Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Səksənlərdə Azərbaycanda doğulan uşaqlara bu tamaşadakı obrazların adları qoyulurdu

© Photo : YouTube / Hasanaga MammadovBağışla televiziya tamaşasından kadr
Bağışla televiziya tamaşasından kadr - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
Baş rollarını Yaşar Nuri və Firəngiz Mütəllimovanın oynadığı məşhur üçhissəli televiziya film-tamaşasının ekranlara çıxmasından 40 il ötür.
BAKI, 07 avqust — Sputnik. Bu il "Bağışla" tammetrajlı televiziya film-tamaşasının ekranlara çıxmasında 40 il keçir. 40 il öncə bütün Azərbaycana səs salan film-tamaşasının rejissoru Əməkdar incəsənət xadimi Tariyel Vəliyev olub. Mərhum rejissorun quruluşunda çəkilən ekran işi Azərbaycan Televiziyasında istehsal edilmişdi. Həmin dövrlərdə doğulan uşaqlara tamaşanın qəhrəmanlarının adları - Elçin və Gülnar adı verilirdi. Biz də əsərin əsas qəhrəmanı olan Gülnarla - Firəngiz Mütəllimova ilə birlikdə 40 il əvvələ qiyabi səyahət etdik.
Firəngiz Mütəllimova onu həmin televiziya tamaşasına Tariyel Vəliyevin seçdiyini deyib:

"Tariyel müəllim məni dəvət etdi. Sonra yazıçı Aslan Qəhrəmanov (ssenari müəllifi) da demişdi ki, birinci məşqdə hər şey aydın olacaq. Məşq prosesində heç beş dəqiqə keçməmişdi ki, o, əlini stola vurub "əsl mənim yazdığım Gülnardı" dedi. Sonra teatr bədii şuradan keçdi. Birinci "Səni axtarıram", "Bağışla", sonra da "Səndən xəbərsiz". "Bağışla" və "Səndən xəbərsiz" tamaşaçıların xahişi ilə yazıldı, çəkildi. Ancaq əvvəl "Səni axtarıram" idi".

Firəngiz xanım o dövrlərdə seriallar çəkilmədiyini, ekran işinin Azərbaycanda ilk çox hissəli serial olduğunu qeyd edib. Bundan başqa, televiziya tamaşasının bəzi hissələri pavilyondan kənarda, təbiətdə çəkilib ki, bu da Azərbaycan televiziya tamaşaları üçün ilk idi:
"Azərbaycan televiziyası ilk dəfə həm üçhissəli serial çəkilişi, həm də natura çəkilişlərini etdi. Natura çəkilişləri Botanika bağında aparıldı. Bu da tamaşaçılarda böyük maraq yaratdı. Tamaşa da çox sevildi. Biz o vaxtlar qastrollarda olanda Yaşarla (Yaşar Nuri - red.) məni görüşlərə dəvət edirdilər. Orada bizə gül bağışlayanda ona nar da bağlayırdılar: yəni "Gül-nar"".
Aktrisanın sözlərinə görə, 80-90-cı illərdə Azəörbaycanda doğulan uşaqların əksəriyyətinin adı Gülnar və Elçindir. Bu da sözügedən tamaşanın uğurunun və tamaşaçı tərəfindən sevilməsinin göstəricisi idi:
"İnsanlar bizi sevirdilər. Hara gedirdiksə, deyirdilər ki, uşağımızın adını Gülnar qoymuşuq, ya da Elçin qoymuşuq. Bu bizim üçün də bir yenilik olmuşdu. Düzdür, çəkilişlərdə çox çətinlik çəkirdim. Həm natura, həm dekorasiya. Elə yer var idi ki, alınmırdı. İlk çəkilişim idi. Orada dönmə səhnələri var idi ki, 30 dəfə çəkilirdi. Mənim də qanım qaralırdı. Onda rəhmətlik Tariel müəllim deyirdi ki, "sən ona baxanda deyəcəksən ki, bilsəydim 50 dəfə dönərdim". Sonralar fikirləşirdim ki, rəhmətlik düz deyirdi".
F.Mütəllimov ikinci tamaşa ilə bağlı da bir xatirəsini danışıb:

"Orada bir səhnə mətbəxdə Flora xanımın oxuduğu mahnının sədaları altında çəkilirdi. Mən ağlamalı idim, ancaq ağlaya bilmədim. Evə gəldim, necə ağladımsa, bir də gördüm həyət qapısı döyülür. Açanda gördüm Tariyel müəllimdir. Gözlərimdən yaş axırdı. O dedi ki, "mən elə belə də bilirdim, sən evə gələn kimi ağlamağa başlayacaqsan". Tez məni maşına mindirdi, ev paltarında çəkilişə getdik. Orada məni kresloya oturtdular, nə qədər elədilər, sakitləşdirə bilmədilər".

