüsusən də Aran zonasında təmiz içməli su problemi aktual olaraq qalmaqdadır:
"Əhalinin bir hissəsi Kür suyundan istifadə edir və onun monitorinqi aparılmır".
O qeyd edir ki, ümumiyyətlə, regionda içməli su ilə bağlı ən pis vəziyyət Azərbaycandadır.
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov isə saytımıza açıqlamasında bildirib ki, Bakıda kran suyunun təhlükəsiz olduğunu demək mükün olsa da, bu sözü regionlara aid etmək mümkünsüzdür:

"Ümumiyyətlə, Azərbaycanda içməli su ilə bağlı problemin olmadığını demək doğru deyil. İçməli su problemimiz var. Xüsusən də bəzi regionlarımızda içməli su problemi aktual olaraq qalmaqdadır. Quba, Qusar, Xaçmazı da bura aid etmək olar. Aran bölgəsini gəzmişik, əhalinin içdiyi suyu görəndə adam dəhşətə gəlir ki, indinin özündə də arxdan su götürərək onu duruldub içirlər. Belə olanda təbii ki, problem də, xəstəlik də olacaq. Ötəri tərdbirlərlə bu problemi həll etmək mümkünüzdür. Gərək ki, dövlət tərəfindən bu problemin həlli üçün güclü investisiya qoyulsun. Xüsusən də Aran rayonlarında güclü təmizləyici qurğulara ehtiyac var".

Mütəxəssis qeyd edir ki, bəzi bölgələrdə su qıtlığı da insanların sağlamlığında fəsadlar yaradır:
"Əhali içməli suya tələbatını ödəmək üçün müxtəlif mənbələrə müraciət edir. Bəzən lazımsız mənbələrdən də su götürülür ki, bu da istər-istəməz əhali arasında xəstəliklərin yayılmasına səbəb olur".

"Bu səbəbdən də Yel Universitetinin araşdırmasını etibarlı hesab etmək olar. Biz özümüz də bu problemləri görürük. Qarabağda "Ağıllı Şəhər yaradırıq", amma bunun fonunda Sabirabad, Ağdaş kimi bir sıra rayonlarda camaat suyu arxdan götürür", - deyə ekspert əlavə edib.

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın Yel universiteti tərəfindən dünya ölkələrindən hansında kran suyunun içməli olub-olmamasını özündə ehtiva edən məlumat yayımlanıb. Universitet tərəfindən hazırlanan xəritədə kran suyu içməli olan ölkələr mavi, təhlükəli olan ölkələr isə sarı rənglə kodlaşdırılıb. Təəssüf ki, Azərbaycan da sarı rəngdə kodlaşdırılan ölkələr sırasında yer alıb.
Universitet tərəfindən aparılan bu tədqiqat çirkli su istehlakına görə hər 100 min nəfərə itirilən (Əlilliyə Uyğunlaşdırılmış Ömür İli - DALY (Disability-adjusted life year) ömür ilinə əsasən hesablanıb.
Universitetin hesabatında qeyd edilir ki, onlar bu rəqəmləri Sağlamlıq Metriksləri və Qlobal Xəstəlik Yükünün Qiymətləndirilməsi İnstitutu (Institute for Health Metrics & Evaluation’s Global Burden of Disease) tərəfindən təqdim olunmuş hesabatdan əldə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Su - Sputnik Azərbaycan, 1920, 09.08.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
"Azərsu" istilərə görə mənbələrdən ötürülən suyun həcmini artırıb
Xəbər lenti
0