Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Asiyada düyü qiymətləri son 15 ilin ən yüksək həddinə çatıb - Yerli bazara da təsir edəcək

© AFP 2023 / BENSON IBEABUCHIDüyü satışı
Düyü satışı - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Abunə olmaq
Bu il Azərbaycana xaricdən gətirilən düyü bahalaşıb. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 32 milyon 506 min dollar dəyərində 36 min 430 ton düyü idxal edilib.
BAKI, 10 avqust — Sputnik. Asiyada düyü qiymətləri son 15 ilin ən yüksək səviyyəsinə çatıb.
Dünyada ikinci ən böyük düyü istehsalçısı olan Taylandda havaların quraq keçməsi və Hindistanın düyü ixracını qadağan etməsi Asiyada qiymətləri son 15 ilin ən yüksək səviyyəsinə çatdırıb.
Tayland Düyü İxracatçıları Assosiasiyasının məlumatına görə, Asiyada Taylandın ağ düyüsünün qiyməti 5 faiz artaraq 1 ton üçün 648 dollara çatıb. Bu da 2008-ci ilin oktyabrından bəri ən yüksək səviyyədir. Beləliklə, son bir ildə qiymət artımı demək olar ki, 50 faizə çatıb.
Düyü Asiya və Afrikada milyardlarla insanın qidalanması üçün vacibdir. Qiymət artımının bu bölgələrdə inflyasiyaya təzyiqləri artıracağı gözlənilir.
Digər tərəfdən, Taylandda səlahiyyətlilər quraqlıq hava səbəbindən fermerləri daha az suya ehtiyacı olan məhsul yetişdirməyə təşviq etməyə çalışırlar.
Hindistandan düyü ixracına qadağa...
Dünyanın ən böyük düyü ixracatçısı olan Hindistan “Basmati” istisna olmaqla, digər ağ düyü sortlarının ixracına qadağa qoyub. Qadağan olunmuş sortlar ümumi düyü ixracının 25 faizini təşkil edir.
Hindistanın Qida Nazirliyi tərəfindən iyulun 23-də verilən açıqlamada, daxili qiymət artımlarının qarşısını almaq üçün “Basmati” istisna olmaqla, digər ağ düyü sortlarının xaricə satışının dərhal dayandırılacağı bildirilib.
Bu il ölkəmizdə düyünün orta idxal qiyməti 50 dollar bahalaşıb
Qeyd edək ki, bu il Azərbaycana xaricdən gətirilən düyü bahalaşıb. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 32 milyon 506 min dollar dəyərində 36 min 430 ton düyü idxal edilib. Bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə düyü idxalı dəyər ifadəsində 22,1%, miqdar ifadəsində 15,3% artıb.
2023-cü ilin 6 ayında 1 ton düyünün orta idxal qiyməti 892 dollar olub. Keçən ilin 6 ayında isə 1 ton düyünün orta idxal qiyməti 842 dollar təşkil edib. Beləliklə, bu il düyünün orta idxal qiyməti 50 dollar bahalaşıb.
Xatırladaq ki, bundan öncə iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, dünyada düyü istehlakının 90 faizi Cənub-Şərqi və Şərqi Asiya ölkələrinin (Çin, Hindistan, İndoneziya, Tailand və s.) payına düşür. Düyü istehsalında da Cənub-Şərqi və Şərqi Asiya ölkələri öndə gedir. Hazırda həmin ölkələrdə düyü istehsalında azalma baş verir və səbəb daşqınlar, musson yağışlarıdır. Pakistan bir neçə ay bundan öncə düyü ixracına məhdudiyyət də qoyub, çünki bu ölkədə istehsal 30 faizdən çox aşağı düşüb. Bundan başqa, düyü həm də buğdanın əvəzedicisidir. Ukraynada baş verən hadisələrdən sonra buğdanın kəskin bahalaşması dünyada düyüyə olan tələbatı da artırıb. Buğda bahalaşanda insanlar düyüyə üstünlük verməyə başlayırlar.
"Bahalaşmanı Azərbaycan bazarında da hiss edəcəyik"
Ekspert bildirib ki, dünyada düyünün qiymətində artım olacaq: "Düyü qiymətləri yavaş-yavaş qalxır. Bu bahalaşmanı Azərbaycan bazarında da tədricən hiss edəcəyik. Azərbaycanda düyü qıtlığı olmayacaq, lakin qiymət təxminən 20-30 faiz artacaq. Ölkəmizdə daha çox buğda istehlak olunur".
Çəltik becərilməsinə görə fermerlərə 360 manat subsidiya verilir
Çəltikçilik ölkənin ərzaq təhlükəsizliyi zəncirində önəmli yer tutur və çəltik bitkisi Azərbaycanda ənənəvi becərilən bitki hesab olunur. Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltik becərilən sahənin hər hektarına görə, fermerlərə 360 manat əkin subsidiyası verilir.
2025-ci ildə istehsal 40 min tona çatdırılacaq
2018-ci ildə "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək.
Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq hektara 40 sentner olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
plov - Sputnik Azərbaycan, 1920, 19.07.2023
İQTİSADİYYAT
Azərbaycan plovunun qara günləri başlayır: Dünyada düyünün qiyməti pik həddə çatıb
Xəbər lenti
0