O dövrdə Elçinlə Gülnarın sevgisi dillərə dastan olmuşdu. Tamaşadan sonra rolların baş qəhrəmanları haqqında şayələr yayılmağa başladı. Tamaşaçılar Yaşar Nuri və Firəngiz xanımın arasında sevgi olduğunu zənn edirdilər. Lakin Firəngiz xanım belə bir sevgi münasibətinin olduğunu təkzib etdi:
"Yaşarın xanımı Rəhimə ilə çox yaxın olmuşam. Onlar məni yaxşı tanıyırdılar. Həm də Yaşarı tanıyanlar bilir ki, onun telefonunun üzündə Rəhimənin şəkli dayanırdı. Rəhiməni çox sevirdi. Hər zaman ailəsi, evi üçün çalışırdı. Amma biz yaxın dost olmuşuq. Hər dəfə tədbirə getməmişdən qabaq Rəhimə axşamdan mənə zəng edib soruşurdu ki, sabah nə rəngdə geyinəcəksən? Deyirdim, niyə soruşursan? Deyirdi ki, Yaşara o rəngdə kostyum alım, ikiniz bir geyinin. Kənarda o qədər söz danışırlar ki. Belə şey heç vaxt ağlımıza da gəlməyib. Sadəcə biz rolumuzu o qədər təbii oynamışıq ki, tamaşaçıları qınamıram".
Aktrisa kimi serialları, həyati filmləri çox sevdiyini vurğulayan Mütəllimova onlara baxanda ağladığını deyır: "Deyirlər ki, sən özün də aktrisasan, niyə ağlayırsan? Deyirəm, aktrisa o hissləri yaşayır. Yaşayanda səni ağladır, yaşamayanda ağlatmır. Hər ağladana da mən ağlamıram. Aktrisanın ən böyük işi ağlada bilməkdir. Bəzən özü ağlamır, amma öz monoloqunu elə deyir ki, onu seyr edən tamaşaçı ağlayır. Bu professionallıqdan irəli gəlir".
Mütəllimova 40 il əvvəlki tamaşanın populyarlığından danışarkən, son dövrlər çəkilən film və serialların keyfiyyətindən də şikayətlənib:

"İndi bu sahədəki vəziyyət acınacaqlıdır. Ekran işlərinə naşı aktyorları çəkirlər deyə, serial və filmlər tamaşaçıları cəlb etmir. O zamanlar ancaq professional aktyorları çəkirdilər. Çünki çəkilən iş bədii şuradan keçirilirdi. Bəzən olub ki, aylarla üzərində məşq elədiyim tamaşa heç bədii şuradan keçməyib. Amma indi zaman dəyişib, özəl kanallar yaradılıb, kim harada nəyi, necə istəsə, çəkir. O vaxtlar isə bir çəkiliş olanda, səhərdən axşama qədər evdən bayıra çıxa bilmirdin, çünki, bütün Azərbaycan səni tanıyırdı. Cəmi bir telekanal var idi, hamı ona baxırdı. Amma indi tələbat çoxdur, hamı da məşhur olmaq istəyir".

Aktrisa deyir ki, indi türk seriallarına baxmağa üstünlük verir. Öz seriallarımıza isə ancaq tanıdığı aktyor oynayanda baxır:
"Heç özüm oynadığım seriala da baxmırdım. Yaradıcı insan elə olur ki, teatrda işi olmayanda nə iləsə başını qatır, filmə çəkilir. Mən arzu edirəm ki, Azərbaycanfilm kinostudiyası qaydasına düşsün. Yenə əvvəlki kimi çəkilək, sınaq çəkilişlərinə gedək. Qarabağla bağlı, qələbəmizlə, tariximizlə bağlı filmlər çəkilsin, mən də orada məmnuniyyətlə rol alım".
Məlumat üçün bildirək ki, "Bağışla" tammetrajlı televiziya film-tamaşası rejissor Tariyel Vəliyev tərəfindən 1983-cü ildə Azərbaycan Televiziyasında ekranlaşdırılıb. Filmdə Elçinin institut direktorunun müavini təyin olunması hadisələrin mexaniki şəkildə və görünməz qüvvələr tərəfindən idarə edilməsinə səbəb olur. Burada birinci hissədə yalnız adı hallanan Vasif (Rafael Dadaşov) obrazı yeni konteksdə təqdim edilir. İnstituta qayıdan Elçin yenidən Gülnarla (Firəngiz Mütəllimova) qarşılaşır, söz-söhbətlər yenidən bir-birinə calanır. Tamaşada əsas rolları Firəngiz Mütəllimova, Yaşar Nuri və Rəfael Dadaşov ifa edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0